"Bu hücumlar ölkənin enerji sistemini hədəfə alaraq şəhərləri qışın ortasında işıq və istiliksiz qoyur, mülki əhalinin gündəlik həyatını iflic vəziyyətinə salır..."
Rusiya yanvarın ortalarında Ukraynaya qarşı ardıcıl və genişmiqyaslı hava hücumları həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
Kütləvi zərbələr və nəticələr
Məlumatda deyilir ki, hücumlarda yüzlərlə pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərdən istifadə olunub, əsas hədəflər isə enerji infrastrukturu olub. Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, bir gecə ərzində Ukrayna ərazisinə təxminən 300 dron, 18 ballistik və 7 qanadlı raket buraxılıb.
Zərbələr səkkiz vilayəti əhatə edib. Xarkov yaxınlığında poçt-logistika obyektinə endirilən zərbə nəticəsində dörd nəfər həlak olub. Kiyevdə yüzlərlə ev işıq və istiliksiz qalıb, Odessada isə liman və şəhər mərkəzi vurulub, yaşayış binaları və sosial obyektlər zərər görüb.
Lvov və Kiyevdə dron zərbələri
Yanvarın 15-də Rusiya Lvovu da dronlarla hədəfə alıb. Şəhər mərkəzində, Stepan Bandera küçəsində yerləşən uşaq meydançasına düşən dron partlayışı dalğası yaxınlıqdakı yaşayış binalarının və Lvov Politexnik Universitetinin korpusunun pəncərələrini sındırıb.
Rəsmi məlumata görə, xəsarət alan olmayıb, lakin bir neçə küçədə nəqliyyat müvəqqəti dayandırılıb. Eyni gecə Kiyevin Solomenski rayonunda vurulan dronun qalıqları 15 mərtəbəli binaya düşüb, texniki mərtəbədə divarın bir hissəsi dağılıb.
HHM-in fəaliyyəti və enerji böhranı
Ukraynanın HHM qüvvələri 82 zərbə dronundan 61-ni məhv etdiyini və ya sıradan çıxardığını bildirir. Bununla belə, bir sıra hədəflərə düşmələr qeydə alınıb. Hücumlar fonunda Kiyevdə enerji böhranı dərinləşib.
"Associated Press" agentliyinin yazdığına görə, paytaxtda yüzlərlə çoxmərtəbəli bina istiliksiz qalıb. Sakinlər ən soyuq qış günlərini qalın yorğanlar, qaz plitələri və isti su butulkaları ilə keçirməyə çalışır.
Bir qadının sözləri vəziyyəti belə təsvir edir: "Elə bil həyat evdə dayanıb". Hazırda bərpa işləri davam etsə də, mütəxəssislər Kiyevin əsas istilik-elektrik mərkəzlərinin mövsümün sonuna qədər tam gücü ilə işləməyəcəyini bildirir.