Bizi sosial şəbəkələrdən izləyin:
“Çünki sosial-iqtisadi problemlər həll olunmayıb. Və üstəgəl əvvəlki etirazlar zamanı rejim tərəfindən xeyli kütləvi qətliamlar icra edildi ki, bu da ailələrə zərbə vurduğundan insanların qəlbində kəskin nifrət hissləri yaradıb...”
“İranda hazırda nisbi sakitlik olsa da, etirazların yenidən başlaması ehtimalı yüksəkdir. Niyə? Çünki iqtisadi problemlər həll edilməyib və onların həll olunması da çətindir. Ona görə ki, dövlət ABŞ və Avropanın sanksiyaları altındadır. Sanksiyaların da yumşaldılması üçün İran rəhbərliyindəki mühafizəkarlar gərək xarici və təhlükəsizlik aksentini dəyişələr. Onu da dəyişməyəcəklərsə, deməli, ölkədə iqtisadi durum getdikcə ağırlaşacaq və etirazlar yenə də baş qaldıracaq. Eyni zamanda ABŞ və İsrailin İrana raket zərbələri endirmələri ehtimalı yenə də gündəmdə qalır”.
Bu fikirləri politoloq Elxan Şahinoğlu Moderator.az əməkdaşının “İranda son həftələr baş vermiş hadisə və proseslər barədə gəldiyiniz son nəticələr nələrdən ibarətdir və sizcə, bundan sonra ölkə daxilində və ətrafında nələr gözlənilir?” sualını cavablandırarkən səsləndirib.
“İran daxilində sosial-iqtisadi problemlərə etirazlarla paralel etnik zəmində də üsyanlar baş qaldıra bilərmi?” sualına isə siyasi şərhçi belə cavab verib:
“Hesab edirəm ki, hazırda İranda yaşayan xalqların etirazları əslində əsasən sosial-iqtisadi problemlərlə və hüquqlarının tapdanmasıyla bağlıdır. O cümlədən oradakı soydaşlarımızın – Azərbaycan türklərinin də hüquqları tapdanmaqdadır. Onsuz da azərbaycanlılar hər zaman bu hüquqları uğrunda dinc mübarizə aparırlar. Amma əlbəttə ki, rejimə qarşı silahlı mübarizəyə qoşulmurlar. Çünki ortada Pəhləvi faktoru var. Lakin bir daha təkrar edirəm: İranda xalq, həmçinin soydaşlarımız tərəfindən yeni kütləvi etiraz aksiyaları baş qaldıra bilər. Çünki sosial-iqtisadi problemlər həll olunmayıb. Və üstəgəl əvvəlki etirazlar zamanı rejim tərəfindən xeyli kütləvi qətliamlar icra edildi ki, bu da ailələrə zərbə vurduğundan insanların qəlbində kəskin nifrət hissləri yaradıb...”
Sultan Laçın