"Moskva vaxt udur, kompromisdən yayınır və sülh şərtlərini ideoloji təzyiq alətinə çevirir..."
Rusiya Ukrayna ilə sülh danışıqlarını qəsdən uzadır və ilkin maksimalist tələblərindən geri çəkilmir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazıb.
Analitiklərin fikrincə, Kreml diplomatik prosesi real kompromis yolu deyil, vaxt udmaq və öz hərbi strategiyasını qorumaq vasitəsi kimi görür. İSW-nin hesabatına görə, Rusiya Qərbin Kiyev üçün irəli sürdüyü təhlükəsizlik təkliflərini rədd edir və 2025-ci ilin avqustunda Alyaskada keçirilmiş ABŞ-Rusiya sammitinə istinad edərək guya "fundamental razılaşmaların" mövcud olduğunu iddia edir. Halbuki həmin görüşdən sonra heç bir rəsmi sənəd və ya birgə açıqlama verilməyib.
Maksimalist şərtlər və danışıqların dalana dirənməsi
Rusiya diplomatları Ukraynanın neytral və nüvəsiz statusunu, Kiyevdə hakimiyyət dəyişikliyini, rusdilli əhalinin "müdafiəsini" və Moskvanın iddia etdiyi "təhlükəsizlik təhdidlərinin" aradan qaldırılmasını əsas şərt kimi saxlayır. XİN rəsmisi Aleksey Polişşuk sülh sazişi imzalanmadan təhlükəsizlik zəmanətləri və ya sülhməramlıların yerləşdirilməsini qəti şəkildə rədd edib ki, bu da danışıqları faktiki olaraq bloklayır.
Dini amil və "köklü səbəblər" ritorikası
ISW diqqətə çatdırır ki, Kreml yanvar ayında danışıqlara yeni element - dini amili daxil edib. Rusiya XİN Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxlığına qarşı guya "təqiblərin" dayandırılmasını sülhün məcburi şərti kimi irəli sürür.
Analitiklər bunu Kremlin uzun illər Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsindən ideoloji təsir aləti kimi istifadə etməsinin davamı sayır və bu tələbin Ukraynanın daxili işlərinə müdaxilə məqsədi daşıdığını vurğulayırlar.
Kremlin "münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır" tezisi isə ISW-yə görə, əslində Ukraynanın Qərb kursundan imtinasını və Moskvanın Kiyevin daxili siyasətinə diktə imkanlarını qorumaq cəhdidir.
Kompromisə hazır olmayan Moskva
Kremlin sözçüsü Dmitri Peskov da etiraf edib ki, Moskva danışıqlarda iştirak etməklə ABŞ-ın təzyiqlərini neytrallaşdırmağa çalışır və heç bir güzəştə getmək niyyətində deyil. ISW bildirir ki, indiyədək nə ABŞ, nə də Avropa Putinin "qələbə nəzəriyyəsini" sarsıda bilib.
Analitiklərin fikrincə, bunu yalnız Ukraynanın hərbi imkanlarının artırılması, sanksiyaların sərtləşdirilməsi və Rusiyanın maliyyə-resurs çıxışının məhdudlaşdırılması ilə etmək mümkündür.
Xatırladaq ki, yanvarın 23-24-də BƏƏ-də Ukrayna və ABŞ nümayəndələri neytral ölkələrin sülhməramlılarının yerləşdirilməsi ideyasını müzakirə etsələr də, Rusiya bu variantı qəti şəkildə rədd edib.