Bizi sosial şəbəkələrdən izləyin:
“Bizdə dilin formalaşmasına ən çox mənfi təsir göstərən fərdi şəxslərdir. O şəxslər ki, artıq onlar dilimizin daxili imkanları ola-ola daha çox alınma sözlərdən istifadə edirlər. Məsələn, tormoz, şofer, xaladelnik kimi sözlər.. Bu sözlərdən bizim məişətimizdə daha geniş istifadə edilir və onların hər birinin Azərbaycan dilində qarşılığı var. Əlbəttə, bunun üçün milli şüurun, milli dərkin, təfəkkürün inkişaf etdirilməsi çox vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında Nazirlə Kabineti Yanında Terminologiya komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.
O daha sonra əlavə edib:
“Dövlət dili haqqında qanunumuz var və bu qanunda qeyd edilir ki, birinci növbədə küçə adları, işaə, müəssisə adları, restoran adları Azərbaycan dilində, sonra isə dünya dilləri içərisində geniş istifadə olunan inglis dilində yazılmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, iaşə, müəssisə adlarına baxdıqda görərik ki, Azərbaycan dilində yox, inglis dilində yazılır. Bu cür nümunələr gənclərin özünün milli dərkinə, şüuruna mənfi təsir göstərir. Bu həm də bizim dil normalarının pozulması deməkdir. Buna görə də dil normalarını qorumaq üçün Bakı Şəhər İcra Hakimiyyəti dövlət dili haqqında qanunun yerinə yetirilməsi üçün mühüm işlərə başlamalıdır. Bu işlərin hər biri Azərbaycan dilinin inkişafına, zənginləşməsinə, milli şüurumuzun formalaşmasına müsbət təsir göstərir. Bəzən aparıcıların, xüsusilə qonaqların dilində yad kəlmələrə, alınma sözlərə geniş yer verilir. Biz o alınmalardan danışırıq ki, cənab prezidentin qeyd etdiyi kimi beynəlxalq leksikom var, beynəlxalq dil vahidləri var. Bu dil vahidlərinin dildə işlənməsi zərurətdir. Bir də var ki, bizim əzəli kəlmələrimiz var. O kəlmələrlə biz fikrimizi daha aydın şəkildə ifadə edə bilərik. Lakin bunun əvəzində alınma sözlərdən istifadə edilir. Televiziya, kültəvi informasiya vasitələrinin əsas məqsədi daha çox oxunaqlı olması və kütləni öz əhatəsində toplamasıdır. Əgər orada alınma sözlər çox istifadə edilirsə və kütlə onun mənasını dərk etmirsə, bu birinci növbədə televiziyanın, eləcə də kütləvi informasiya vasitələrinin mənfi cəhətlərindən biridir. Ona görə də dil normaları, Azərbaycan dilinin daxili imkanları burada nəzərə alınmalı və bu istiqamətdə ədəbi dil inkişaf etdirilməlidir”, - deyə Sayalı Sadıqova bildirib.