Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda rüşvət və korrupsiyaya qarşı prinsipial mübarizənin aparıldığı hər kəsə məlumdur. Məhz bu mübarizənin nəticəsidir ki, hər il Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq orqanları xeyli sayda məmuru bu ittihamlarla məsuliyyətə cəlb etməkdədir.
Həbs edilən şəxslər arasında icra başçılarından tutmuş nazirlik yetkililərinə kimi iri ranqlı məmurlar yer alır ki, bu da korrupsiyaya qarşı mübarizənin total xarakter daşıdığını, heç kimin bu mübarizədən kənarda qalmadığını göstərir. Lakin rəsmi ittihamlar və mediada yer alan məqalələr əsasında aparılan araşdırmalar sübut edir ki, həbs edilən məmnurların bir çoxu vəzifədə olduğu müddətdə xalqdan ourladıqları pulların böyük bir qismini xarici ölkələrə çxıarıb, bu ölkələrdə dəyəri yüz min və ya milyonlarla hesablanan əmlaklar alıblar. Hansı ki, bu şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir. Bu, qanunla yanaşı, ədalətin də təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Baxmayaraq ki, bu sahədə hələ ki, ciddi uğura nail olmaq mümkün olmayıb.
Azərbaycan pulları hesabına zənginliyinə zənginlik qatan Dubay və London...
Mediada yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan məmurları büdcədən oğurladıqları vəsaitləri daha çox Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliyinə daşıyır, burada böyük malikanələr, restoran və otellər almaqla özlərinin və ailələrinin gələcəklərini bu ölkələr bağlamağa çalışırlr. Bu baxımdan korrupsioner məmurlar Böyük Britaniyanı “təhlükəsizlik və ya toxunulmazlıq adası” kimi dəyərləndirir, bu ölkəyə xüsusi maraq göstərirlər. Baxmayaraq ki, proseslərin sonrakı gedişatı Britaniyanın heç də oğurluq pulların taleyi baxımından təhlükəsiz yer olmadığını, əksinə, rəsmi Londonun özünün bu cür qanunsuz əmlaklara əl qoyduğunu göstərir.
Britaniyanın ələ keçirdiyi 30 milyonluq sərvət
Buna nümunə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirəsi faktını göstərmək olar. Bu fakt Britaniyanın oğurluq pullar üçün əbədi məzar olduğunu, İngiltərə hkumətinin bu vəsaitləri öz büdcəsinə çox uğurla daxil etdiyini göstərir. Halbuki, bütün hüquqi əngəllərə rəğmən, məlum vəsaitlərin Britaniya deyil, Azərbaycan tərəfindən müsadirəsi daha məqsədəuyğun və ədalətli olar. Çünki bu vəsait Azərbaycan xalqına, Azərbaycan dövlətinə məxsusdur və bu səbəbdən də onun geriyə - Azərbaycana qaytarılmasıdnan daha məntiqli bir şey ola bilməz.
Dubay – oğurluq pulların başqa bir ünvanı
Bugünə qədərki araşdırma və müşahidələr sübut edir ki, korrupsioner məmurların ən çox üz tutduqları şəhərlərdən biri də Dubaydır. Dubayda daşınmaz əmlaka sahib olmaq, öz pullarını Dubay banklarında saxlamaq gəlirli olduğu qədər də perestijli hesab edilir. Məhz bu səbəbdən də korrupsioner məmurlar bu şəhərə xüsusi maraq göstərir, burada mülk əldə etmək, mövqe sahibi olmaq uğrunda mübarizə aparırlar.
Təsadüfi deyil ki, mərhum millət vəkili Yevda Abramov hələ 3 fevral 2017-ci ildə Modern.az saytına müsahibəsində məmurların bəzilərinin Dubay banklarında vəsaitinin olduğunu bildirib, bu vəsaitlərin geri qaytarılmasının vacibliyinə toxunub:
“Cənab prezident özü də məmurlara xəbərdarlıq edib ki, onlar xalqa xidmət etmək üçün vəzifələrə təyin olunub. Mən buna görə məmurlara səsləndim ki, bir il, iki il tamah gözünüzü batırın.
Mesaj verdim ki, əllərinizdəki pulları investisiya kimi ölkə iqtisadiyyatına yatırın. Bildirdim ki, Azərbaycanı dirçəldək. Azərbaycanın maliyyə-bank sistemində böyük çətinliklər var. Bu çətinlikləri isə məmurlar yaradıb. Qonşu Rusiya, Qazaxıstana fikir verin. Bu ölkələr milli valyutalarının qiymətlərini necə gözəl tənzimləyiblər! Amma biz tənzimləyə bilmədik. Heç tənzimləyə də bilmirik.
Vəziyyətdən çıxış yolu kimi, variantlardan biri budur ki, bazara çoxlu dollar çıxarılsın. Dollarlar isə evlərdədir, məmurlardadır. Bu dollar bazara çıxmalıdır ki, pul bahalaşsın, dollar ucuzlaşsın. Bazara isə dollar gəlmir. Bazara dolları Rövnəq Abdulayev, SOCAR verir. O birilər isə hamısı gizlədib. Məmurlar dollarları Dubayda, xarici ölkə banklarında gizlədiblər. Mən çağırış edirəm ki, bu dollarları ölkəyə gətirsinlər”.
Sitatdan da göründüyü kimi, bu məsələ uzun illər ərzində ictimai müzakirəyə səbəb olub, media və sosial mediada gündəmə gətirilib. Lakin təəssüflər olsun ki, bu gün də məlum problemin həlli ilə bağlı konkret bir mexanizm mövcud deyil.
Xatırladaq ki, bu gün də bəzi məmurlar və ya onların yaxınlarının Dubayda böyük sərvətə malik olması ilə bağlı mediada çoxsaylı məlumatlara rast gəlinməkdədir. Prezident Aparatınn sabiq rəhbəri Ramiz Mehdiyev də bu qəbildən olan şəxslər sırasındadır. Mediada yer alan məlumatlara görə, sabiq aparat rəhbərinin Dubayda xeyli sayda daşınmaz əmlakı mövcuddur. Ona qarşı yer alan ittihamlardan biri də 193-1.3.2-ci maddədir ki, bu maddə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlıdır.
Onun nəvəsi Hikmət Əliyevin də Dubayda böyük biznes şəbəkəsinə malik olması ilə ölkə mediasında bir sıra məqalələr yer alır.
Xaricə daşınan vəsaitlərin geri qaytarılması ilə bağlı işlək hüquqi mexanizm yaradılmalıdır
Oğurluq pulların büdcəyə qaytarılması ilə bağlı yaranmış problemli vəziyyət bu məsələyə aydın və sistemli yanaşmağı tələb edir. Mövcud situasiya onu deməyə əsas verir ki, hər şeydən öncə qanunsuz olaraq xaricə daşınana vəsaitlərin geri qaytarılması ilə bağlı işlək hüquqi mexanizm yaradılmalıdır. Bu mexanizm oğurluq pulların mümkün qədər qısa zamanda Azərbaycana qaytarılmasını təmin etməli, beynəlxalq hüquqi əngəlləri aşmaq və ya bu əngəlllərdən yan keçmək xüsusiyyətinə malik olmalıdır.
Unutmayaq ki, korrupsiya yolu ilə əldə edilən və xaricə daşınan bu pullar Azərbaycan dövlətindən, Azərbaycan xalqından oğurlanıb və bu gün Qarabağda bu pulların hər qəpiyinə ciddi ehtiyac var. Belə bir mexanizmin mümkün qədər qısa zamanda yaradılması və operativ tətbiqi milyonlarla vəsaitin yenidən dövlət büdcəsinə qaytarılması demək olar.
Bundan başqa, bu mexanizmin tətbiqi digər korupsioner məmurların da oğurluq pulları xaricə daşımaq arzusunu əngəlləyə, bu məsələdə çəkindirici rol oynaya bilər.
Seymur ƏLİYEV