Əmək münasibətlərində sosial ədalətin təmin olunması, xüsusilə aliment və ziyan ödənişləri ilə bağlı mexanizmlərin hüquqi çərçivədə tənzimlənməsi daim aktual mövzulardandır. Son dövrlər bu istiqamətdə edilən dəyişikliklər həm işçilərin hüquqlarının qorunması, həm də öhdəliklərin icrasında balansın saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Məsələyə hüquqi aspektdən aydınlıq gətirən Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov mövcud normaların mahiyyətini və tətbiq imkanlarını açıqlayıb.
Moderator.az-a açıqlamasında Fariz Əkbərov bildirib ki, aliment və ziyan ödənişlərində maksimum hədd və alimentlə əlaqədar işçinin əməkhaqqında tutulmaya dair norma müəyyənləşib:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir".
Hüquqşünas əlavə olaraq, onu da qeyd edib dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz:
"Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlaya bilərlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödənilə bilər. Bu heç də belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər.Hətta aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda və yaxud valideynlər uşaqları saxlamadıqda, məhkəməyə bu barədə iddia verilmədikdə yerli icra hakimiyyəti orqanı uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir".
Pərvin Şakirqızı