İsveçdə vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi bu gün Azərbaycana gətiriləcək, sabah isə saat 11:00-da Bakıda qəhrəmanla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Azərbaycanın Milli Qəhrəmanı Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb., İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Şübhəsiz, Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin ölkəmizə gətirilməsi, Hərbi Memorial Məzarlıqda dəfn edilməsi dövlətimizin öz qəhrəmanına, həmçinin, qəhrəmanlıq tarixinə olan münasibətini, sevgi və ehtiramını göstərir. Bu fakt sübut edir ki, dövlətimiz öz sərhədlərindən min kilometrlərlə uzaqdakı qəhrəmanlarını belə unutmur, onları son mənzilə öz şanına layiq şəkildə yola salmağı vacib hesab edir. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Azərbaycana gətirilməsi, onun Hərbi Memorial Məzarlıqda dəfni alqışlanmalı, təqdir edilməlidir.
Amma Şahin Tağıyevlə bağlı yaşananlarda təəssüf doğuran üzücü məqamlar da yetərincədir. Hər şeydən öncə qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı olan bir şəxsin uzun illər İsveçdə qocalar evində yaşaması olduqca məyusedici haldır. Hansı ki, Şahin Tağıyevin Azərbaycana gəlişini təmin etmək, onu Bakıdakı qocalar evlərinin birində yerləşdirmək, gənclər və yeniyetmələrlə onun görüşlərini təşkil etmək, onu gənc nəslə yaxından tanıtmaq və s. mümkün idi. Bu, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafına mühüm töhfə verməklə yanaşı, Şahin Tağıyevin özü üçün də böyük mənəvi sitimul olardı. Lakin təəssüf ki, bu, belə olmadı. Ola bilsin ki, Şahin Tağıyevə dövlətimiz təərfindən Azərbaycana qayıtmaq, ölkəmizdə yaşamaqla bağlı hansısa təklif gəlib. Ancaq Milli Qəhrəman bundan imtina edib. Bu ehtimal da mümkündür. Fəqət istənilən halda Azərbaycanın Milli Qəhrəmanı adını daşıyan bir şəxsin ölkəmizdən kənarda yaşaması və son nəfəsini də yad ölkədə verməsi məyusedicidir və bu, bizdən eyni səhvləri gələcəkdə yol verməməyi tələb edir.
Şahin Tağıyevlə bağlı ən maraqlı nüanslardan biri onun hər zaman sadə, təvazökar həyat sürməsi, öz qəhrəmanlığını heç vaxt dilə gətirməməsi, bundan maddi nemətlər əldə etmək, çətin həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə etməməsidir. Bu, onu göstərir ki, Şahin Tağıyev xarakter etibarilə də qəhrəman idi. O, heç vaxt öz qəhrəmanlığını alqışlatmaq, bu qəhrəmanlığın çətiri altıdna daldalanmaq istəmədi. Bəlkə elə buna görə də onun həyatında bir çox səhnələr yaşanmamış, bir çox notlar çalınmamış qaldı.
Şahin Tağıyev artıq həyatda yoxdur. Lakin onun göstərdiyi qəhrəmanlıqlar hər zaman yaşayacaq, bizə vaxtiylə necə böyük bir insanla eyni səma altında yaşadığımızı xatırladacaq.
Artıq doğma torpağında, doğma insanlar arasındasan böyük insan! Artıq uğrunda vuruşduğun bu torpaqda heç nəyin narahatlığını çəkmədən rahat uyuya bilərsən! Əmin ola bilərsən ki, vaxtiylə keşiyində dayandığın bu torpaq bundan sonra sənə keşik çəkəcək. Fəxrlə, usanmadan, əbədi olaraq…
Seymur ƏLİYEV