ABŞ İranı parçalamaq və etnik-məzhəb savaş meydanına çevirməklə nəyə nail olmaq istəyir?..- ANALİTİK
Ekskluziv
258
11:41, Bu gün

ABŞ İranı parçalamaq və etnik-məzhəb savaş meydanına çevirməklə nəyə nail olmaq istəyir?..- ANALİTİK

“İrandakı rejimin bu radikal özünüislah addımları atacağına inamım yoxdur. Bu, İranın 50 ilə yaxın dövlət ənənələrindən tamamilə imtina anlamına gəlir...”

"ABŞ İrana hücum edərsə, bu təchizat yolu bağlanacaq və Çin sənayesi çöküş yaşayacaq..."

“İstənilən hərbi ittifaqın zəif tərəfləri olur və adətən həmin zəif nöqtələr müharibə poliqonuna çevrilir. Necə ki, Ukrayna Rusiya-NATO savaşının poliqonu halına gəldi, İran da ABŞ-Çin gərginliyinin episentrinə çevrilməliydi və çevrildi”. 

 
Siyasi şərhçi Heydər Oğuz son həftələt İranda baş verən hadisələri şərh edərkən belə deyib.
 
Onun sözlərinə görə, ilk baxışda İranda hər şey Tehran bazarında işləyən tacirlərin iqtisadi səbəblə etiraz aksiyasına başlaması ilə ortaya çıxdı: 
 
“Etirazçılar rialın 40%-lik devalvasiyasına qarşı çıxaraq tətil etdilər. Onlara geniş xalq kütləsinin qoşulması ilə etiraz aksiyası böyüdü. Ardınca da sosial etirazlar siyasi mahiyyət qazandı və rejimin repressiv alətləri işə düşdü. Yayılan məlumatlara görə, minlərlə insan öldürüldü və işə ABŞ qarışdı. Amma bütün bunlar İrandakı etiraz dalğasının zahiri tərəfidir. Əsil səbəb isə bu etiraz dalğasını meydana gətirən geo-siyasi proseslərin alt qatında yatır... 
 
Məlumdur ki, Qərb ölkələri uzun illərdən bəridir İrana qarşı sərt sanksiyalar tətbiq edirdi. 2015-ci ildə bu sanksiyalar qismən azaldılmış, üzərindən 3 il keçməmiş Donald Tramp İranla imzalanan “P5+1” sazişindən geri çəkilmişdi. Ötən ilin sentyabrında Avropanın digər ölkələri də bu sazişdən çəkildilər və İrana qarşı sərt sanksiyaların tətbiqinə yenidən başladılar. Bu qərardan sonra onsuz da pis vəziyyətdə olan İran iqtisadiyyatı daha da çökdü və bu ilin ilk günlərində İranda milli valyutanın devalvasiyası başladı. Tacirlər də məhz bu səbəbdən tətil qərarı aldılar və etiraz aksiyalarına başladılar. Göründüyü kimi, İranda son narazılığın fitilini atəşləyən ABŞ və Avropa ölkələrinin ağır sanksiyalara qayıdışı oldu...
 
Təbii ki, İranın özündə də ağır problemlər vardı və iqtisadi böhran narazılığın şiddətini artıran faktora çevrildi. İran rejiminin etirazçılara qarşı sərt reaksiyasından və minlərlə insanı qətlə yetirməsindən sonra ABŞ İranla iqtisadi əməkdaşlığı sürdürən ölkələrə 25%-lik gömrük vergisini artırmaq qərarı aldı. Bu qərardan sonra İranın iqtisadi vəziyyətinin hər gün daha da ağırlaşması gözlənilir. Tehran bu böhranı dayandıra bilməsə, iqtisadi çöküşün də qarşısını almaq mümkün olmayacaq...
 
İranın böhrandan çıxış yolu ölkənin nüvə proqramından tamamilə imtina etməsi, molla rejiminin hakimiyyəti sekulyar qüvvələrə ötürməsi, “SEPAH”, “Bəsic” kimi paralel dövlət mexanizmlərini rəsmi dövlət qurumlarına inteqrasiyası, dünya ilə hədə-qorxu ritorikasını bir kənara qoyması və s. kimi addımlardır. Dini rejimin bu radikal özünüislah addımları atacağına inamım yoxdur. Bu, İranın 50 ilə yaxın dövlət ənənələrindən tamamilə imtina anlamına gəlir. Bir sözlə, mollaların öz hakimiyyətlərindən rahatlıqla əl çəkəcəyinə inanmıram”.
 
Bəs ABŞ İranı daxilən parçalamaq və etnik-məzhəb savaş meydanına çevirməklə nəyə nail olmaq istəyir?..
 
Heydər Oğuzun fikrincə, ilk növbədə Çini əsas enerji bazasından məhrum etmək və onun Avropaya uzanan yollarını bağlamaq niyyətindədir: 
 
“Çünki hazırda Çin istehlak etdiyi neftin yarısından çoxunu məhz Fars körfəzindən tədarük edir. ABŞ İrana hücum edərsə, bu təchizat yolu bağlanacaq və Çin sənayesi çöküş yaşayacaq...
 
İkinci əsas məqsəd İranda etnik problemlər yaradaraq Pakistanda bəluc problemini qabartmadıq. Pakistan ərazisinin 44%-i Bəlucistan vilayətinə məxsusdur və bəluclar müstəqil olmaq istəyirlər. Etnik müharibənin Bəlucistana sıçraması Çinin Pakistan üzərindən Hind okeanına çıxışını əngəlləyə bilər və ABŞ-ın başlıca hədəflərindən biri də budur... 
 
Üçüncü əsas məqsəd, sözsüz ki, İsrailin əsas rəqiblərindən birini sıradan çıxarmaqdır... 
 
Amma bütün bunlar İrana əsas vermir ki, din pərdəsi altında o torpaqlarda yaşayan milyonlarla insanın milli hüquqlarını pozsun, şəriət hökmləri ilə ölkəni orta əsrlərin qaranlıqlarına sürükləsin. Bu mənada ABŞ-İran gərginliyinə birmənalı münasibət bildirmək mümkün deyil”.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər