Ekskluziv
193
10:50, Bu gün

"ABŞ İrana qarşı müharibəyə başlamayacaq..."-ANALİTİK

“Sülh Şurası yaradıldıqdan sonra ABŞ-ın İrana qarşı müharibəyə girməsi ehtimalı azdır. Bu, yeni təşkilatın ideologiyasına ziddir...”
 
“Zbiqnev Bjezinskinin "Böyük Şahmat Lövhəsi" kitabında ABŞ liderlərinə verdiyi təlimatı xatırlayıram: İranla qarşıdurmadan çəkinin və onu 1960-cı illərin münasibətləri çərçivəsinə qaytarın. Əks təqdirdə, III Dünya müharibəsi başlayacaq...”
 
“Biz, azərbaycanlılar İrandakı vəziyyətlə hər kəsdən daha çox maraqlanırıq. Bu, 50 milyondan çox azərbaycanlının yaşadığı qardaş ölkədir və yeri gəlmişkən, onlar təsisçi dövlətdir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq siyasi analitik Tahir Cəfərlinin bu günlərdə pozitsiya.com nəşrinə verdiyi müsahibəsinin tərcüməsini dəyərli oxucuların müzakirəsinə buraxır:
 
“Bu siyasi analitikin proqnozları çox vaxt ağlasığmaz görünür. Amma illər keçir və bu proqnozlar gerçəkləşir. Artıq bir çoxları bu proqnozları unutmağa üstünlük versə də, biz onları xatırlatmaq və onunla mövcud beynəlxalq vəziyyət barədə danışmaq qərarına gəldik. Bugünkü müsahibimiz Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru, professor Tahir Cəfərlidir.
 
- Tahir müəllim, 2021-ci ildə 15 sentyabr 2023-cü ilə qədər Qarabağda bir nəfər də olsun erməni qalmayacağını proqnozlaşdırmışdınız. Qarabağdakı erməniləri Rusiya sülhməramlı qüvvələri qoruduğu üçün heç kim sizin arqumentlərinizə inanmırdı. Amma bu, baş verdi. Sonra, 2023-cü ilin sentyabrında Rusiya sülhməramlılarının 2024-cü ilin aprelinə qədər Qarabağı tərk edəcəyini proqnozlaşdırdınız və bu, gerçəkləşdi.
 
Bir vaxtlar SSRİ-nin dağılmasından sonra BMT-nin əhəmiyyətini itirəcəyini demişdiniz. İndi isə Sülh Şurasının yaradılması bu həqiqəti sübut edir. Buna görə də redaksiya heyətimiz bu tarixi məqamda çoxlarını maraqlandıran suallarla sizə müraciət etmək qərarına gəldi.
 
-Bu gün İranda baş verən hadisələrlə əlaqədar olaraq bir çox siyasətçi soruşur: "Müharibə olacaqmı?"
 
- Davos Beynəlxalq İqtisadi Forumunda qlobal birliyi ABŞ Prezidenti Donald Trampın təklif etdiyi yeni bir təşkilat seçməyə məcbur edən hadisələr baş verdi. Artıq 50-dən çox ölkə sözdə "Sülh Şurası"nda birləşib və onların bir çoxu hətta milyard dollarlıq üzvlük haqqı ödəyib.
 
Donald Trampın inanılmaz siyasi addımı sayəsində dünya faktiki olaraq beynəlxalq münasibətlərin yeni bir dövrünə qədəm qoyub.
 
Beynəlxalq münasibətlər tarixində bu cür hadisələr çox azdır. Davosda baş verənləri anlamaq üçün 20-ci əsrin tarixinə nəzər salmalıyıq.
 
Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası yaradıldı, lakin İkinci Dünya Müharibəsindən sonra əhəmiyyətini itirdi. BMT üç gücün təşəbbüsü ilə yaradıldı. SSRİ-nin dağılmasından sonra heç bir dövlətin qərarlarını ciddiyə almadığı və qətnamələri yerinə yetirilməyən amorf bir təşkilata çevrildi.
 
Bu təşkilatı islahat etmək üçün haqlı çağırışlar oldu və bəzi ölkələr hətta bu mövzuda müxtəlif konfranslar keçirdilər. Qazaxıstan Prezidenti Tokayevin rolu və təşəbbüsləri bu baxımdan xüsusilə diqqətəlayiqdir.
 
Hər halda, "Sülh Şurası" yaradıldıqdan sonra belə, beynəlxalq ictimaiyyətin BMT-də islahat aparmaq imkanı var.
 
Lakin, çox güman ki, ABŞ Sülh Şurasının səlahiyyətlərini genişləndirməyə davam edəcək və bununla da BMT-ni geridə qoyacaq. Bu, artıq baş verir.
 
ABŞ-ın Davosdakı təşəbbüsü beynəlxalq ictimaiyyət üçün gözlənilməz oldu. Bu, aparıcı ölkələrin media xəbərlərindən də görünür.
 
Eyni zamanda, iqtisadi forumda iştirak edən dövlət başçılarının əksəriyyəti Sülh Şurasına qoşuldu. Bu, beynəlxalq ictimaiyyətin dünyanın bir çox həll olunmamış və təcili problemlərini həll edə bilən ciddi bir beynəlxalq təşkilata ehtiyacı olduğunu göstərir.
 
Prezident Donald Trampın Ukrayna və Qəzzada sülh məsələsinin həlli ilə bağlı açıqlaması ABŞ-ın bu yeni təşkilatdakı mövqeyini və nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bu, həmçinin ABŞ-ı Vaşinqtonun istədiyi kimi, bu təşkilata qoşulan ölkələrin siyasi və iqtisadi davranışlarını diktə edən güc mövqeyinə qoyur.
 
Sülh Şurası yaradıldıqdan sonra ABŞ əsas geo-siyasi məqsədi yer üzündə sülh və sabitliyi təmin etmək olan sülhməramlı dövlətə çevrildi. Buna görə də, bu mərhələdə ABŞ Ukrayna və Qəzzada sülhü təmin etməyə və dünyanın digər bölgələrində gərginliyi azaltmağa çalışır.
 
Sülh Şurasının ideologiyası ABŞ-ın rəqiblərinə qarşı aqressiv siyasət yürütməsini faktiki olaraq qadağan edir. Bu təşkilatın görünən tərəfi ondan ibarətdir ki, ona qoşulan ölkələr münasibətlərini iqtisadi müqavilələr əsasında qurmalıdırlar.
 
Bu mərhələdə beynəlxalq ictimaiyyəti narahat edən İran məsələsi ABŞ üçün əsas əhəmiyyət kəsb edir. Sülh Şurası yaradıldıqdan sonra ABŞ-ın İrana qarşı müharibəyə girməsi ehtimalı azdır. Bu, yeni təşkilatın ideologiyasına ziddir. Sülh Şurasında ABŞ sülhməramlı kimi çıxış etməli və təşkilatının bu baxımdan ideologiyasını nümayiş etdirməlidir.
 
Nəticə etibarilə, ABŞ geo-siyasi münasibətlərini yalnız danışıqlar yolu ilə həll edə bilər.
 
Zbiqnev Bjezinskinin "Böyük Şahmat Lövhəsi" kitabında ABŞ liderlərinə verdiyi təlimatı xatırlayıram: İranla qarşıdurmadan çəkinin və onu 1960-cı illərin münasibətləri çərçivəsinə qaytarın. Əks təqdirdə, III Dünya müharibəsi başlayacaq.
 
Əslində Ukraynada və Yaxın Şərqdə hibrid müharibələr gedir və dünya faktiki olaraq III Dünya müharibəsinin astanasındadır. Buna görə də ABŞ prezidenti Donald Tramp ölkələrin iqtisadi inkişafı yolu ilə yer üzündə sülh və sabitliyin təmin edilməsi yükünü öz üzərinə götürüb. Bu yolla o, yeni dünya müharibəsinə səbəb ola biləcək qarşıdurmalardan qaçır.
 
Biz, azərbaycanlılar İrandakı vəziyyətlə hər kəsdən daha çox maraqlanırıq. Bu, 50 milyondan çox azərbaycanlının yaşadığı qardaş ölkədir və yeri gəlmişkən, onlar İranın dövlətyaradıcı millətidir...
Təbii ki, ABŞ-ın rejimi devirmək cəhdindən sonra İranla ABŞ arasındakı qarşıdurma kritik həddə çatdı. İndi isə Amerika bazasındən təsadüfən atılan tək bir raket belə ssenari İranın xammal bazası olduğu və iqtisadiyyatlarını dəstəklədiyi Çin, Rusiya, Əfqanıstan, Pakistan, Hindistan və digər ölkələri müharibəyə cəlb edə bilər.
 
Digər tərəfdən, yer üzündə sülh və sabitliyin təmin edilməsi üçün "Sülh Şurası"nda təsbit edilmiş yeni Amerika doktrinası Donald Trampın daha da irəli gedib İranda müharibə başlamasına mane olur.
 
Biz bunun belə olduğuna inanırıq. "Sülh Şurası"nda ABŞ qlobal problemləri həll etmək və iqtisadi münasibətlər vasitəsilə sabitlik yaratmaq üçün tam qadir olan super-güc kimi yeni bir potensial nümayiş etdirdi.
 
Bu baxımdan, Donald Tramp ölkələrin yeni dünya müharibəsinə doğru sürüşməsinin qarşısını ala biləcək böyük siyasətçi və iqtisadçıdır".
 
Bu, siyasi analitik Tahir Cəfərlinin fikridir. Analitikin hazırkı proqnozunun gerçəkləşib-gəlməyəcəyini görmək maraqlı olacaq. Cavabı tapmaq üçün qlobal hadisələri izləməyə davam etməliyik..."
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər