Prezidentin “mükəmməlliyin sərhədi yoxdur” fikrinə ordu və prokurorluqdan əməli isbat...
Ekskluziv
103
20:06, Bu gün

Prezidentin “mükəmməlliyin sərhədi yoxdur” fikrinə ordu və prokurorluqdan əməli isbat...

Hərbi prokurorun təqdim etdiyi qürurverici statistika hansı mətləblərdən xəbər verir?

Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ordunun peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bir nömrəli prioritet vəzifə elan edilib. Elə bu səbəbdən də dövlətimizin müdafiə və təhlükəsizliyinin təminatına ayrılan vəsait hər il müntəzəm şəkildə artmaqda, bu müstəvidə mühüm addımlar, ciddi yeniliklər həyata keçirilməkdədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücünü, müdafiə qabiliyyətini yüksəltmək, onun dünya orduları içərisində onsuz da yüksək olan reytinqini daha da yaxşılaşdırmaq, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatını sığortalamaqdır.

Məhz bu səbəbdən də Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Ordumuzun inkişafı ilə bağlı dövlət siyasətinin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib,  “mükəmməlliyin sərhədi yoxdur” deyərək heç bir uğurun son məqsəd olmadığını vurğulayıb:

“Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm.

Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”.

23 yanvar 2026-cı ildə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası Silahlı Qüvvələrimizin bu inkişafa doğru əzmlə addımladığını göstərir.

Qeyd edək ki, kollegiyada hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov ötən illə bağlı qürurverici statistika səsləndirib, maraqlı faktlara diqqət çəkib. Hərbi prokurorun çıxışından məlum olub ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib. Həmçinin, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilib ki, bu da çox ciddi nailiyyətdir.

Silahlı Qüvvələrdə hərbi xidmət əleyhinə cinayətlərin hər il ötən ilə nisbətən əhəmiyyətli dərəcədə azalması Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının, ordu rəhbərliyi ilə prokurorluq orqanlarının birgə əməkdaşlığının, habelə, Müdafiə Nazirliyi, qoşun növü komandanlığı və Hərbi Prokurorluq əməkdaşlarının öz vəzifələrinə vicdan və məsuliyyətlə yanaşmasının nəticəsidir.

Xatırladq ki, hər il Hərbi Prokurluq Müdafiə Nazirliyi və digər hərbi birləşmələrin rəhbərləri ilə birlikdə Silahlı Qüvvələrdə silsilə tədbirlər həyata keçirir, qanunçuluğun və nizam–intizamın gücləndirilməsi, milli-mənəvi dəyərlərin və Ulu Öndər Heydər Əliyev irsinin  təbliği, hüquqi maarifləndirmə və s. ilə bağlı mühüm addımlar atır. Hansı ki, bütün bu addımlar nəticə etibarilə Silahlı Qüvvələrdə nizam-intizamın güclənməsini, hərbi xidmət əleyhinə cinayətlərin azalmasını, hərbi qulluqçular arasında daha sağlam münasibətin formalaşmasını, vətənpərvərlik ruhunun yüksəlməsini təmin edir. Hərbi Prokurorun hesabat məruzəsində yer alan statistik rəqəmlər bu həqiqəti praktiki baxımdan təsdiq edir.

Onu da xatırladaq ki, Hərbi Prokurorluq hərbi qulluqçular və onların ailə üzvləri ilə daha çevik ünsiyyəti təmin etmək, baş verən istənilən hadisəyə daha operativ reaksiya vermək, vətəndaşların arzu və istəkləri ilə tanış olmaq üçün səylərini davam etdirir. Bu məqsədlə 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb. Fəaliyyətdə olduğu 4 ay ərzində “962-Etimad xətti” üzrə 219 müraciət daxil olub. Bütövlükdə isə 2025-ci ildə Hərbi prokurorluq orqanlarına 1001 müraciət ünvanlanıb, 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib. Bütün bunlar Hərbi Prokruroluğun Silahlı Qüvələrdə apardığı işin miqyas və əhəmiyyətini göstərir.

2025-ci ildə əldə edilən bütün bu uğurlar onu deməyə əsas verir ki, 2026-cı ildə Hərbi Prokurorluq və Silahlı Qüvvələrimiz öz nailiyyətlərini davam etdirəcək, yeni müvəffəqiyyətlər əldə etməklə hər bir azərbaycanlıya qürur və sevinc hissi yaşadacaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər