Dünya üçün qarşıdakı üç ildə nələr olacaq, nələr olmamalıdır
Ekskluziv
686
11:54, Bu gün

Dünya üçün qarşıdakı üç ildə nələr olacaq, nələr olmamalıdır

“Gücü olmayan dəyərlər artıq təhlükəsizliyi təmin etmir”. Bu fikir Davos forumunda Kanadanın baş naziri Mark Karninin parlaq çıxışında səslənib. Ümumiyyətlə, köhnə nizamın geri dönməyəcəyini vurğulayan və gələcək təhlükəsizliyin istiqamətlərini əks etdirən bu çıxış Davos görüşünə damğa vuran hadisələrdən biridir. Aydın olur ki, əsasən Qərb dünyası kimi adlanan ölkələri birləşdirən demokratik dəyərlər bu gün formalaşmaqda olan “güclü haqlıdır” reallığı qarşısında təhlükəli duruma düşüb. ABŞ prezidenti Donald Tramp bu bəşəri dəyərləri bir-birin ardınca dəfn edir və bunu açıq şəkildə, fəxrlə vurğulayır.

Bir ildir ki, ABŞ prezidenti Donald Tramp Putinlə eyni siyasət apararaq dünyanı öz aralarında bölmək istiqamətində bir-birinə dayaq durmaqdadır. Trampın hər çıxışından sonra Rusiya təbliğat mediası ABŞ ilə, konkret olaraq Ağ Ev sahibi ilə Avropa müttəfiqləri arasında münasibətlərin soyumasından fərəhlə, zövqlə xəbərlər paylaşır və manşetlərə çıxararaq qeyd edirlər ki, "Avropanın tamamilə çaşqın vəziyyətdə olduğunu görmək rahatlıqdır".

Rusiyanı ən çox sevindirən isə Qrenlandiya ətrafında Trampın iddialarıdır. Tramp və Qrenlandiya ətrafındakı vəziyyət Rusiyanın Ukraynaya qarşı müharibəsini arxa plana keçirib. Onsuz da vəziyyəti ağır olan Ukrayna üçün Qrenlandiya, bir politoloqun dediyi kimi, “tabutuna son mismar ola bilər”. Həm də yalnız Qrenlandiya deyil, Davosda yaratdığı Qəzza üçün “sülh şurası” da Ukrayna müharibəsinə diqqətin tamamilə dünya gündəmindən çıxarılmasına xidmət edir. Bu gün dünya ölkələrini “Ukrayna üçün sülh şurası” adı altında birləşdirib təcavüzkar Rusiyaya qarşı birləşdirmək əvəzinə, diqqəti onsuz da sakit mərhələyə daxil olmuş Qəzzaya yönəltməklə,Tramp Rusiya üçün müharibəni davam etdirməyə rahat şərait yaratmış oldu. Rusiyanın yaranmış “sülh şurası”na dəvət edilməsi isə tam bir sarkazmdır. Təcavüzkarı sülh yaratmağa çağırmaq...

Avropa isə Davosda o qədər kölgədə qaldı ki, hətta Trampın 40 dəqiqəlik yalnız özünü tərifləmə, Avropanı isə aşağılamaq çıxışından sonra qoca qitədən yalnız zəif reaksiyalar eşidilməyə başladı. Görünür, tərəddüdlü siyasət apardığına görə Zelenski də Trampla görüşdən sonra Avropanı qətiyyətsizlikdə tənqid edərək sərt çıxış etdi.  Zelenskinin çıxışından bir daha aydın oldu ki, Ukraynaya dəstək həmrəylik yox, strateji zərurətdir. Ukraynanın məğlubiyyəti yalnız Avropanın da deyil, bütün orta səviyyəli dövlətlərin zəifləməsi və qlobal güclər tərəfindən hədəfə çevrilməsidir. Artıq ideoloji prinsiplər əsasında birləşməklə təhlükəsizliyi təmin etmək yetərli deyil. Düzgün hesablamalar əsasında koalisiyalar qurmaq, birləşmək təhlükəsizliyin zəmanətidir.

Avropa ölkələri, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya başda olmaqla Cənubi Amerikanın , bəzi Asiya ölkələrinin də iştirakı ilə bloklar yaratmaq strateji təhlükəsizlik üçün vacibdir. NATO Tramp siyasətinin nəticəsində artıq Rusiya ekspansiyasının qarşısını almaqda acizdir. ABŞ-dan asılılığı birdəfəlik aradan qaldırmaq üçün Avropanın “strateji təhlükəsizlik muxtariyyəti” yaranmalıdır.

Avropanın siyasi, hərbi, iqtisadi təhlükəsizliyinin başında Ukraynanı daha ciddi şəkildə dəstəkləməsi dayanır. Rusiya iddiasından geri çəkilmir və işğal edə bilmədiyi Donbas ərazisinin güzəşt edilməsini tələb edir. Bu, Ukrayna üçün qəbuledilməz şərtdir. Buna görə də Abu-Dabi görüşündə də real sülhün əldə ediləcəyi imkansız görünür. ABŞ burada da Rusiyanın mövqeyini müdafiə edib, Ukraynanın güzəştə getməsini tələb edir.

Baş verənlərdən gec də olsa Avropa ölkələri dərs çıxarmağa başlayıblar. Hər zaman ABŞ ilə ticarət münasibətlərini ön planda tutmağı əsas götürən Avropa ölkələrinin əksəriyyəti də “Trampa qarşı qisas almağa” hazır olduqlarını bildiriblər. Avropa diplomatları artıq ABŞ-a  etibar etmək niyyətində olmadıqlarını, yeni bir dövrə qədəm qoyduqlarını etiraf edirlər. Almaniya kimi güclü iqtisadiyatı olan ölkə isə ABŞ-a qarşı sərt ticarət cavabı verə bilər. Təsadüfi deyil ki, kansler Mertz bütün Avropanın belə bir addımının önündə getməyə hazır olduğuna işarə edib. Qrenlandiya böhranı  Avropa üçün, hətta dünya üçün bir sınaq olmalıdır. Ən azı, Trampın vəzifədə olacağı üç il ərzində. Bu üç ildə Tramp tərəfindən qəbul etdirilən və yaradılan strukturların ömrü elə üç il çəkə bilər. Elə  hazırlıq görülməlidir ki, qarşıdakı üç ildə strateji məğlubiyyətlər kök salmasın, geridönməz xarakter almasın.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər