“Unutmamaq lazımdır ki, Trampın manevr imkanlarını məhdudlaşdıran əsas amillərdən biri ABŞ-ın öz daxili siyasi və institusional quruluşudur. Konqres, federal məhkəmələr, ştat rəhbərlikləri və siyasi elitalar prezidentin qərarlarını balanslayan və nəzarətdə saxlayan mexanizmlər kimi çıxış edir...”
“Reallıqda Trampın siyasəti vahid dünya hökmranlığı yaratmaqdan çox, çoxqütblü sistemdə ABŞ-ın mövqeyini mümkün qədər qorumağa və möhkəmləndirməyə yönəlmiş reaktiv və bir qədər də xaotik bir strategiyadır...”
“Trampın qlobal diktatura qurması nə nəzəri, nə də praktik baxımdan mümkündür. Lakin o, ABŞ-ı gücləndirməklə bu dövlətin itməkdə olan hegemon mövqeyini qorumağa çalışır. Qlobal diktatura anlayışı beynəlxalq münasibətlər sisteminin təbiətinə ziddir, çünki bu sistem nə bir dövlət, nə də bir təşkilat tərəfindən idarə olunur. Dünyada vahid qlobal hökumət yoxdur və beynəlxalq münasibətlər bir dövlət daxilindəki kimi müəyyən hüquqi-siyasi qaydalar əsasında fəaliyyət göstərmir. Onun özünəməxsus qaydaları, institutları və formalaşmış ənənələri mövcuddur. Tramp bu qaydalara və ənənələrə qarşı çıxmağa çalışır. Lakin mövcud beynəlxalq sistemin aşınması prosesi Tramp dövründə başlamayıb. Bu proses Rusiya-Ukrayna müharibəsi ilə açıq şəkildə üzə çıxdı. Bir çox ekspertlər, o cümlədən mən də, bu tendensiyanın dörd il əvvəl başladığını vurğulayanda müəyyən şübhələrlə qarşılaşırdıq. Bu gün isə artıq demək olar ki, beynəlxalq ictimaiyyət bu prosesin sürətlə dərinləşdiyini qəbul edir.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “ABŞ-ın hazırkı lideri Trampın guya qlobal diktatura qurması haqda fərziyyələrə necə baxırsız?” sualını cavablandırarkən ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
“Avropa Birliyinin, xüsusən Fransanın Trampın mövcud siyasətinə müqaviməti ciddi nəticə verə bilərmi?” sualına isə siyasi şərhçi belə cavab verib:
“Fransa Trampın siyasətinə böyük güc refleksi ilə yanaşır. Lakin Emmanuel Makronun Avropa Birliyindən kənar, təkbaşına hərəkət edərək real nəticə əldə etməsi çətin görünür. Əgər Avropa Birliyi bütöv və koordinasiyalı siyasət ortaya qoya bilsə, müəyyən nəticələr əldə etmək mümkündür. Ancaq uzun illərdir müşahidə etdiyimiz kimi, Avropa Birliyi daxilində ciddi fikir ayrılıqları mövcuddur.
Hazırkı vəziyyət də əvvəlkilərdən fərqlidir. ABŞ-a güzəştə getmək Avropa Birliyinin ya sonunu gətirə bilər, ya da onu ciddi şəkildə zəiflədə bilər. Bu səbəbdən ehtimal etmək olar ki, Avropanın aparıcı dövlətləri ABŞ-ın, xüsusilə də Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasətinin həyata keçməsinə imkan verməməyə çalışacaqlar. Bunun kifayət edib-etməyəcəyini indidən söyləmək çətindir. Lakin Avropa tərəfi ABŞ-a alternativ və daha səmərəli əməkdaşlıq modelləri təklif edəcək. Bununla belə, Tramp “Amerikanı yenidən böyük etmək” məqsədi naminə bu təkliflərlə asanlıqla razılaşacaq bir siyasi fiqur deyil...”
“Unutmamaq lazımdır ki, Trampın manevr imkanlarını məhdudlaşdıran əsas amillərdən biri ABŞ-ın öz daxili siyasi və institusional quruluşudur. Konqres, federal məhkəmələr, ştat rəhbərlikləri və siyasi elitalar prezidentin qərarlarını balanslayan və nəzarətdə saxlayan mexanizmlər kimi çıxış edir. ABŞ-da hakimiyyətin mərkəzləşməsi struktur baxımından mümkün deyil və bu “daxili balans” sistemi istənilən prezidentin, o cümlədən Trampın qlobal miqyasda avtoritar idarəetmə qurmaq ehtimalını ciddi şəkildə zəiflədir. Bu səbəbdən Trampın ritorikası nə qədər sərt olsa da, onun real siyasi imkanları institusional çərçivələrlə məhdudlaşır”, - davamında Əli Əskərli belə söyləyib.
Alim hesab edir ki, ABŞ hegemoniyasına əsas çağırış bu gün Avropadan deyil, Çindən gəlir:
“Trampın ticarət, texnologiya və təhlükəsizlik sahələrində sərt mövqeyi əsasən Pekinə yönəlib və Vaşinqtonun strateji prioriteti qlobal güc balansında Çinin yüksəlişini cilovlamaqdır. Qeyd etmək lazimdir ki, Trampin Qrenlandiya siyasətinin ana sütununu da Çin və Rusiyadan gələ biləcək təhlukəsizlik problemləri təşkil edir.
Bu kontekstdə “qlobal diktatura” anlayışı daha çox populist siyasi ritorika və qorxu üzərindən qurulan narrativ xarakteri daşıyır. Reallıqda isə Trampın siyasəti vahid dünya hökmranlığı yaratmaqdan çox, çoxqütblü sistemdə ABŞ-ın mövqeyini mümkün qədər qorumağa və möhkəmləndirməyə yönəlmiş reaktiv və bir qədər də xaotik bir strategiyadır...”
Təqdim etdi:
Sultan Laçın