Ekskluziv
455
15:47, Bu gün

"İran rejiminin sağ qalması Qərbin məğlubiyyəti demək olacaq" – İsrail mətbuatı

 
"Vaşinqtonun tərəddüdü Tehrana vaxt qazandırır..."
 
İsrail və ABŞ arasında İran ətrafında formalaşan böhran yeni, lakin hələ də qeyri-müəyyən mərhələyə daxil olub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
 
İsrail Vaşinqtondan konkret addımlar gözləyir
 
Təl-Əvivdə hesab edirlər ki, mövcud gərginliyin sonunda Tehrandakı ayətullahlar rejimi hakimiyyətdə qalarsa, bu, ABŞ və bütövlükdə Qərb üçün "qələbə" deyil, strateji məğlubiyyət kimi dəyərləndiriləcək. "Maariv" nəşrinin hərbi icmalçısı Avi Aşkenazinin yazdığına görə, İsraildə Donald Tramp administrasiyasından sərt bəyanatlar yox, real addımlar gözlənilir. 
 
Trampın "Mən qalib gəlmək istəyirəm" açıqlaması Təl-Əvivdə diqqətlə təhlil olunub. İsrail siyasi və hərbi dairələri vurğulayır ki, tarix göstərir: radikal rejim ciddi təzyiqdən sonra sadəcə sağ qalırsa, bunu öz daxili auditoriyasına və regiona "qələbə" kimi təqdim edir və daha aqressiv kursa keçir.
 
Tehran güc strukturlarını möhkəmləndirir
 
Bu fonda İranda baş verən iqtisadi proseslər də diqqət mərkəzindədir. Rəsmi Tehranın "özəl şirkətlər"lə neft sahəsində 2 milyard dollarlıq müqavilələr imzalaması, əslində, rejimin əsas dayağı olan İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərini möhkəmləndirməyə hesablanıb.
 
Ekspertlərin fikrincə, formal olaraq "özəl" adlandırılan bu şirkətlərin əksəriyyəti birbaşa və ya dolayı yollarla Keşikçilər Korpusuna bağlıdır. Bu struktur təkcə hərbi-siyasi aparat deyil, həm də İran iqtisadiyyatının böyük hissəsinə nəzarət edən güclü iqtisadi mexanizmdir. Məhz buna görə rejim indiki mərhələdə daxildə əsasən güc strukturlarına arxalanır.
 
Raketlər əvəzinə sanksiyalar
 
Eyni zamanda İsrail və ABŞ arasında intensiv məsləhətləşmələr davam edir. Benjamin Netanyahunun Trampdan İrana mümkün hərbi zərbəni təxirə salmağı xahiş etdiyi barədə məlumatı "The New York Times" yayıb. Bildirilir ki, İsrail Vaşinqtonun istənilən qərarını dəstəkləyir, lakin hazırda zərbədə israr etmir.
 
Vaşinqton isə hələlik hərbi zərbələrdən çox, maliyyə təzyiqinə üstünlük verir. "Reuters" agentliyinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi İranda etirazların zorakılıqla yatırılmasına cavabdeh olan yüksək vəzifəli şəxslərə və neft gəlirlərinin "kölgə bankçılığı" yolu ilə yuyulmasında iştirak edən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib.
 
Təl-Əvivdə hesab edirlər ki, zaman Qərbin əleyhinə işləyir. Qərarsızlıq uzandıqca, Tehran bunu öz siyasi üstünlüyü kimi təqdim edə bilər. Buna görə də İsrail dairələri Vaşinqtonun yaxın günlərdə həlledici qərar verəcəyini gözləyir. Bu qərar təkcə indiki böhranın deyil, regionda təhlükəsizlik balansının gələcək illər üçün hansı istiqamətdə formalaşacağını müəyyən edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər