Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Silahlı Qüvvələrinin tərkibində işğalçı Putin ordusuna qarşı döyüşən "Rusiya Könüllü Korpusu" üzvlərinin şəklini məktəb elan lövhəsinə yerləşdirən məktəbli qız dörd il həbs cəzasına məhkum edilib.
Moderator.az "Meduza"ya istinadla xəbər verir ki, "Verstka" nəşrinin vəkilinə əsaslanaraq yaydığı məlumata görə, Sankt-Peterburqdakı Birinci Qərb Rayon Hərbi Məhkəməsi 17 yaşlı məktəbli qız Yeva Baqrovanı məktəbdə "Rusiya Könüllü Korpusu"("RKK") üzvlərinin şəkillərini yerləşdirdiyinə görə dörd il həbs cəzasına məhkum edib.
Hökm 2025-ci ilin oktyabrında çıxarılıb, lakin o haqda məlumat yalnız indi meydana çıxıb. Baqrova terrorizmə haqq qazandırmaqda (Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi) və terrorçu fəaliyyətə kömək etməkdə (Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsi) günahkar bilinib.
"Verstka"nın qeyd etdiyi kimi, iş əvvəlcə yalnız bir ittihamla bağlı olub: "RKK"-nın təsisçisi Denis Kapustin və bölmə üzvü Aleksey Levkinin şəkillərinin paylaşılması müstəntiqlər tərəfindən "terrorizmə haqq qazandırmaq" kimi təsnif edilib. "Terrorçu fəaliyyətinə kömək etmək" ittihamları sonradan ortaya çıxıb - onların əlaqəsi aydın deyil.
Müdafiə tərəfi hökmdən appelyasiya şikayəti verib və appelyasiya iclası 22 yanvar tarixinə təyin edilib.
Baqrovanın cinayət işi 2024-cü ilin sonlarında ictimaiyyətə açıqlanıb. Həbs olunduğu zaman onun 16 yaşı olub və səkkizinci sinifdə oxuyub.