Rusiyada orta məktəblər hərbiləşdirilir?
Ekskluziv
104
09:03, Bu gün

Rusiyada orta məktəblər hərbiləşdirilir?

Bundan sonra Rusiyada məktəblilər dərs zamanı pilotsuz uçuş aparatları yığacaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, artıq bu qərar Ruysiya hökuməti tərəfindən təsdiqlənib. Qərara görə, Rusiyada məktəblilərə “Uşaqlara Vətən Təhlükəsizliyi və Müdafiəsinin Əsasları” dərsləri zamanı PUA-ları necə yığmaq və idarə etmək öyrədiləcək. Məktəblərdə tədris ediləcək proqrama PUA konstruksiyası və onların praktiki idarəetməsi haqqında əsas biliklər daxildir.

Rusiyada orta məktəblərdə dərs zamanı PUA-ların yığılması və idarə edilməsinin öyrədilməsi ciddi mətləblərdən xəbər verir.

Birincisi, bu qərar göstərir ki, Rusiya Ukrayna müharibəsini bitirmək haqqında düşünmür. Moskva bu müharibənin əsas silahı olan PUA-ların orta məktəblərdə yığılması və idarə edilməsini tədris etməklə bu savaşı ümumxalq müharibəsinə çevirməyi, müharibə  və ya müharibə şəraitində yaşamağı adi həyat tərzinə çevirməyi hədəfləyir.

İkincisi, bu qərar yeniyetmə və gənclər arasında PUA-lara olan marağın artırılmasına, bu sahədə ilkin bilik və bacarığa malik kadrların hazırlanmasına hesablanıb. Ehtimal ki, genişlənməkdə olan PUA müharibələri fonunda Ruisya kadr qıtlığı ilə qarşılaşıb və bu problemi yeniyetmə və gənclərin hesabına əsaslı şəkildə həll etmək niyyətindədir.

Üçüncüsü, çox güman ki, Rusiya müasir dünyada artan müharibələri nəzərə alaraq bununla həm də gələcək qarşıdurmalara hazırlaşır. Məhz bu səbəbdən də gəncləri müasir hərbi biliklərə yönəltməyə, cəmiyyətin psixologiyasını, ictimai şüuru bu konteksdə formalaşdırmağa ehtiyac duyur.

Rusiyanın orta məktəblərdə PUA-ların yığılması və idarə olunmasının tədrisi mübahisəli bir qərar olsa da, bu yenilik bütövlükdə dünyamızda müdafiə və təhlükəsizliklə bağlı qayığların düşünüldüyündən daha dərin, daha ciddi olduğunu göstərir. Baş verənlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müdafiə və təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər, bu sahəyə ayrılan vəsaitin hər il dinamik şəkildə artırılması, ordumuzun peşəkarlığının yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi,  milli birlik və həmrəyliyin qorunub saxlanılması həyati əhəmiyyətə malikdir. Bütün bu addımlar bir məqsədə - Azərbaycan dövləti və xalqının təhlükəsizliyini etibarlı şəkildə qorumağa xidmət edir ki, hər bir vətəndaşın bu müqəddəs missiyaya öz imkanı daxilində töhfə verməsi, son dərəcə həssaslıqla yanaşması zəruridir.

S. ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər