Azərbaycandan mərdlik nümunəsi, Ukrayna səfirinin etirafı və
Ekskluziv
655
17:06, Bu gün

Azərbaycandan mərdlik nümunəsi, Ukrayna səfirinin etirafı və "xilas əməliyyatı"...

Artıq dördüncü ildir ki, bir tərəfdən Rusiya ilə döyüşən, digər tərəfdən qışın dondurucu soyuğu ilə mübarizə aparan Ukraynanın sözün həqiqi mənasında ölüm-dirim savaşı verdiyi, öz tarixini və taleyini yenidən yazdığı birmənalıdır. Məhz belə bir kritik məqamda Azərbaycanın Ukraynaya humanitar yardımlar göndərməsi davam edir ki, bu yardımlar qəhrəman Ukrayna xalqı üçün həyati önəm kəsb edir. Hansı ki, bu həqiqət  rəsmi Kiyev tərəfindən dəfələrlə etiraf edilməkdə, təqdirlə vurğulanmaqdadır.

Xatırladaq ki, elə bu gün Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımı yüksək qiymətləndirərək deyib:

“Biz xüsusilə bu gün Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk. Bu gün biz daha bir humanitar yardım paketini qəbul edirik ki, bu da qış dövründə, Rusiya tərəfindən elektrik infrastrukturumuza edilən terror hücumlarından sonra bizim üçün son dərəcə vacibdir”.

Azərbaycanın 20 yanvar tarixində  Ukraynaya göndərdiyi elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımında 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr kabel və naqil yer alıb ki, bu da enerji infrastrukturu mütəmadi şəkildə Rusiyanın raket və dron zərbələrinə məruz qalan, əhalinin böyük əksəriyyətini elektrik enerjisi və istiliklə təmin etməkdə çətinlik çəkən Ukrayna üçün sözün həqiqi mənasında xilas kəməridir. Çünki elektrik stransiyaları Rusiyanın zərbələri nəticəsində tez-tez sıradan çıxdığı üçün Ukraynada əhalinin elektrik enerjisi ilə təchizatında əsas yük generatorların üzərinə düşür. Böyük gücə malik generatorlar bütöv bir binanın elektrik enerjisi ilə təchizatını təmin edə, onlarla ailə üçün ümid və xilas vasitəsinə çevrilə bilir.

Azərbaycanın Ukraynaya göndərdiyi elektrik avadanlıqları minlərlə mülki ukraynalının –qadınların, qocaların, uşaqların həyatının xilas edilməsində, onların qışın dondurucu soyuğundan qorunmasında mühüm rol oynayır. Bu fakt bir daha sübut edir ki, Azərbaycan harada baş verəməsindən asılı olmayaraq, heç bir humanitar fəlakətə biganə qala bilmir, bu fəlakətin nəticələrinin ortadan qaldırılması, insanların xilas edilməsi üçün əlindən gələni edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, bu dövlətin Müzəffər Ali Baş Komandanı olan İlham Əliyevin böyüklüyündən, mətinliyindən, humanizmindən və insan həyatına verdiyi yüksək dəyərdən xəbər verir.

Şübhəsiz, bütün müharibələr kimi bir gün Rusiya-Ukrayna müharibəsi də başa çatacaq, zaman müharibənin yaralarını tədricən saracaq, müharibənin dəhşətlərinə son qoyacaq. Lakin  Azərbaycanın dar gündə Ukraryan xalqına verdiyi dəstək, göstərdiyi köməklik hər zaman Ukrayna xalqı tərəfindən yad ediləcək, əbədi minnətdarlıq hissi ilə xatırlanacaq.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər