İranın İrəvandakı səfiri Xalil Şirqolami mətbuat konfransında Ermənistanla bağlı ölkəsinin narahatlığını bildirən fikirlər səsləndirib. Səfir qeyd edib ki, “Ermənistan getdikcə İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”.
Xalil Şirqolami bu yerdə İranın Ermənistan qarşısındakı tarixi xidmətlərinə də diqqət çəkib, ermənilərin bütün bu xidmətlər fonunda İranın maraqlarına həssaslıqla yanaşmamasından gileylənib. Şirqolami deyib:
“...ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.
Əslində, İran səfirinin səsləndirdiyi hər iki fikir böyük həqiqəti əks etdirir.
Birincisi, Ermənistan yalnız indi deyil, 44 günlük müharibədən dərhal sonra açıq Qərbpərəst siyasət yürütmək, Avropa dövlətlərinin hərbi personalını müşahidə missiyası adı altında ölkəsində yerləşdirməklə İrana ilk böyük pisliyini etmiş oldu. Bunun ardınca, Avropa İttifaqının müşahidə missiyasının genişləndirilməsi, Ermənistanda ABŞ hərbçilərinin də iştirakı ilə təlimlərin keçirilməsi və s. kimi addımlar göstərdi ki, rəsmi İrəvan ölkəni Qərb kəşfiyyatı üçün nəhəng plasdarma çevrilib. Hansı ki, bunun ən böyük ağrısını məhz İran yaşayacaq. Necə ki, 13 iyun 2025-ci il tarixindən etibarən İsrail, ardınca isə ABŞ İranı bombalamaqla onun döyüş potensialına ağır zərbələr endirdi. Ola bilsin ki, bu əməliyyatların aparılmasında Qərb kəşfiyyatının Ermənistan üzərindən İranla bağlı əldə etdiyi informasiyalar da mühüm rol oynayıb.
Səfir Xalil Şirqolaminin “...ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” fikri də həqiqətlərlə zəngindir.
Bəli, yaxın tarixə nəzər salsaq görərik ki, hələ Azərbaycana qarşı işğalçılıq müharibələri apardığı dönəmlərdə Ermənistan İran tərəfindən iqtisadi baxımdan ciddi dəstək almış, rəsmi Tehran təcavüzkar dövlətin enerji ilə təminatında həyati rol oynamışdır.
Bundan başqa, İran işğaldakı Azərbaycan torpaqlarınımn yağmalanmasında da böyük fəallıq göstərmiş, Qarabağ və ətraf ərazilər uzun illər ərzində Ermənistanla yanaşı, həm də İran tərəfindən talan edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, İran və Ermənistanın yaxın tarixi qarşılıqlı yardımlaşma və həmrəyliklə zəngindir. Bu səbəbdən də Xalil Şirqolami Ermənistandan inciməkdə haqlıdır və əslində bunun üçün bir xeyli gecikib də...Çünki Azərbaycan hələ illər öncə bildirirdi ki, Ermənistan özündən başqa heç bir ölkənin maraqlarına hörmət etmir və onun yürütdüyü siyasət hər kəsdən daha çox İran üçün ciddi problemlər doğura bilər.
Azərbaycan mediasında bir neçə ildir ki, yer alan fikirlərin İran rejimi tərəfindən indi dərk edilməsi, bu həqiqətin zamanında deyil, məhz indi – İran üçün yeni bir bombardımanın qapını kəsdirdiyi bir vaxtda dilə gətirilməsi Tehran rejiminin həqiqətdən nə qədər uzaq olduğunu göstərir. İranın Ermənistanla bağlı etirafı isə illərlə gecikdiyi üçün heç bir məna kəsb etmir və tamamillə əhəmiyyətsizdir. İndi İranın edə biləcəyi yeganə şey etdiyi səhvlərin nəticəsinə qatlaşmaq, onu gözləyən yeni zərbələr qəbul etməyə hazırlaşmaqdır.
Seymur ƏLİYEV