Qanlı yanvar hadisələrində dənizçilərimizin də əvəzsisz rolu olub. Azadlığımız uğrunda onlar da canları bahasına mübarizə aparıblar. Qanlı yanvar tarixinin şahidlərindən və zərərçəkənlərindən biri də gəmi kapitanı Hidayət Atakişiyev olub. O, 90-cı illərdə ALATAU gəmisinə kapitanlıq edib. Şevçenko şəhərindən Bakıya ərzaq və material dalınca gəlib yenidən ora qayıdacaqdı. Qanlı hadisələrin baş verdiyini görən Hidayət Atakişiyev və onunla yanaşı Bakı buxtasındakı digər gəmilərimiz dünyaya SOS siqnalını çatdırmalı olurlar.

2 il öncə düyasını dəyişən Hidayət Atakişiyevin oğlu Faiq Atakişiyev Moderator.az-a açıqlamasında atasının 20 yanvar hadisələri ilə bağlı xatirələrini bizimlə bölüşüb:

“O hadisələri bir neçə kəlmə ilə sizlərə çatdırmaq çox çətindir. Mənim yaşım az olsa da dənizçilərin yataqxanasında olanda orada baş verənlər, ordan keçən tanklar, dənizçilərin şücayəti, əmilərimin həftələrlə xəstəxanalarda, morqlarda atamı axtarmağı göz önümdədir. Atamı Sovet hərbi gəmilərinin giriş-çıxışının qarşısını almaq üçün Bakı buxtasının bağlanmasında fəal iştirak etdiyinə, radio əlaqədə gəmilərlə danışıqlarına görə onu həbs edib Ulyanovskiyə etap etmişdilər. Atam hər zaman xatirələrində danışırdı ki, həmin gün 4 dildə SOS verilib. Azərbaycan, rus, inglis və türk dillərində. Qara Dənizdən həmin dəqiqə cavab gəlib. İlk Türkiyənin gəmiləri onlara cavab verib. Sonra bütün dünyada nə qədər dənizçi var hamısından onlara dəstək gəlib ki, “dənizçi qardaşlarımız, sarsılmayın, biz sizinləyik”. Atam deyirdi ki, buxtanı blokada etmişdilər ki, hərbi gəmilər qırağa çıxmasın. Bu hərbi gəmilərə, sərnişin gəmilərə meyitləri yükləyib aparmaq istəyirdilər ki, meyitlərin sayı az olsun. Bakı buxtasında yerləşən bütün gəmilərə heç yerə getməmək göstərişi verilir. Və içərisində yoxlamalar aparılır. Ekipaj üzvləri, həmçinin də atam canları bahasına da olsa gəmiləri tərk etməyəcəklərini bildirirlər. Atam danışırdı ki, gəmidə kayutumda oturmuşdum, bir də gördüm qapıya möhkəm təpik dəydi, qapı açıldı. İçəri bir neçə nəfər əli avtomatlı sovet ordusu saldatı daxil oldu. Biri də soruşdu ki, kapitan sənsən? Dedim mənəm. Qalxdım ayağa, ayağa duranda dedi əllərini boynuna qoy.
Əllərimi boynuma qoydum. Gətirdilər məni Dor ağacının yanına. Hansı ki, gəmilərimiz hamısı demək olar ki, qara bayraq qaldırmışdı matəm olduğuna görə. Mənə dedi ki, niyə qara bayraq qaldırmısan? Dedim ki, qara bayraq ona görə qaldırmışam ki, Azərbaycanda, Bakıda matəmdi, hamımız qara bayraq qaldırmışıq. Dedi ki, sən bilirsən ki, Nizamnaməni pozmusan? Dedim nə nizamnamə? Dedi mən sənə əmr edirəm ki, bayrağı aşağı sal. Atam da inad edib, bayrağı aşağı salmayıb. Deyib ki, səni güllələyəcəm. Atam da qışqıraraq deyib ki, “güllələ də, bu qədər bizim millətimiz xalqın yolunda canından keçiblər. Mən də canımdan keçməyə hazıram”. Bu sözdən sonra atamı və digər gəmi heyətini silah gücü ilə götürməli olurlar. Dubinka ilə, avtomatla əllərinə, ayaqlarına, başlarına vurublar. Çox böyük işgəncələr görüblər. Onları gecə ilə Rostova aparıblar. Orada bir daha ard-arda işgəncələr veriblər. Atam deyirdi ki, türmələr yalan idi, bizi elə döyürdülər ki” deyə kapitanın oğlu bildirib.

O daha sonra əlavə edib:
“Azadlıq, müstəqillik elə-belə əmələ gəlmir. 20 yanvar şəhidləri azadlığımızın ilk carçıları oldular. Atam hər dəfə Şəhidlər Xiyabanına gedəndə çox kövrəlirdi. 2020-ci ildən sonra atam Şəhidlər Xiyabanından başı dik keçirdi. Azadlıq toxumlarını elə o zamandan əkən şəhidlərimizin, qəhrəmanlarımızın mübarizliklə gəldiyi yolun bu günündəyik artıq. Qalib, qəhrəman və bütöv Azərbaycan olaraq. Uzun illər Xəzər Dəniz Neft donanmasında çalışmışam. Hansı ki, atam da vaxtilə bu donanmada çalışıb. Mən Atam və onun timsalında dənizçilərin vətən uğrunda şücaətini, birliyini, mərdliyini görüb bu sənəti sevib seçmişəm. Dənizçilər 1-ci Qarabağ müharibəsi zamanı həmçinin də İkinci vətən müharibəsi zamanı da vətən uğrunda döyüşlərdə iştirak ediblər, vətənə dəstək olublar. Bir vətəndaş, bir dənizçi kimi bizlər hər zaman vətənimizin, dövlətimizin xidmətindəyik” deyə Hidayət Atakişiyevin oğlu bildirib.