“İrana qarşı yeni savaş başlasa, xalq xarici müdaxiləyə qarşı hakimiyyətlə birləşəcək...”- Sabiq səfir
Ekskluziv
46
19:29, Bu gün

“İrana qarşı yeni savaş başlasa, xalq xarici müdaxiləyə qarşı hakimiyyətlə birləşəcək...”- Sabiq səfir

Xarici farsdilli mətbuatda o da deyilir ki, ölənlərin cəsədləri geri qaytarılmır və bəzən hətta ailələrindən ölənlərə vurulmuş hər bir güllənin pulu tələb olunur. Bu cür vəziyyətlər, əlbəttə, çox ağır və insanlığa ziddir. Belə hadisələr doğrudan da olubsa, insanların beynində silinməyəcək izlər buraxacaq və gələcək daha kütləvi etirazlara yol açacaq...”
 
“Deyilənə görə, xalqa divan tutanların arasında “Fatımiyun” və “Zeynabiyun” adlanan silahlı qruplar da var. Onlar artıq hadisələrə müdaxilə edərək, əhaliyə qarşı amansız və qəddarcasına rəftar edirlər...”
 
“ABŞ prezidenti Donald Tramp deyir ki, Yaxın Şərqə yenə də güclü hərbi dəniz donanması,  aviasiya daşıyıcıları olan gəmilər gəlir. Bəli, bu, daha geniş bir müharibə layihəsidir. Həmin layihə çərçivəsin hansı tədbirlər görülməlidirsə, görülür. Yəni Amerika liderinin dediyinə görə, müharibəyə hazırlaşırlar. Lakin eyni zamanda, paralel olaraq İranın elitası ilə danışıqlar da aparılır. Danışıqların məqsədi, orada kimlərin güclü olduğunu müəyyən etmək və onlara dəstək verməkdir.Amma hesab edirəm ki, son nəticədə Tramp İranı zəngin neft və qaz mənbələri ilə əlindən buraxmayacaq. Və indi dünyada baş verən proseslərə nəzər salsaq, görürük ki,  Tramp da, digər əksər dünya liderləri də beynəlxalq hüquq normalarını tamamilə kənara qoyublar. ABŞ özü  66 beynəlxalq təşkilatdan çıxıb. Bu, o deməkdir ki, artıq BMT və digər beynəlxalq təşkilatlar öz təsirini itirib və əhəmiyyətsiz bir qurumlara çevrilib. Və yenə deyirəm: güclünün hakim olduğu belə bir durumda Tramp da İranın neftini əlindən verməyəcək. Həm də ona görə ki, İranın neftindən, Çin də bəhrələnir. Və Çinin belə sürətlə inkişaf edəcəyi təqdirdə, Amerikanın özünü belə, keçə bilər. Bu, bir faktordur. Odur ki, Çinə tutarlı bir zərbə vurmaq üçün Tramp hansısa formada mütləq İran neftini ələ keçirməyə çalışacaq.”
 
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında bu ölkə ətrafında və daxilində yaranmış son durum haqda bəhs edərkən dilə gətirib.
 
Diplomat hesab edir ki, ABŞ və İsrail İrana qarşı yeni daha genişmiqyaslı savaşa başlasa, xalq xarici müdaxiləyə qarşı dövlətlə birləşəcək:
 
“Qeyd edim ki, İran, ümumiyyətlə, təbii sərvətlər baxımından çox zəngin ölkələrdən biridir. Bu baxımdan da Birləşmiş  Ştatların İran üzərində öz təsirini bərpa edəcəyini gözləmək olar. Hər halda bu istiqamətdə işlər görür və artıq müəyyən bir mərhələyə çatıb. Dediyim kimi, İran elitasıyla danışıqlar və qapalı müzakirələr davam edir. Əgər bu danışıqlar nəticəsində bir razılaşma əldə olunsa, Amerika üçün müharibə ehtiyacı yaranmaya bilər. Lakin digər bir məqam da var: əgər ABŞ və İsrail İrana qarşı yeni müharibə başlasa, o zaman xalq xarici müdaxiləyə qarşı dövlətlə birləşəcək. Bu faktor da mövcuddur. Belə bir halda rejim dəyişməyəcək və əvvəlki vəziyyət öz yerində qalacaq. Bu, İranda həmişə belə olub. Məsələn, yadımdadır ki, 2003-cü ildə Amerika İraqa zərbə endirdiyi zaman tez-tez təhdidlər səslənirdi ki, növbəti hədəf İran olacaq. Bu barədə artıq fikirlər formalaşmışdı və hamı gözləyirdi ki, əgər İraq vurulursa, deməli, ardınca İran da vurulacaq. Amma belə bir halda, İran xalqı dövlətlə birləşdi və vətənini qorumaq üçün mübarizə apardı. Bu, İraq-İran müharibəsində də özünü göstərmişdi. İran xalqı bu mənada başqa xalqlardan fərqlidir – bu xalq vətənini, torpağını qorumaq üçün dövlət ətrafında birləşir. Odur ki, bu faktor da nəzərə alınmalıdır. Bu baxımdan, əgər Tramp İrana qarşı genişmiqyaslı müharibə yolu ilə məsələni həll etməyə qərar versə, xalq dövlətlə, hakimiyyətlə birləşəcək və o halda problemlər də yerində qalacaq...”  
 
“İrandakı kütləvi xalq etirazları zamanı molla rejimi tərəfindən qətlə yetirilmiş dinc insanların sayı barədə özəl kanallar vasitəsilə dəqiq məlumat ala bilməmisiz ki?” sualına isə keçmiş səfir belə cavab verib:
 
“Problem ondadır ki, İranda  baş verən hadisələrdən və ölənlərdən gələn məlumatlar ziddiyyətlidir. Çünki ölkədə rabitə kəsilib, xaricə heç bir düzgün məlumat getmir və təbii ki, mənim də mümkün əlaqələrim baş tutmur. Odur ki, gerçək vəziyyəti ən dəqiq şəkildə yalnız İran daxilində bilmək mümkündür, amma əlaqə kəsildiyi üçün heç bir rəsmi məlumat yoxdur. Xarici mətbuatın verdiyi rəqəmlər isə çox fərqli və ziddiyyətlidir; Amerika mediası bir cür yazır, Avropa mətbuatı başqa cür yazır, bəziləri 10 minə yaxın ölən olduğunu deyir, digərləri isə bu rəqəmin 3-4 dəfə artığını qeyd edir. Avropada farsdilli kanallar da müxtəlif məlumatlar yayır. Hər halda belə ortaq nəticəyə gəlmək olur ki, ölənlərin sayı azı minlərlədir...
İranın əvvəl izlədiyimiz farsdilli daxili kanallarınə da izləyə bilmirik. Çünki  heç bir əlaqə yoxdur, hətta şəhər telefonları belə kəsilib. Nə mobil telefonlar, nə də internet işləyir...” 
 
Abbasəli Həsənov onu da əlavə edib ki, əldə etdiyi bəzi məlumatlara görə, İranda dinc əhaliyə qarşı dəhşətli qətliamların törədilməsində “SEPAH”dan, “Bəsic”dən əlavə başqa amillər də var:
 
“Xarici farsdilli mətbuatın verdiyi məlumatlara görə, ölkəyə xaricdən müxtəlif qüvvələr –cəza dəstələri də gətirilib. Bu silahlı qüvvələr əvvəldən İran tərəfindən Əfqanıstanda və Pakistanda yetişdirilmiş proksi qüvvələrdir. Deyilənə görə, onların arasında “Fatımiyun” və “Zeynabiyun” adlanan silahlı qruplar da var. Onlar artıq hadisələrə müdaxilə edərək, əhaliyə qarşı amansız və qəddarcasına rəftar edirlər. Bu qüvvələrin də iştirakı xalqın daha çox qəzəbinə səbəb olub”. 
 
“Mətbuatda o da deyilir ki, ölənlərin cəsədləri geri qaytarılmır və bəzən hətta ailələrindən ölənlərə vurulmuş hər bir güllənin pulu tələb olunur. Bu cür vəziyyətlər, əlbəttə, çox ağır və insanlığa ziddir. Belə hadisələr doğrudan da olubsa, insanların beynində silinməyəcək izlər buraxacaq və gələcək daha kütləvi etirazlara yol açacaq”, - deyə diplomat diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər