“ABŞ-ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...”- ARAŞDIRMA
Ekskluziv
65
14:34, Bu gün

“ABŞ-ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...”- ARAŞDIRMA

“Bu təşkilatın rəhbəri 1953-cü il təvəllüdlü Məryəm Qacar adlı azərbaycanlı qadındır. O, Fəth Əli Şah Qacarın (1772-1834) soyundandır...”
 
"Ümid edək ki, müəyyən fakt, əlamət və məntiqə əsaslanaraq qurulmuş bu proqnozların heç biri həyata keçməyəcək, bütün problemlər təkamül, danışıqlar və sülh yolu ilə həll ediləcək..." 
 
Moderator.az aktuallığını nəzərə alaraq tədqiqatçı Araz Şəhrilinin “İran hakimiyyətinə qarşı PKK kartı, Qacar və Qaraqoyunlu şahzadələri” başlıqlı analitik araşdırma yazısını dəyərli oxucuların diqqətinə çatdırır: 
 
“12 yanvar 2026-cı il tarixində qələmə aldığımız “İran İslam Respublikası süquta uğrayacaqmı?” adlı məqalədə göstərdik ki, ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi effektli tədbirlərdən biri “PKK-PJAK”-dan istifadədir. Əvvəlcə yazının həmin hissəsini təqdim edək: 
 
“Hərbi müdaxilənin daha bir variantını belə modelləşdirə bilərik: ABŞ aviasiyası İran Kürdüstanındakı hərbi bazaları, polis bölmələrini və hökumət binalarını bombalayır. Ardınca “PJAK” yaraqlıları geniş miqyaslı hücuma keçərək şəhərləri tutmağa başlayırlar. ABŞ aviasiyası isə qarnizonlara kömək üçün göndərilən hərbi karvanları vurur”.
 
Bu əməliyyat uğurlu olsa və İran İslam Respublikası “Kürdüstan” adlanan ərazisi üzərində nəzarəti itirsə, həmin ərazi ölkənin digər silahlı qrupları üçün də plasdarma çevriləcək. İqtidar nəinki əhali arasında bütün nüfuzunu itirəcək, həm də hakimiyyətin öz daxilində də birlik pozulacaq. 
 
Beləliklə, ABŞ son günlərdə İran körfəzində müxtəlif hərbi gəmilərdən ibarət güclü zərbə qruplaşması cəmləşdirib. Bu isə İran üzərinə üçüncü dalğanın göndəriləcəyinə dəlalət edə bilər. Xatırladaq ki, 2025-ci ilin iyununda - on iki günlük müharibə zamanı ABŞ-ın İran ərazisinə illərdən bəri yeritdiyi, əsasən əfqan mühacirlərindən ibarət gizli şəbəkə hərəkətə gətirilmişdi. Lakin əməliyyat uğursuzluqla nəticələnmiş, birinci dalğa dəf edilmişdi... 
 
2025-ci ilin sonunda isə ABŞ İran hakimiyyətini yıxmaq üçün daxili etirazları inqilaba çevirmək istədi. Həmin məqsədlə ikinci dalğa - əsasən monarxiya tərəfdarları fəaliyyətə başladılar. Amma bu cəhd də baş tutmadı. Tələfat isə yenə də çox ağır oldu.
 
ABŞ-ın əlində hələ tam istifadə etmədiyi üç imkan qalmaqdadır. Bunlardan ikisi daha realdır:
 
1)“İran Xalqının Mücahidləri Təşkilatı”. Sol təmayüllü, radikal şiə yönümlü bu təşkilatı 1965-ci ildə azərbaycanlılar - Səid Möhsün (1939-1972) və Muhəmməd Hənifnejad (1938-1972) yaradıblar. Təşkilat şah rejiminə qarşı şiddətli mübarizə aparıb, 1979-cu il İslam inqilabında fəal iştirak edib. Sonradan silahı İslam Respublikasına qarşı çevirib. 1980-ci ildən bugünədək İslam Respublikasının ən barışmaz və amansız düşmənidir. Hazırda qərargahı Albaniyadadır. Bu ölkədə 3.000 döyüşçüsü və üzvü var. İran daxilində isə yüz minlərlə tərəfdarının olduğu güman edilir. Rəhbəri 1953-cü il təvəllüdlü Məryəm Qacar adlı azərbaycanlı qadındır. O, Fəth Əli Şah Qacarın (1772-1834) soyundandır...
 
Haşiyə: 
 
Şah Muhəmməd Rza Pəhləvinin (1919-1980) məşhur sərkərdələri - “Tehran qəssabı” ləqəbli general Qulam Əli Uveysi (1918-1984) Sultan Qara Yusif Qaraqoyunlunun (1355-1420), “Mavi gözlü general” ləqəbli general Nadir Cahanbani (1928-1979) isə Fəth Əli şah Qacarın (1772-1834) soyundan idi...
 
2)Kürd millətçiləri:
 
- “PJAK” (Partiya Jiyana Azada Kurdistane - Kürdüstanın Azad Həyat Partiyası). 2004-cü ildə yaradılmış marksist partiyadır. Türkiyə Cümhuriyyətinə qarşı mübarizə aparan KİP-in (Kürd İşçi Partiyası və ya “PKK”) qanadı, yaxud elə özüdür. Bu partiya Abdullah Öcalanı öz rəhbəri kimi tanıyır.
 
- İKDP (İran Kürdüstanının Demokratik Partiyası) - 1945-ci ildən İran dövlətinə qarşı mübarizə şəraitindədir.
 
- İKKP (İran Kürdüstanının Komala Partiyası) - 2000-ci ildə yaranmış marksist partiyadır.
 
- İKKP (İran Kürdüstanının Kommunist Partiyası). 1984-cü ildən İran İslam Respublikası ilə qarşıdurma vəziyyətindədir..
 
III dalğa ilə bağlı proqnozda göstərdik ki, ABŞ və silahlı qruplaşmalar İran Kürdüstanının şəhərlərinə koordinasiya olunmuş hücumlara başlaya bilərlər. Həmin şəhərlər aşağıdakılardır:
 
1. Kirmanşah - İranın ən böyük kürd şəhəridir. Eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi  946.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. Kirmanşah şəhəri ilə İraq sərhədi arasında məsafə 170 km-dir.
  
2. Sənəndəc - İranın ikinci böyük kürd şəhəridir. Kürdüstan ostanında yerləşir. 2016-cı il məlumatına görə, əhalisi 412.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sənəndəclə İraq sərhədi arasında məsafə 70 km-dir. Bu şəhər keçmişdə kürd üsyanlarının mərkəzlərindən olub.
 
3. Sakqız - Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 226.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sakqızla İraq sərhədi arasında məsafə 159 km-dir. Sakqızda həmişə İİR-ə qarşı üsyanlar olub. Ölümü İranda 2022-2023-cü il etirazlarına səbəb olmuş Məhsə Əmini bu şəhərdən idi…
 
4. İlam - eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 194.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvan ləhcəsində danışırlar. İlamla İraq sərhədi arasında məsafə 5-10 km-dir.
 
5. Bukan - Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 193.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Bukanla İraq sərhədi arasında məsafə 159 km-dir.
 
6. Mehabad - Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 168.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mehabadla İraq sərhədi arasında məsafə  50 km-dir. Bu şəhərdə həmişə kürdlərin və solçuların İİR-ə qarşı üsyanları olub.
 
7. Mərivan - Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 136.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mərivanla İraq sərhədi arasında məsafə 7 km-dir. Bu şəhərdə də əvvəllər İİR-ə qarşı kürd üsyanları olub.
 
8. Baneh - Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 110.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Şəhər hər tərəfdən 50.000 hektar meşə massivi ilə əhatə olunub. Baneh ilə İraq sərhədi arasında məsafə 5-10 km-dir.
 
9. İslamabade-Qərb - Kermanşah ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 90.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. İslamabade-Qərb ilə İraq sərhədi arasında məsafə 70 km-dir.
 
10. Kamyaran - Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 57.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Kamyaranla İraq sərhədi arasında məsafə 5-10 km-dir.
 
İran Kürdüstanının digər şəhərlərindən aşağıdakıları göstərə bilərik.
 
Kürdüstan ostanı: 
- Qürvəh (məzhəb - sünni, ləhcə - sorani, say - 78.000 nəfər); 
- Bicar (məzhəb - şiə, ləhcə - pəhləvani, say - 50.000 nəfər), 
 
Kermanşah ostanı: 
- Cavanrud (məzhəb - sünni, ləhcə - sorani, say - 54.000 nəfər); 
- Kəngəvər (məzahəb - şiə, ləhcə - pəhləvani, say - 51.000 nəfər); 
- Hərsin (məzhəb - şiə, ləhcə - pəhləvani, laki say - 44.000 nəfər);   
- Sahnə (məzhəb - şiə, ləhcə - pəhləvani, say - 35.000 nəfər); 
- Sərpole Zəhəb (məzhəblər: şiə - 65%, sünni - 30%, ləhcələr: pəhlivani - 65%, sorani - 30%, qorani - 5%, say - 35.000 nəfər); 
- Pavə (məzhəb - sünni, ləhcə - qorani, say - 26.000 nəfər). 
 
Ümumiyyətlə, İran kürdləri 4 əsas qrupa bölünür: soranilər, qoranilər, pəhləvanilər, lurlar. Sorani və pəhləvani ləhcələrinin daşıyıcıları bir-birlərini anlamırlar. Pəhləvanilər və lurlar şiə, soranilər isə sünnidir. Aydındır ki, pəhləvanilərin və lurların dindar hissəsi İran iqtidarına qarşı daha loyaldır. Həm də onlarla soranilər arasında məzhəb və dil fərqləri da var. Bunlar isə İran dövlətinin xeyrinə olan amillərdir. Onu da nəzərə alaq ki, 1979-1984-cü, 1989-1996-cı və 2004-2025-ci illərdə sünni kürdlər İİR-ə qarşı silahlı üsyanlar qaldırmış, şiə kürdlər isə əksinə, İran hakimiyyətini dəstəkləmişlər.
 
ABŞ aviasiyası hərbi əməliyyata qoşulsa belə, təkcə kürdlərin piyada qüvvəsi kifayət etməyəcək. “İran Xalqının Mücahidləri Təşkilatı” da fəaliyyətə başlamalıdır. Döyüşçüləri gələcək savaş zonasına üç üsulla göndərə bilərlər:
 
1. Silahlı qruplar şəklində sərhədi keçib şəhərlər ətrafında mövqe tuturlar. Hava zərbələrindən dərhal sonra yaşayış məntəqələrinə daxil olurlar. Amma İran ordusunun dronlardan geniş istifadə etdiyini, Türkiyənin bu məsələdə İranı dəstəklədiyini, eləcə də qış fəslini (ağacların yarpaqlarının töküldüyünü) nəzərə alsaq, güman edə bilərik ki, belə yürüşlərin gizliliyini qorumaq çox çətin olacaq.
 
2. Hava zərbələri ilə eyni vaxtda solçu kürdlər və “İran Xalqının Mücahidləri Təşkilatı” hücuma başlayıb İraq sərhədinə daha yaxın olan yaşayış məntəqələrini ələ keçirməyə çalışırlar. 
 
Qeyd: 
 
1988-ci ilin iyulunda “İran Xalqının Mücahidləri Təşkilatı” İraq ərazisindən Kermanşah istiqamətində İran ordusuna qarşı  məhz bu taktikanı tətbiq etmişdi. Əməliyyatın əvvəlində İraq aviasiyası hava dəstəyi verdiyinə görə, 7.000-10.000 mücahid İslamabade-Qərb şəhərinədək irəliləyə bilmişdi. Ancaq bu zaman Səddam Hüseyn İran dövləti ilə atəşkəs sazişi bağlayıb aviasiyasını geri çəkmiş, nəticədə mücahidlər darmadağın edilmişdilər. İndi isə vəziyyət fərqli ola bilər. Amma tarix ondan dərs çıxarmaq üçün öyrənilir. İran müxalifəti yəqin ki, eyni kolliziyanın təkrarlanacağını istisna etmir. Məsələ onda deyil ki, ABŞ üsyançılara xəyanət edəcək. Yox, sadəcə müəyyən obyektiv səbəblər aviasiyanın fəaliyyətinə mane ola bilər.
 
3. Döyüşçülər mülki şəxs kimi maskalanaraq şəhərlərdə yerləşirlər və “X” saatını gözləyirlər. Üçüncü variantın əsas çətinliyi ondadır ki, silah-sursat, fərdi müdafiə və rabitə vasitələri ayrıca keçirilməli, sonra təhlükəsizlik tələblərinə cavab verən müəyyən yerlərdə gizlədilməlidir. Bu isə yüksək dəqiqlik, koordinasiya və gizlilik tələb edir. Düzdür, silahlı İran müxalifəti belə işlərdə kifayət qədər mahirdir. Amma açıqlanma ehtimalı yenə də istisna deyil.
 
Nəhayət, yazımızın sonunda daha bir mümkün varianta nəzər salaq. Əvvəlki məqaləmizdə ondan ötəri bəhs etmişdik. 
 
“ABŞ aviasiyası dəqiq zərbə ilə İranın ali dini rəhbərliyini vurur. Nəticədə, inqilab və ya üsyan olmasa belə, idarəetmə hakimiyyətin islahatçı qanadının əlinə keçir. Sonrası isə məlumdur...”
 
Amma ABŞ təhlilçiləri yaxşı anlayırlar ki, sözügedən variant da birmənalı və hamar deyil. Məsələ burasındadır ki, İranda ali dini rəhbəri əvvəlki rəhbərin ölümündən sonra “Məclise Xubrigan” (Mütəxəssislər Məclisi) seçir. “Məclise Xubrigan”ın 88 üzvü var. Onların hamısı İslam dinində ən yüksək dərəcəyə malikdir. Bu adamların hər biri mərceyi-təqlid, yəni ələm müctəhiddir. Həmin müctəhidləri isə “Məclise Xubrigan”a əhali 8 il müddətinə seçir. Məclisin fəaliyyətində bütün mümkün fövqəladə hallar nəzərə alınıb. İlk zərbələrdən sonra “Məclise Xubrigan”ın üzvlərindən hətta bir neçə nəfər belə qalsa, onlar öz aralarından növbəti rəhbəri seçib mübarizəni davam etdirə bilərlər. Ehtimal ki, ABŞ özü də bu qədər mərceyi-təqlidi qətlə yetirmək fikrindən uzaqdır...
 
P.S. Ümid edək ki, müəyyən fakt, əlamət və məntiqə əsaslanaraq qurulmuş bu proqnozların heç biri həyata keçməyəcək, bütün problemlər təkamül, danışıqlar və sülh yolu ilə həll ediləcək... 
 
Müəllif: 
tədqiqatçı Araz Şəhrili
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər