Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm...
Ekskluziv
341
09:45, Bu gün

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm...

İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi...

Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir. Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub.

Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı.

Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı. Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir. Bu konfrans Azərbaycanın itkin problemi və onun həllinə necə böyük önəm verdiyini bir daha ortaya qoydu.

Xatırladaq ki, sözügedən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin qayğısı sayəsində itkin probleminin həlli istiqamətində atılan addımlara diqqət çəkdi, konkret rəqəmlərə, dəqiq statistik məlumatlara diqqət çəkdi. Hazırda Dövlət Komissiyasında 3990 nəfər şəxsin itkin kimi qeydiyyata alındığını bildirən Dövlət Komissiyasının sədri, işğaldan azad olunmuş ərzilərdə 29 kütləvi məzarlıq aşkar edildiyini, həmin məzarlıqlarda tapıan 218 nəfərə aid meyit qalığının ekshumasiya edildiyini vurğuladı. Əli Nağıyev qeyd etdi ki, aparılan araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 187 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub.

Bir faktı da qeyd edək ki, itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər sadəcə bu sahədəki statistik göstəricilərin yaxşılaşmasına, problemin praktiki həllinin sürətlənməsi demək deyil. Bu, eyni zamanda bütöv bir ailənin, bütöv bir nəslin, bütöv bir elin uzun illərdir davam edən nigaranlığının ortadan qaldırılması, onlarla, yüzlrlə insanın mənəvi rahatlığa qovuşması deməkdir. Bu mənada əminliklə demək olar ki, Dövlət Komissiyasının fəaliyyəti itkinlərimizin taleyinə aydınlıq gətirməklə yanaşı, onların doğmalarına da ruhi dinclik bəxş edir. Hansı ki, bu fəaliyyət dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm kimi dəyərləndirilə bilər.

İtkinlərimizin hər birinin müqəddaratına aydınlıq gətirmək üçün dövlətimizin gördüyü işlər davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə daha onlarla, yüzlərlə itkinimizin aqibəti bəlli olacaq, onların nəşi doğmalarına təhvil veriləcək. Və bu zaman sadəcə həyatını itirən itkinlərimiz deyil, həm də onların bütün yaxınları mənəvi rahatlığa qovuşacaq, onların içindəki sonsuz intizar qismən də olsa ortadan qalxacaq və daim yollara baxan gözlər qeyri-müəyyənliyə deyil, konkret bir məzara dikiləcək. Vətənin bütövlüyü, azadlığı və şərəfi üçün həyatını qurban verən qəhrəmanların məzarına...

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər