Rusiya - Ukrayna münaqişəsində yeni səhnə: Gərginlikdən diplomatik masaya
Ekskluziv
525
15:10, Bu gün

Rusiya - Ukrayna münaqişəsində yeni səhnə: Gərginlikdən diplomatik masaya

Rusiya–Ukrayna münaqişəsində diplomatik cəhdlər yenidən gündəmə gəlib. Hərbi əməliyyatlarda Moskvanın irəliləyiş imkanlarının məhdudlaşması, həmçinin Qərb dövlətlərinin siyasi və iqtisadi təzyiqləri, Kreml üçün sülh danışıqlarını qaçılmaz edir. Bu fon, xüsusilə Əbu-Dabi kimi neytral məkanlarda danışıqlar prosesinə təkan verir və tərəflərin mövqelərini yenidən qiymətləndirməyə məcbur edir. Analitiklər bildirirlər ki, qarşıdakı mərhələdə hərbi realitələrin diplomatik masaya birbaşa təsiri böyük rol oynayacaq.

Moderator.az hazırkı geosiyasi vəziyyətlə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Politoloqun fikrincə, Rusiya–Ukrayna müharibəsi fonunda Əbu-Dabidə başlanan təmasların davam etdirilməsi Moskvanın mövcud hərbi reallıqlarla uzlaşmaq məcburiyyətindən irəli gəlir:

"Cəbhə xəttində istədiyi nəticəni əldə edə bilməyən Rusiya üçün danışıqlar artıq alternativ deyil, zərurətə çevrilib. Xüsusilə Kupyansk və Pokrovsk istiqamətlərində irəliləyişin dayanması, digər bölgələrdə isə hücum imkanlarının azalması Moskvanın mövqelərini zəiflədib. Canlı qüvvə və texnika itkilərinin artması bu vəziyyəti daha da dərinləşdirir və danışıqlar masasında Rusiyanın manevr imkanlarını məhdudlaşdırır.


Vaşinqtonun siyasi və iqtisadi təzyiq alətlərini sərtləşdirməsi Kreml üçün əlavə risklər yaradır. Belə bir ssenaridə Vladimir Putinin müəyyən güzəştlərə getməkdən başqa yolu qalmaya bilər. Hazırkı mərhələdə Moskva Donbas bölgəsində nisbi üstünlüyə malik olduğunu düşünür və bu ərazidə tam nəzarəti təmin etdikdən sonra atəşkəsi “qazanılmış nəticə” kimi təqdim etməyi hədəfləyir. Kreml bundan sonrakı mərhələdə isə regionda təzyiq siyasətini genişləndirməyi planlaşdıra bilər".

Məhəmməd Əsədullazadə əlavə olaraq bildirdi ki, Donbasla bağlı mümkün kompromislər Ukraynanın dövlətçilik perspektivləri üçün uzunmüddətli risklər yaradır:

"Krım və Xerson məsələləri isə hələlik real müzakirə predmetinə çevrilməyib. Bununla yanaşı, Rusiya da özünün getdikcə daha çətin vəziyyətə düşdüyünün fərqindədir. ABŞ administrasiyası isə Donbas məsələsində güzəşt müqabilində atəşkəs əldə etməyə çalışır.
Müharibənin uzanması Rusiya üçün ciddi yorğunluq və resurs itkisi yaradıb. Ölkənin iqtisadiyyatı və maliyyə sistemi yaxın gələcəkdə dərin böhran təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən Moskva işğal etdiyi ərazilərin heç olmasa bir qisminin hüquqi tanınmasına nail olmağa cəhd göstərir. Lakin nə Ukrayna, nə Avropa İttifaqı, nə də Böyük Britaniya bu yanaşmanı qəbul etməyə hazır deyil. Qərb paytaxtları Ukraynanın ABŞ və Rusiya arasında razılaşma yolu ilə bölünməsinə imkan vermədi.
Əgər Kiyev qarşıdakı aylarda cəbhə xəttində Rusiyanı dayandıra və ona əlavə itkilər yaşada bilsə, Kreml atəşkəsə razılaşmaq məcburiyyətində qala bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər