"Pəhləvinin planı, Trampın ehtiyatlı mövqeyi və artan regional gərginlik..."
İran ətrafında baş verən son hadisələr eyni vaxtda həm siyasi alternativlərin, həm də hərbi eskalasiya risklərinin gündəmə gəldiyini göstərir.
Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" nəşri yazıb.
Bir tərəfdən, son şahın oğlu Rza Pəhləvi ölkə üçün keçid planı təqdim edir, digər tərəfdən isə ABŞ prezidenti Donald Tramp bu ssenarinin real dayaqlara malik olub-olmadığına açıq şəkildə şübhə ilə yanaşır.
"İranın firavanlığı" planı: üç mərhələli yol xəritəsi
Rza Pəhləvi "İranın firavanlığı" adlı planın üzərində bir neçə ildir işlədiyini bildirir. Onun sözlərinə görə, bu yol xəritəsi İslam Respublikasından sonrakı dövr üçün nəzərdə tutulub və cəmi üç əsas mərhələdən ibarətdir.
Birinci mərhələdə - ilk 180 gün ərzində təhlükəsizliyin və əsas dövlət xidmətlərinin fasiləsizliyinin təmin edilməsi planlaşdırılır. İkinci mərhələ ölkənin stabilləşdirilməsini, iqtisadi inamın bərpasını və minimal idarəetmənin qorunmasını nəzərdə tutur. Üçüncü və son mərhələ isə konstitusiya prosesinin başlanması və ümumxalq seçkilərinin keçirilməsidir.
Pəhləvi bu layihəni İranın iqtisadi bərpası və beynəlxalq aləmə yenidən inteqrasiyası üçün "yol xəritəsi" adlandırır. Onun sözlərinə görə, layihə üzərində həm ölkə daxilində, həm də xaricdə yaşayan yüzdən artıq ekspert çalışır. Qeyd olunur ki, plan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş zamanı da müzakirə edilib.
Trampın ehtiyatlı mövqeyi və parçalanmış müxalifət
ABŞ prezidenti Rza Pəhləvinin şəxsiyyətinə müsbət yanaşsa da, onun İranda real dəstək qazanacağına əmin olmadığını gizlətmir. Trampın sözlərinə görə, "o, xoş təsir bağışlayır, amma ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyi bəlli deyil". "Reuters" qeyd edir ki, Tramp bu açıqlamaları ilə faktiki olaraq Pəhləvinin hakimiyyətə gələ biləcək fiqur olub-olmadığını sual altına qoyub.
Agentliyin təhlilinə əsasən, İran müxalifəti dərin şəkildə parçalanıb: monarxiya tərəfdarlarından tutmuş müxtəlif ideoloji qruplara qədər vahid mərkəz və ölkə daxilində təşkilatlanmış güc mövcud deyil. Trampın yanaşması da məhz bu reallığa söykənir. O, İran rejiminin etirazlar fonunda çökə biləcəyini istisna etməsə də, "istənilən rejim uğursuzluğa düçar ola bilər" deyərək nəticələrin qeyri-müəyyənliyini vurğulayır.
Gərgin region, müharibə ehtimalı və qeyri-müəyyən sonluq
Bu siyasi qeyri-müəyyənlik fonunda region hərbi baxımdan da yüksək hazırlıq vəziyyətindədir. ABŞ-ın İrana zərbə endirəcəyi ilə bağlı gözləntilər özünü doğrultmasa da, Trampın ziddiyyətli açıqlamaları vəziyyətə aydınlıq gətirməyib. O, edamların dayandırıldığı barədə məlumat aldığını desə də, bunun təsdiqlənməyəcəyi halda "çox məyus olacağını" bildirib.
Eyni zamanda, ABŞ təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında İranla bağlı fövqəladə iclas çağırılıb, amerikalı hərbçilərin bir hissəsinin regiondakı bazalardan çıxarılması tövsiyə olunub. Senator Lindsi Qrem isə etirazçıların öldürülməsinin davam etdiyini iddia edir.
Bütün bunların fonunda əsas sual açıq qalır: İranda dəyişiklik hərbi təzyiq və qorxu mühiti ilə, yoxsa siyasi tranzit, məsələn, Pəhləvinin təklif etdiyi model üzrə baş verəcək? Hazırkı mənzərə göstərir ki, həm Vaşinqton, həm də region ölkələri hələlik cavabdan çox ehtiyatlı gözləmə mövqeyini seçiblər.