Biz Xocalının qisasını almışıq, həm də tək-tək şəxslərdən deyil, bütün Ermənistandan...
Ekskluziv
786
11:50, Bu gün

Biz Xocalının qisasını almışıq, həm də tək-tək şəxslərdən deyil, bütün Ermənistandan...

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.
 
Bu addım haqlı olaraq cəmiyyətdə ciddi müzakirələrə yol açıb, ictimai rəydə fərqli rakurslardan dəyərləndirilib. Bəzi vətəndaşlar hesab edir ki, Ermənistana verilən adamların arasında Xaçatryan Vaqif Çerkezi kimi şəxslərin olması, bu qərarın obyektivliyini sual altıdna qoyur. Onlar iddia edir ki, Xocalı soyqırımında bu və ya digər şəkildə iştirak edən şəxslərin cəzalandırılması təmin edilməli, onlara qarşı heç bir güzəşt tətbiq edilməməlidir.
 
Şübhəsiz, Azərbaycan xalqına qarşı harada, hansı məkanda törədilməsindən asılı olmayaraq, yol verilən hər bir cinayət qəbuledilməzdir və bu cür şəxslərin gec və ya tez öz layiqli cəzalarını alacaqları birmənalıdır. Bu baxımdan Xocalı soyqırımında iştirak edən şəxslərin də məsuliyyətə cəlb edilməsi mütləqdir və Azərbaycan dövləti bununla bağlı öz qəti mövqeyini dəfələrlə nümayiş etdirib. Ölkəmizdə cəza çəkən 4 nəfərin İrəvana verilməsinə gəlincə, bu, Azərbaycanla Ermənistan arasında əldə edilən ikitərəfli razılaşmanın nəticəsidir və eyni zamanda Azərbaycanın sülh prosesinə nə qədər önəm verdiyini göstərir. Həmçinin, Azərbaycanın bu addımı Ermənistan üzərində əlavə məsuliyyət qoyur. Rəsmi Bakının atdığı addımlar Ermənistanı sülhə gedən yolda ikiqat diqqətli olmağa, ölkəmizin maraqlarına həssaslıqla yanaşmağa, keçmişdəmn dərs almağa səsləyir. Habelə, Ermənistan üçün mümkün bəhanələri ortadan qaldırır, rəsmi İrəvanı fakt qarşısında qoyur.
 
Bundan başqa, bir həqiqəti də unutmaq olmaz ki, Azərbaycan Xocalı soyqırımının qisasını alıb və Prezident İlham Əliyevin dediyi kimi, bunu döyüş meydanında edib. Ən qürurverici faktlardan biri də budur ki, Azərbaycan bu qısası tək-tək şəxslərdən deyil, bütün Ermənistandan, erməni ordusundan və onların himayədarlarından alıb. Bu gerçəkliyi dərindən anlamaq üçün Prezident İlham Əliyevin 26 fevral 2024-cü il tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyan zaman səsləndirdiyi aşağıdakı fikirlərə nəzər salmaq kifayətdir:
 
“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır”.
 
Dövlət başçısının çıxışından da məlum olduğu kimi, Azərbaycan Xocalı soyqırımının qisasını alıb. Bununla yanaşı, xalqımıza qarşı törədilən Xocalı soyqırımının bundan illər, əsrlər sonra da bizdə qəzəb və qisas hissi doğurması təbiidir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, biz həm də böyük xalqın nümayəndələri olduğumuzu unutmamlıyıq. 
 
Buna görə də verilən bütün qərarlara məntiqlə yanaşmalı, bu qərarların mövcud reallıqlardan qaynaqlandığını anlamalıyıq. Və yaddan çıxarmamlıyıq ki, Azərbaycan heç kimə borclu qalmağı sevmir və əgər kimisə cəzalandırmaq lazımdırsa, rəsmi Bakının ədalət əli onu bundan sonra da hökmən yaxalayacaqdır.
 
Seymur ƏLİYEV
Link kopyalandı!
Son xəbərlər