İranın Fars körfəzindəki rəqibləri ABŞ-ın "ciddi zərbələrə" hazır olmaq barədə xəbərdarlıqlarından sonra prezident Donald Trampdan İrana hücum etməməsini xahiş edirlər.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı da ABŞ-ı İrana hücum etməkdən çəkindirənlər arasındadır.
Bu çağırışlar İranda vəziyyətin gərginləşməsi və ABŞ rəsmilərinin birmənalı olmayan açıqlamaları fonunda gəlir. Etirazları və onların qanlı nəticələrini ictimaiyyət qarşısında görməzdən gəlmələrinə baxmayaraq, Körfəz ölkələri ABŞ-ın Tehrana hücum etməsini istəmirlər.
Səudiyyə Ərəbistanı, Oman və Qətər də daxil olmaqla bir neçə Körfəz ölkəsinin nümayəndələri ABŞ rəsmilərinə bu cür hücumların iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edirlər. "WSJ"-nin məlumatına görə, onlar İran rejimini devirmək cəhdlərinin neft bazarını sarsıdacağını və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyini iddia edirlər.
Xüsusilə, ərəb ölkələri Amerikanın İslam Respublikasına hücumlarının bütün qlobal neft daşınmalarının təxminən beşdə birinin icra edildiyi Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinə mənfi təsir göstərəcəyindən qorxurlar.
Səudiyyə rəsmiləri artıq Tehrana münaqişəyə müdaxilə etməyəcəklərinə dair zəmanət verdiklərini söyləyirlər. Onlar həmçinin amerikalıların hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməyəcəklərini iddia edirlər...
Tramp İran üçün nə planlaşdırır?..
ABŞ rəsmiləri bildiriblər ki, hələlik Trampın İrana qarşı son addımları sual altında olaraq qalır. Lakin onlar hərbi əməliyyatların ehtimal olunduğuna inanmağa meyillidirlər.
Amerika prezidentinin hazırda İrandakı hadisələrin gedişatı ilə bağlı müxtəlif təklifləri var.
"Prezident istənilən məsələ ilə bağlı bir çox fikirləri dinləyir, amma sonda ən yaxşı hesab etdiyi qərarı verir", - deyə bir rəsmi vurğulayıb.
"Clash Report"-a görə, Donald Tramp özü Bakı vaxtı ilə 13 yanvar axşamı İranda nələrin baş verdiyini 20 dəqiqə ərzində biləcəyini və sonra ABŞ-ın hərəkətləri barədə qərar verəcəyini açıqlayıb.
"Görünür, qətlin miqyası əhəmiyyətlidir, amma hələ dəqiq bilmirik. Mən bunu 20 dəqiqə ərzində biləcəm. Və biz buna uyğun hərəkət edəcəyik", - deyə Tramp bildirib.
O, həmçinin bildirib ki, ideal variant İranda demokratiya görmək olardı.
Xatırladılır ki, 13 yanvarda "CBS News" İrandakı etirazlarda ölənlərin sayının təxminən 12 min olduğunu bildirib.
Həmçinin 13 yanvarda Donald Tramp iranlıları İrandakı hökumət binalarını ələ keçirməyə çağırıb...
S.Laçın