Bizi sosial şəbəkələrdən izləyin:
"Qrenlandiya ətrafında yaranan bu gərginlik Qərb düşərgəsində parçalanma riski yaradır..."
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Avropaya yönəlik ultimativ tələbləri və tarif təhdidləri Avropa İttifaqı ilə Vaşinqton arasında gərginliyi artırıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib. Məlumatı yayıb.
"Rusiya və Çin bu qarşıdurmadan qazanır"
Kallas bəyan edib ki, bu qarşıdurma Rusiyanın maraqlarına xidmət edir. O, "X" sosial şəbəkəsində yazdığı paylaşımda qeyd edib ki, ABŞ ilə Avropa arasında Qrenlandiya üzərindən yaranan mübahisə müttəfiqlərin əsas vəzifəsindən - Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq səylərindən yayındırır.
Onun sözlərinə görə, bu vəziyyət "Rusiya və Çinin əlini ovuşdurmasına" səbəb olur. Kallas vurğulayıb ki, əgər Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı real problem varsa, bu məsələ NATO çərçivəsində həll oluna bilər və tariflər Avropa ilə ABŞ-ı yalnız daha da kasıbladır.
Trampdan tarif təzyiqi və Avropanın cavabı
Donald Tramp Danimarka və bir sıra Avropa ölkələrinin Qrenlandiyanın ABŞ-a verilməsinə qarşı çıxmasını əsas gətirərək, həmin dövlətlərə qarşı 10 faiz idxal rüsumu tətbiq ediləcəyini açıqlayıb. Fevralın 1-dən qüvvəyə minəcək bu tariflərin iyun ayından etibarən 25 faizə qaldırılacağı bildirilib.
Avropa liderləri bu addımı "iqtisadi şantaj" kimi qiymətləndirib. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer təhdidlərin qəbuledilməz olduğunu bildirərək, Avropanın vahid və koordinasiyalı cavab verəcəyini bəyan ediblər.
Məsələ ilə bağlı Avropa İttifaqı səfirlərinin təcili iclası çağırılıb. Mütəxəssislərin fikrincə, Qrenlandiya ətrafında yaranan bu gərginlik Qərb düşərgəsində parçalanma riski yaradır və bu vəziyyət ilk növbədə Moskvanın maraqlarına uyğun gəlir.