Ekskluziv
297
15:22, Bu gün

"ABŞ-ın geri çəkilməsi fonunda yeni reallıq: Ukrayna üçün alternativlər, Amerika üçün risklər" - "Financial Times"

 
Vaşinqtonun mövqeyi zəiflədikcə Avropa boşluğu doldurmağa çalışır, ABŞ isə həm geosiyasi, həm də iqtisadi risklərlə üz-üzə qalır.
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
 
ABŞ dəstəyi azalsa da, Ukrayna tam tək qalmır
 
ABŞ-ın Ukraynaya hərbi və siyasi dəstəyi azaltması Kiyev üçün ciddi zərbə sayılsa da, bu, bir il əvvəl düşünüldüyü qədər kritik olmaya bilər. Avropalı rəsmilərin fikrincə, bu addım Rusiyanı daha da cəsarətləndirə bilər, lakin alternativ mexanizmlər artıq formalaşır.
 
Nəşr xatırladır ki, ABŞ ötən il kəşfiyyat məlumatlarının paylaşımını müvəqqəti dayandıranda Avropa ölkələri öz resurslarını səfərbər edərək boşluğu qismən doldura bilmişdi. 
 
Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, hazırda Ukraynaya ötürülən kəşfiyyat məlumatlarının təxminən üçdə ikisi Paris tərəfindən təmin olunur. Qərbli rəsmilər hesab edir ki, Kiyevin ABŞ kəşfiyyatından asılılığı bir neçə ay ərzində əhəmiyyətli dərəcədə azaldıla bilər.
 
Silah və HHM: asılılıq azalır, amma hələ bitməyib
 
Ukrayna hələ də ABŞ silah ehtiyatlarına, xüsusilə HHM sistemlərinə ehtiyac duyur. Bununla belə, müharibənin getdikcə dronlara söykənməsi və yerli hərbi sənayenin sürətli inkişafı bu asılılığı zəiflədib. Hazırda ölkə hərbi ehtiyaclarının təxminən 60 faizini daxili istehsal hesabına ödəyir.
 
Nəşr qeyd edir ki, HHM sahəsində də alternativlər ortaya çıxır. Bu il Ukraynanın Fransa-İtaliya istehsalı olan uzaqmənzilli SAMP/T NG sistemlərinin ilkini alması gözlənilir. Paris bu sistemlərin texniki baxımdan "Patriot"dan üstün olduğunu iddia etsə də, onların real döyüş şəraitində hələ sınaqdan keçirilmədiyi vurğulanır. 
 
"Foreign Affairs" isə yazır ki, ABŞ-ın təhlükəsizlik zəmanətlərindən geri çəkilməsi ehtimalı fonunda Avropa Ukraynanın hərbi potensialını uzunmüddətli perspektivdə qorumaq üçün daha konkret plan təqdim etməlidir.
 
ABŞ iqtisadiyyatı üçün risklər dərinləşir
Geosiyasi zəifləmə fonunda ABŞ iqtisadiyyatı ilə bağlı da xəbərdarlıq siqnalları artır. Amerikalı iqtisadçı Piter Şiff bildirir ki, ABŞ maliyyə sistemi 2008-ci ildən də ağır ola biləcək böhrana doğru gedir və bu proses əsasən Amerikanın özünə xas olacaq.
 
Onun fikrincə, dollar ətrafında formalaşmış "köpük" partlamağa yaxındır, mərkəzi banklar dollardan uzaqlaşıb qızıla yönəlir və bu, ABŞ hökumətinə açıq etimadsızlıqdır: "Qızılın tavanı yoxdur, çünki dolların dibi yoxdur". 
 
Analitiklər hesab edir ki, Vaşinqtonun həm iqtisadi, həm də geosiyasi mövqelərinin zəifləməsi yeni reallıq yaradır: ABŞ geri çəkildikcə, Avropa daha çox məsuliyyət götürməli, Ukrayna isə öz gücünə daha çox arxalanmalı olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər