O, əsil qəhrəman idi; sadə, təvazökar, qorxmaz və fədakar...
Ekskluziv
2513
20:20, Bu gün

O, əsil qəhrəman idi; sadə, təvazökar, qorxmaz və fədakar...

“Rəhmətlik ata və anamın Laçın rayonunun Ağanus kənd məktəbində dərs dediyi və sevimli şagirdlərindən biri olan və adı ilə daim qürur duyduqları İsrafil...”
 
“Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir...”
 
Bu gün şəhid Milli Qəhrəman İsrafil Şahverdiyevin anım günüdür...
 
Rəhmətlik ata və anamın Laçın rayonunun Ağanus kənd məktəbində dərs dediyi və sevimli şagirdlərindən biri olan və adı ilə daim qürur duyduqları İsrafil...
 
Onu uşaqlıqdan tanıyırdım. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır zəhmətlə böyümüşdü... Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və sonuncu dəfə... 1993-cü il 12 dekabr... Erməni hərbi birləşmələri ilə döyüşlərin ən qızğın vaxtı... Füzuli rayonunun Böyük Bəhmənli kəndi...
 
...Bakıdan o zaman eyni binada qonşu yaşadığımız Laçın polisinin rəhmətlik rəisi Akif Səlimovla birgə gəlmişdim... Polislərimiz kənddəki evlərdən birində yerləşmişdilər. Rəis məni döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə yaxınlaşıb  boynumu qucaqlayan  İsrafil oldu. Uzaqda görünən Kirs dağının zirvəsinə baxanda gözləri yaşardı... Doğma kənddəki günləri xatırladı. Sevimli müəllimləri olmuş ata-anamı soruşdu. Axşam sonradan- 1993-cü ilin fevralında şəhid olmuş digər  həmkəndlim və ata-anamın şagirdi Bəbir Mərdanovla və digər polislərlə birgə çörək kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir. Bu dərəcədə sadə, təvazökar insan idi İsrafil... Halbuki onun göstərdiyi igidliklər artıq  1988-ci ildən bu yana Laçın, Şuşa, Qubadlı camaatına bəlli idi...  1989-cu ilin avqustunda Laçının Qayğı qəsəbəsi ərazisindən Şuşanın erməni quldurlarının yuvasına dönmüş  o zaman “Kirov” adlanan Kiçik Qaladərəsi kəndinə keçmək istəyən iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti sayəsində baş tutmuşdu... 1991-ci ildə jurnalist Salatın Əsgərova qətlə yetirildəkdən sonra  İsrafil qardaşı Rəsulla birlikdə 12 erməni quldurunu gəbərtmişdi. Həmin ilin mayında isə Böyük və Kiçik Qaladərəsi kəndlərinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdi. Bütün bu igidliklərinə görə Laçında ilk dəfə İsrafil Şahverdiyev Sultanbəy mükafatına layiq görülmüşdü. Laçının işğalı günü İsrafil təkbaşına rayon mərkəzinə getmiş, düşmən qüvvələri haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında  Kəlbəcər istiqamətində kəndlərimizin geri alınmasında,  Hoçaz yüksəkliyinin müdafiəsində və s. göstərdiyi şücaətlər saysız-hesabsızdır... 
 
...Həmin gecə yer olmadığı üçün rəhmətlik Bəbirlə bir çarpayıda yatdım. Saat 3-4 radələrində həyəcan siqnalı verildi. Və İsrafil başda olmaqla bir qrup polis, o cümlədən Mehman ön xəttə göndərildi. Ertəsi gün qərargah rəisi Çingiz Abbasovla birgə Laçın polislərinin düşmənlə üzbəüz dayandığı səngərlərdə oldum, postlarda cəsarətlə dayanan döyüşçü polislərlə ətraflı söhbət etdim...  
 
Ancaq İsrafillə bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat aldım ki, Akif Səlimovun rəhbərliyi ilə Laçın polisi, o cümlədənİsrafil Şahverdiyevin rotası ermənilərlə döyüşdə düşməni ağır itkilərə məruz qoyub. Ancaq polislərimizdən  də bir neçəsi şəhid  olmuşdu.  Respublika Prezidentinin fərmanı ilə bir qrup Laçın polisi “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu... Həmin günlər göz yaşları içində Laçın polisinə həsr etdiyim “Azərbaycanlılar vuruşmağı bacarır” başlıqlı yazı yazdım və “Təzadlar” qəzetində dərc etdim... Bir ay keçməmiş yenə də bir neçə polisimizin,  o cümlədən Bəbirin, ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər bizi bir daha sarsıtdı...  
 
1994-cü il yanvarında ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra ermənilər əks-hücumlarını genişləndirirdilər. Ayın 13-də İsrafilin rotası Horadiz-Cəbrayıl istiqamətində düşmənin növbəti hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur” əmrini vermişdi... Atəş od kimi yağırdı. Birdən İsrafil yaxınlığındakı pulemyotçumuzun yaralandığını gördü. Fədakar zabit əsgərini xilas etmək istəyərkən özü ağır qəlpə yarası aldı və  bu etibarsız dünyaya gözlərini yumdu...
 
Qardaşı Rəsul tez-tez redaksiyamıza gəlirdi. İsrafilə şəksiz-şübhəsiz layiq olduğu Milli Qəhrəman adının   verilməsi bəzi rüşvətxor məmurların ucbatından müşkülə çevrilmişdi... Rəhmətlik çox yanırdı bu haqsızlığa... Nəhayət, 15 yanvar 1995-ci ildə Prezidentin fərmanıyla İsrafilə Milli Qəhrəman adı verildi... Amma qardaşı Rəsulu müharibənin ağrı-acısı, Qarabağ, Laçın həsrəti, bir yandan da qardaş itkisindən sonra bürokrat, rüşvətxor məmurların qapılarında keçirdiyi əsəb sarsıntıları yaşamağa qoymadı. Rəsulu 1995-ci ilin martın 17-də baş vermiş məlum “OMON” hadisələri də bərk sarsıtdı... O, 1995-ci il martın 23-də ürək partlamasından həlak oldu. Onu da xatırladım ki, Rəsul da qorxmaz döyüşçülərdən idi. 1992-ci il mayın 17-də  kəndimizi müdafiə etməyə cəhd edən 4-5 nəfər arasında Rəsul da var idi... Hazırda o da qardaşı İsrafillə bəarabər ikinci Şəhidlər Xiyabanında uyuyur...
 
Ancaq tale Şahverdiyevlər ailəsinə daha bir zərbə vurdu. İsrafilin qızı Səadət də ali məktəbin sonuncu kursunda buraxılış imtahanından çıxarkən ürək tutmasından dünyasını dəyişdi...  2024-cü ildə Rəsul Şahverdiyevin hərbçi qızı İlahə Şahverdiyevanın gənc oğlu gözlənilmədən həyatını itirdi. İlahə xanım özü isə 2025-ci ilin aprelində Kəlbəcərdə baş verən avtomobil qəzasında həlak oldu...
1997-ci ildə Bərdə şəhərində yerləşən Ağanus kənd orta məktəbinin direktoru, rəhmətlik atam Ağayar İsmayılovun təşəbbüsü ilə həmin məktəbə Milli Qəhrəman İsrafil Şahverdiyevin adı verildi... İsrafil hər cür ada, tərifə layiq idi. Hərdən Qarabağda döyüşmüş bəzi şəxslərin şöhrət,  ad-san, gələcəkdə vəzifə qazanmaq üçün çalışdıqlarını söyləyirlər. Ancaq İsrafil haqqında heç kəs cəsarət edib belə fikir söyləyə bilməz. O, əsil qəhrəman idi; sadə, təvazökar, qorxmaz, fədakar, heç kəsin çörəyinə göz dikməyən, əksinə, döyüş yoldaşlarının xatırladığı kimi, cəbhədə ərzağın qıt  vaxtlarında çörəyi hamıya bölüb qardaşı Rəsulla özünə saxlamamağı bacaran bir insan idi...
 
Allah sənə də, qardaşın Rəsula da rəhmət eləsin, gözəl insan, yenilməz Vətən fədaisi –İsrafil!..
 
Sultan Laçın
 
Qeyd: baş foto-kollaj oxu24.com saytına məxsusdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər