"Ukrayna zərurət yaranacağı təqdirdə Avropaya kömək edə bilər..."
Ümumdünya İqtisadi Forumu çərçivəsində Davosda çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski Avropanı qərarsızlıqda və gözləmə siyasətində ittiham edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Avropaya ittiham və "təkrar olunan günlər"
Zelenskinin sözlərinə görə, "böyük müharibənin dördüncü ilinin sonunda" Avropa hələ də təhlükəsizlik məsələlərində lazımi iradə nümayiş etdirmir və həddən artıq şəkildə ABŞ-a güvənir.
Zelenski çıxışında "Groundhog Day" ("Təkrar olunan gün") filminə istinad edərək bildirib ki, Avropa eyni səhvləri təkrarlayır. O, xatırladıb ki, ötən il Davosda "Avropa özünü qorumalıdır" deyib, lakin bir il keçməsinə baxmayaraq, real dəyişiklik görünmür.
Rusiya, sanksiyalar və NATO sualı
Ukrayna prezidenti Rusiyanın "kölgə donanması"na qarşı tədbirlərin yetərsiz olduğunu vurğulayıb və sual edib: "Niyə prezident Tramp tankerləri saxlaya bilir, Avropa isə yox?" Onun sözlərinə görə, Avropa sahilləri boyunca daşınan Rusiya neftindən əldə olunan vəsait müharibəni maliyyələşdirir və qitənin təhlükəsizliyinə təhdid yaradır.
Zelenski eyni zamanda Avropanın təhlükəsizliyini faktiki olaraq inam üzərində qurduğunu deyib. "Əgər Putin Litvaya girsə və ya Polşaya zərbə endirsə, ABŞ müdaxilə etməsə, kim cavab verəcək?" - o, NATO-nun real dayanıqlığını sual altına qoyub.
Qrenlandiya və sərt mesajlar
Zelenski Qrenlandiya məsələsində Avropanın tərəddüdlü mövqeyini də tənqid edib. Onun fikrincə, cəmi "30-40 əsgərin" göndərilməsi nə Rusiyaya, nə də Çinə ciddi mesaj verir. Ukrayna prezidenti bildirib ki, Avropa ya regionu real şəkildə qoruduğunu nümayiş etdirməli, ya da ciddiyə alınmamaq riski ilə barışmalıdır. O, əlavə edib ki, zərurət yaranacağı təqdirdə Ukrayna Avropaya kömək edə bilər və bu sahədə həm təcrübəyə, həm də imkanlara malikdir.
Trampla görüş və danışıqlar anonsu
Zelenskinin Davosdakı çıxışından əvvəl ABŞ prezidenti Donald Trampla görüşü baş tutub. Görüşdə Ukraynada müharibənin başa çatdırılması planı və Ukraynanın HHM imkanlarının gücləndirilməsi müzakirə olunub. Zelenski görüşü "məhsuldar və məzmunlu" adlandırıb.
Eyni zamanda Ukrayna prezidenti ABŞ-Rusiya-Ukrayna formatında üçtərəfli danışıqların yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, danışıqlar texniki mərhələdən başlayacaq və təşəbbüs Vaşinqtona məxsusdur.