"Kiyev təhlükəsizlik zəmanətləri olmadan ərazi güzəştlərini rədd edir, Vaşinqton isə sülh sazişini əsas şərt kimi önə çəkir..."
ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları fonunda Donbas məsələsi əsas maneə olaraq qalır.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Təhlükəsizlik zəmanətləri qarşılığında kompromis
Nəşr yazır ki, Vaşinqton təhlükəsizlik zəmanətlərini Kiyevin mümkün sülh razılaşmasına razılığı ilə bağlayır. ABŞ administrasiyası Ukraynaya açıq şəkildə bildirib: Amerikanın təhlükəsizlik zəmanətləri Donbasın bir hissəsi üzrə ərazi güzəştlərini nəzərdə tutan sülh sazişindən asılı ola bilər.
Mənbələrin iddiasına görə, əgər Kiyev hazırda nəzarət etdiyi bəzi şərq ərazilərindən qoşunlarını çıxarmağa razılaşarsa, Vaşinqton müharibədən sonrakı dövrdə Ukrayna ordusuna əlavə silah dəstəyi təklif edə bilər. Ağ Ev bu məlumatları rəsmi şəkildə təkzib etsə də, təhlükəsizlik zəmanətlərinin yekun sülh razılaşması ilə əlaqəli olduğunu inkar etmir.
Əvvəl zəmanət, sonra güzəşt
Prezident Vladimir Zelenski bildirib ki, ABŞ-ın Ukraynaya dair təhlükəsizlik zəmanətlərini əks etdirən sənəd artıq "100 faiz hazırdır" və Kiyev yalnız onun imzalanmasını gözləyir. Bununla belə, Ukrayna tərəfi Vaşinqtonun real öhdəlik götürəcəyinə getdikcə daha çox şübhə ilə yanaşır.
Ukraynalı rəsmilərin sözlərinə görə, ABŞ zəmanətlərin rəsmiləşdirilməsi mərhələsində geri çəkilir. Kiyev israr edir ki, təhlükəsizlik təminatları olmadan heç bir ərazi güzəşti mümkün deyil. Zelenski vurğulayır ki, ərazi bütövlüyü istənilən sülh razılaşmasının əsas şərti olaraq qalır.
Danışıqların davamı və Ağ Evin mövqeyi
Ağ Ev iddiaları "tamamilə yalan" adlandıraraq bildirir ki, ABŞ-ın rolu tərəfləri danışıqlar masasına gətirməkdən ibarətdir. Bununla belə, Vaşinqton təhlükəsizlik zəmanətlərinin sülh sazişi ilə bağlı olduğunu açıq şəkildə etiraf edir. 23-24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlar "tarixi" kimi dəyərləndirilib. Növbəti görüşün fevralın 1-də baş tutacağı gözlənilir.
Donbas və zaman amili
"The New York Times" yazır ki, danışıqlar ehtiyatlı nikbinliklə başa çatsa da, Donbas məsələsində Moskva və Kiyevin mövqeləri hələ də diametral şəkildə ziddir. Analitiklər Rusiyanın yeni danışıqlar formatından vaxt udmaq və əlavə sanksiyalardan yayınmaq üçün istifadə edə biləcəyi barədə xəbərdarlıq edir.