"Geosiyasət ayı belində: güc nümayişi, yoxsa incə istehza?.."
Britaniyanın nüfuzlu "The Economist" jurnalı yeni nömrəsinin üz qabığında ABŞ prezidenti Donald Trampı qırmızı fonda, ağ ayının belində, çılpaq sinə ilə təsvir edib.
Moderator.az xəbər verir ki, bu barədə "holod.media" nəşri yazıb.
Nəşr yazır ki, jurnalistika tarixində bu, yəqin ki, "geosiyasət üstəgəl bədən dili" janrının yeni zirvəsidir. Sosial şəbəkələr isə dərhal bu səhnəni artıq yaxşı tanınan bir obrazla - Vladimir Putinin 2009-cu ildə Tuva Respublikasında at belində, çılpaq sinə ilə çəkilmiş məşhur fotosu ilə müqayisə edib.
Oxşarlıq o qədər açıqdır ki, əlavə şərhə ehtiyac qalmır: lider, təbiət, güc rəmzi və bir qədər də mifoloji estetika. Fərq ondadır ki, Putinin fotosu illər sonra fotomontajla ayıya "köçürülsə" də, "The Economist" bu dəfə işini birbaşa görüb və Trampı dərhal ağ ayının belinə mindirib.
Putin "fotoşop etmir", Tramp isə ehtiyac duymur
Xatırladaq ki, Putinin ayı üzərində təsvir edildiyi fotolar bir vaxtlar sosial şəbəkələrdə viral olanda, Rusiya prezidenti NBC-yə müsahibəsində bununla heç bir əlaqəsinin olmadığını demişdi. Onun sözlərinə görə, iş kabinetində sənədlərlə çəkilmiş çoxlu şəkilləri var, amma "bunlar heç kəsi maraqlandırmır". Ayı üzərində olan fotolar isə maraqlıdır, baxmayaraq ki, Putinin etirafına görə, o, real həyatda "hələ ayı belində çapmayıb".
Tramp məsələsində isə vəziyyət fərqlidir. "The Economist" rəssamları ABŞ prezidentinin bədənini "qlamur atletikaya" salmaq zəhmətinə qatılmayıblar. Sosial şəbəkə istifadəçilərinin xüsusi qeyd etdiyi məqam da məhz budur: burada Tramp olduğu kimidir - nə artıq əzələ, nə də mifoloji idealizasiya var. Sarkazm incədir, amma oxunaqlıdır.
Ağ ayının kölgəsində qalan ciddi mətn
Üz qabığındakı bu vizual şou, əslində, kifayət qədər qaranlıq- "Donald Trampdan qaynaqlanan real təhlükə" başlıqlı məqaləni müşayiət edir. Məqalədə ABŞ-ın Qrenlandiya ilə bağlı iddialarının, Trampın "taktiki geri çəkilmə" görüntüsünə baxmayaraq, ciddi risklər yaratdığı vurğulanır.
Jurnal yazır ki, Trampın faydasız saydığı müttəfiqlərlə daimi toqquşmalar şəraitində Amerika alyansları uzunömürlü ola bilməz. Avropa daxilində parçalanma dərinləşəcək, ölkələr isə "yırtıcı Amerika" ilə necə davranmaq barədə fərqli yollar axtaracaqlar.
Nəşr əlavə edir ki, məhz bu məqamda Vladimir Putin və Si Tzsinpin müttəfiqlərin birliyini sarsıtmaq üçün yeni təxribat imkanları axtaracaqlar. Beləliklə, üz qabığında bir ayı, bir lider və bir çılpaq sinə var. İçəridə isə daha ciddi bir mesaj gizlənir: rəmzlər gülməli görünə bilər, amma nəticələri heç də karikatura səviyyəsində olmaya bilər.