Cəlil Xəlilov: “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”
“907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması ABŞ-la Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır:
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində 907-ci düzəlişin dondurulması təmin edilib. Hansı ki, bu düzəliş Azərbaycanı ABŞ-dan birbaşa maliyyə yardımı və silah almaq imkanından məhrum edirdi.
Müzəffər Ali Baş Komandanın səyi nəticəsində 907-ci düzəlişin ədalətsizliyi, ləğvinin zəruriliyi və bu düzəlişin iki dövlət arasındakı münasibətlərin inkişafına ziyan vurması ABŞ ictimaiyyəti tərəfindən də aydın dərk edilməkdədir. Lakin Azərbaycanın məqsədi bu düzəlişi birdəfəlik ləğv etməkdir ki, bu da ABŞ konqresinin verəcəyi qərardan asılı olacaq. Bu məsələdə Tramp administrasiyasının öz imkanlarından istifadə edərək konqresə təsir göstərməsi olduqca vacibdir.
Heç kimə sirr deyil ki, bu gün ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Prosslərin gedişatı sübut edir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb.
Bu gün ABŞ prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi bu əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq ki, bu da həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”.
Seymur ƏLİYEV