"Vilnüsdə tərəflər Belarusun gələcəyi və Lukaşenko rejiminin məsuliyyə cəlb olunmasını müzakirə edib..."
Ukrayna prezidenti Vladimir Zelenski və Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya yanvarın 25-də Vilnüsdə ilk rəsmi ikitərəfli görüş keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Zelenski Tixanovskayanı Kiyevə səfərə dəvət edib.
Tixanovskaya Zelenskiyə "demokratik Belarusun dəstəyinə görə" təşəkkür edib və xüsusilə "Ukraynaya həmrəylik və dəstəyə görə qanunsuz məhkum edilmiş belaruslu könüllüləri" xatırladıb.
O, dekabrda Ukraynanın azad edilmiş siyasi məhbusları qəbul etməsini də yüksək qiymətləndirib. Tərəflər sanksiya siyasətini, Lukaşenkonun və rejim əlaltılarının məsuliyyətə cəlb olunması strategiyasını və Belarus üzrə xüsusi nümayəndə təyin olunmasını müzakirə ediblər.
Tarixi yaddaş və Rusiya imperiyasına qarşı üsyan
Zelenski və Tixanovskaya Polşa və Litva prezidentləri Karol Navrotski və Gitanas Nauseda ilə birlikdə Vilnüsdəki Rasu qəbiristanlığını ziyarət ediblər. Burada 1863-1864-cü illər Polşa (Yanvar) üsyanının iştirakçılarına həsr olunmuş memorial yerləşir. Həmin üsyan Rusiya imperiyasına qarşı yönəlmiş və Reç Pospolitanın 1772-ci il sərhədləri daxilində bərpasını hədəfləmişdi.
Zelenski bu münasibətlə Telegram kanalında yazıb: "Ukrayna, Polşa, Litva və Belarus xalqlarının Rusiya imperiyasına və əsarətə qarşı üsyanı. Yanvar üsyanı zamanı həlak olan hər kəsin xatirəsi əzizdir. Xalqlarının azadlığı uğrunda mübarizə aparanların hamısına əbədi ehtiram".
Belarus faktiki olaraq Rusiyanın general-qubernatorluğudur
Zelenski bildirib ki, Avropa üçün azadlıqla yaşayan xalqlardan heç birini itirməmək vacibdir. "Təəssüf ki, hazırda Lukaşenkonun ağ iti Belarus xalqından daha çox hüquqa malikdir. 2020-ci ildə dəyişmək şansı vardı və yenidən yaranacaq", - o, vurğulayıb. Zelenski Belarusun hələ də Rusiya general-qubernatorluğu kimi yaşamağa məcbur olduğunu bildirib.
O, 2020-ci il etirazları zamanı beynəlxalq dəstəyin kifayət etmədiyini əlavə edib. Hazırda Belarus Rusiya tərəfindən Ukraynaya dron hücumları üçün istifadə olunur, sanksiyalardan yayınmaq və "Avropa və dünyaya şantaj" məqsədilə təchizat mənbəyi rolunu oynayır. Zelenski əlavə edib ki, XX əsrin müharibələrinin bir çoxu XIX əsrdə güclülərin laqeydliyinin nəticəsidir.
Tixanovskayanın səfəri
Tixanovskaya müharibə başlayandan bəri Ukraynada olmayıb. O, 2020-ci ildən bəri Kiyevə səfər etmədiyini və "Ukrayna tərəfdən hazır olduqları anda" gedəcəyini açıqlayıb. 2022-ci ilin aprelində isə Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç bildirib ki, görüş Lukaşenkonun kəskin reaksiyası və bəzi iqtisadi əlaqələr səbəbindən baş tutmayıb.