“Bu suala dəqiq cavab vermək üçün ABŞ-ın xarici siyasətini hansı cərəyanın müəyyən etdiyini bilməliyik. Əldə olan məlumatlar ona dəlalət edir ki, iki qruplaşma xarici siyasətə daha ciddi təsir göstərir...”
“Sana ağa dedik, büyük bildik, bir bildiyi vardır dedik, emir almadan iş yapmaz dedik, bizi aleme madara etmez dedik, sen bizi kepaze ettin...”- “Kurtlar vadisi” filmindən
Moderator.az aktuallığını nəzərə alaraq tədqiqatçı Araz Şəhrilinin “ABŞ hansı ölkəni vuracaq: İranı, yoxsa?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
Əvvəlki iki yazımızda (“İran İslam Respublikası süquta uğrayacaqmı” və “İran hakimiyyətinə qarşı “PKK” kartı, Qacar və Qaraqoyunlu şahzadələri”) ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatının bütün variantlarını təhlil etdik. Görünən bu oldu ki, həmin əməliyyatlar hətta ən yüksək səviyyədə planlaşdırılıb həyata keçirilsə belə, yenə də, böyük ehtimalla, heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq.
İran insani və maddi itkilərə bir o qədər də həssas dövlət deyil. Belə ölkələrin gücü həm də simvollardadır. İran dövləti uzun illər boyunca bir çox iranlının, əslində, ürəyindən keçəni edirdi. Livan, Suriya, İraq, Yəmən, situativ olsa da Qəzza bu və ya digər dərəcədə İranın təsiri altına düşmüşdü. Həmin ölkələrin hər birinin adı belə sıravi iranlıların bir hissəsi üçün İran dövlətinin böyüklüyünün, qüdrətinin simvoluna çevrilməyə başlamışdı. Amma qürur dövrü uzun sürmədi. ABŞ məhz bu rəmzləri aradan götürməklə İranla mübarizəni yeni müstəviyə keçirdi...
Əvvəlcə ABŞ-İsrail tandemi Livan “Hizbullah”ını taktiki məğlubiyyətə uğratdı. Vaxtilə yenilməz hesab edilən bu təşkilat çox aciz bir duruma salındı. Ardınca Türkiyə və suriyalı üsyançılar İranın zahiri müttəfiqi Bəşər Əsədi devirdilər. Bu arada İsrail Qəzzanı yer üzündən sildi. Düzdür, ”HƏMAS”ı döyüş meydanında məğlub edə bilmədi. Amma qeyd etdiyimiz kimi, Qəzza artıq yoxdur!..
Beləliklə, indi növbə kimindir?..
Bu suala dəqiq cavab vermək üçün ABŞ-ın xarici siyasətini hansı cərəyanın müəyyən etdiyini bilməliyik. Əldə olan məlumatlar ona dəlalət edir ki, iki qruplaşma xarici siyasətə daha ciddi təsir göstərir:
1) Qlobalistlər.
2) Məsihçilər.
Bəri başdan vurğulayaq ki, qlobalistlər Rusiya Federasiyasını(RF) ABŞ-ın əsas rəqibi kimi görürlər və məhz bu baxışı xarici siyasətdə özləri üçün çıxış nöqtəsi hesab edirlər. Onların İrana mənfi münasibətinin əsas səbəbi İİR-in RF ilə əməkdaşlıq etməsidir.
Beləliklə, həlledici söz qlobalistlərə məxsusdursa, yalnız bir ssenari reallaşacaq:
1) Münaqişə elə güc nümayişi ilə də yekunlaşacaq. Bu variant baş versə, aydın olacaq ki, ABŞ-da iki qruplaşma arasında şiddətli mübarizə gedir. Donanmanı məsihçilər göndəriblər, atəş açmağı isə qlobalistlər qadağan ediblər.
2) İndi isə keçək məsihçilərə… Onlar üçün prioritet məsələ İsrailin təhlükəsizliyidir. Çünki yalnız bu amil İsa Məsihin gəlişinin ilk vacib əlamətini - dünyada yaşayan bütün yəhudilərin İsrailə yığılması kimi təzahürü ortaya çıxara bilər.
ABŞ-ın xarici siyasətilə bağlı qərarı məsihçilər verirsə, iki variantımız qalır:
1) Heç nəyə baxmayaraq, “bəlkə” alındı ümidilə İranı vuracaqlar. Məqsəd isə yalnız Rza Pəhləvini hakimiyyət başına gətirmək olacaq. Amma bu dəfə prezident kimi… Bu ehtimal barədə daha geniş məlumat əvvəlki yazılarımızdadır.
2) Zərbə Yəməndəki “Ənsarullah” hərəkatına endiriləcək. Ardınca Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr Sənanı və digər şəhərləri ələ keçirməyə çalışacaqlar. Bir sözlə, Suriya əməliyyatı bir qədər başqa formatda Yəməndə təkrarlanacaq.
Lakin onu da qeyd edək ki, Şimali Yəməndə vəziyyət ABŞ və müttəfiqləri üçün o qədər də əlverişli deyil. Suriyadan fərqli olaraq, Şimali Yəmən əhalisinin çoxu öz rəhbərinə nifrət etmir, əksinə, ona sadiqdir. Şimali yəmənlilər dünyanın ən cəsur və döyüşkən xalqlarından biridir. Bu günədək, demək olar ki, heç bir qüvvə müharibə meydanında onlara qalib gələ bilməyib...
Haşiyə:
Səudiyyə Ərəbistanının son aylarda fəallığının artması, müxtəlif ölkələrdən çoxlu silah alması, Birləşmiş Ərəb Əmirlikləri və İsrailin Yəməndə dəstəklədiyi qüvvələri darmadağın edib Cənubi Yəməni birləşdirməsi dolayısı ilə bu ehtimalı gücləndirir..
Belə isə, nə üçün ABŞ özünün zərbə qruplaşmasını Şimali Yəmənə birbaşa çıxışı olan Ədən körfəzində deyil, İran körfəzində cəmləşdirir? Bunun mümkün səbəbləri:
1) Rəqibi azdırmaq və zərbəni gözlənilməz etmək;
2) Yəmənlilərin cavab atəşinin effektliliyini azaltmaq.
Şimali Yəmən aşağıdakı səbəblərə görə hədəf seçilə bilər:
1) Donald Trampın şəxsi keyfiyyətləri... Belə ki, onun prezidentliyi dövründə ABŞ, demək olar ki, heç bir ağır müharibə aparmayıb. Əksinə, Əfqanıstandakı yorucu müharibə dayandırılıb. Bu baxımdan İranla müharibə daha qanlı, nəticəsi kifayət qədər dumanlı ola bilər. Şimali Yəməndə isə “parlaq qələbə” qazanmaq şansı var...
2) Yəmən əməliyyatı İsrailə və bölgənin digər ölkələrinə yükdaşımalarını daha təhlükəsiz edə bilər.
3) İstənilən halda ABŞ ciddi bir risqə məruz qalmadan İrana çox ağır mənəvi zərbə vuracaq...
4) ABŞ özünün yaxın müttəfiqi Səudiyyə Ərəbistanının xahişini yerinə yetirəcək.
Bəs “Ənsarullah”ın vurulması İrandakı vəziyyətə necə təsir göstərə bilər? Zənnimizcə, ABŞ və müttəfiqləri “Ənsarullah”ı tam məğlub edə bilsələr, İran əhalisi belə bir sualı getdikcə daha da artan şiddət və hiddətlə verməyə başlayacaq: “Livan, Qəzza, Suriya, İraq və Yəməndə bu qədər pul və can niyə hədər oldu?..”
İran 2011-ci ildə ciddi sanksiyalara məruz qaldı. Lakin elə həmin ildən başlayaraq İslam inqilabının ixracına yönəlmiş xərcləri artırdı. Təkcə Suriyada, yalnız rəsmi rəqəmlərə görə, Bəşər Əsəd rejimi yıxılanadək 50 milyard dollar sərf edildi. Bu ölkədə 5.000-dən çox şiə döyüşçüsü həlak oldu. Hər il Livan “Hizbullah”ına 700 milyon dollar, Qəzzada “HƏMAS”a 100-350 milyon dollar göndərilir. İraqda 2003-cü ildən “Kətaib Hizbullah”a və 2006-cı ildən “Əsaib Əhləl Haqq”a, Yəməndə “Ənsarullah”a xeyli maddi yardım göstərilir. Həmçinin Yaponiya və Nigeriya kimi ölkələrdə külli miqdarda pullar xərclənir. Bu gün artıq aydındır ki, İran rəhbərliyinin vaxtilə böyük ümidlər bəsləyərək həyata keçirdiyi həmin layihələrin, demək olar ki, hamısı uğursuzluqla yekunlaşıb. Qürur mənbəyi kimi qalan yerlər Şimali Yəmən və İraqdır...
Ədalət naminə qeyd edək ki, sülhün, sabitliyin hökm sürdüyü ölkələrə qoyulmuş vəsait daha səmərəli nəticə verib. Məsələn, 2010-cu ildə Yaponiyada cəmi 110.000 müsəlman yaşayırdı. Artıq 2019-cu ildə bu rəqəm 230.000-ə çatdı. Hazırda yəqin ki, 300.000 civarındadır. Onların əksəriyyəti müsəlman ölkələrindən gəlmiş miqrantlar olsa da, aralarında yaponlar da var. Həmin yaponların bir hissəsi ərəb ölkələrindən gəlmiş dəvətçilərin sayəsində cəhalət zülmətindən qurtularaq haqq yoluna çıxa bilib. Amma hər bir halda yüzlərlə yaponun İslam dinini qəbul etməsində iranlı dəvətçilərin də rolu danılmazdır...
Amma Yaponiya ilə bağlı başqa məlumat da var. İran parlamentinin keçmiş deputatı Xəsaməddin Fələxt-Peşidə deyir ki, hər il Yaponiyada İslam dininin təbliğinə milyardlarla rial (1 milyard rial = 40.482 dollar) xərclədik. 6 il ərzində bu qədər əziyyət və zəhmətimizə rəğmən cəmi bir nəfəri hidayət edə bildik. O da heç yapon deyildi...
Yazımızı Türkiyənin məşhur “Kurtlar vadisi” serialından əfsanəvi Palanın döyüşçüsü Bedirin Palaya ünvanladığı bu sözlərlə bitiririk:
“Sana ağa dedik, büyük bildik, bir bildiyi vardır dedik, emir almadan iş yapmaz dedik, bizi aleme madara etmez dedik, sen bizi kepaze ettin...”
Adətən böyük bir uğursuzluq baş verəndə insanların əhəmiyyətli bir hissəsi təxminən belə düşünür, buna bənzər ifadələri dilə gətirir və onlara uyğun da hərəkət edir. O cümlədən, iiranlıların da əksəriyyəti şübhəsiz ki, fərqli münasibət göstərməyəcək. Amma belə fikirləri adətən yalnız tam məğlubların üzünə vururlar. Qalibləri heç kim mühakimə etmir. Hələlik isə, kimin qalib gələcəyi bir o qədər də bəlli deyil!..
Müəllif: tədqiqatçı Araz Şəhrili