“2025-ci ilin statistik göstəriciləri Ordumuzun sürətli inkişafının bariz nümunəsidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı altında Azərbaycan Silahlı Qüvvələri öz döyüş hazırlığını gücləndirməkdə, maddi-texniki bazasını möhkəmləndirməkdə davam edir:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsindən sonra da özünü inkişaf etdirməkdə, peşəkarlığını artırmaqdadır. Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təchizatı, müxtəlif ölkələrlə birlikdə keçirilən hərbi təlimlər, yüksək vətənpərvərlik ruhu və s. kimi amillər Azərbaycan Ordusunun dünya orduları arasındakı mövqeyini dinamik şəkildə yüksəltməkdədir.
Bugünlərdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında səsləndirilən statistika da ordumuzun sürətli inkişaf etdiyini, ordu daxilindəki münasibətlərin, mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdığını göstərir. Təkcə bir faktı qeyd edim ki, sözügedən kollegiya iclasında Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov 2025-ci ildə hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edildiyini vurğuladı ki, bu da olduqca böyük uğurdur. Bu, Azərbaycan Silahlı Qüvvələrində nizam-intizamın güclənməsindən, qanunçuluğun möhkəmlənməsindən, milli-mənəvi dəyərlərə bağlılığın artmasından xəbər verir. Burada ordu rəhbərliyi ilə yanaşı, Hərbi prokurorluğun da əməyini xüsusi olaraq qeyd etməyə ehtiyac var.
Əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu 2026-cı ildə də yeni uğurlara nail olacaq, özünü mütəmadi şəkildə inkişaf etdirməklə hər zaman olduğu kimi bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatına töhfə verəcəklər”.
Seymur ƏLİYEV