Buna da DTX imkan vermədi...
Bu gün Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib, iş üzrə müxtəlif nüanslara toxunublar. Növbəti məhkəmə prosesinin cari ilin 2 fevral tarixində keçirilməsinə qərar verilib.
Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi özlüyündə bir çox nünaslarla əlamətdar olsa da, məlum olayla bağlı ən başlıca məqam Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin rəsmi Parisdə doğurduğu böyük narahatlıqla bağlıdır. Martin Ryan işinin təhlili və bu işlə bağlı irəli sürülən ittiham aktı sübut edir ki, Fransa 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən hər bir komponent və faktı müəyyən etmək, Ordumuz haqqında hər hansı informasiya əldə etmək üçün böyük güc və enerji ortaya qoyub, öz xüsusi xidmət orqanlarından tutmuş agent şəbəkəsinə qədər hər kəsi bu işə səfərbər edib. Müharibə vaxtı işğalçı Ermənistanı ciddi müdafiə edən, açıq anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa, hərbi əməliyyatlar zamanı qələbəmizə mane olmağa, sonrakı dönəmdə bizi bu qələbəyə qovuşduran sirlərə nail olmağa çalışıb. Lakin müharibə vaxtı Fransanın arzusu Prezident İlham Əliyev, post-müharibə dövründə qələbəmizin sirlərini oğurlamaq cəhdlərinin qarşısı isə DTX tərəfindən uğurla alındı ki, bu da rəsmi Parisin hərtərəfli ifşası deməkdir.

Şübhəsiz, Martin Ryan işinin sona qədər araşdırılması Fransanın ölkəmizlə bağlı məkirli siyasətini de-şifrə edən yeni faktların ortaya çıxmasına səbəb olacaq ki, bu da ölkəmizin təcavüzkar Ermənistana necə çətin siyasi situasiyada qalib gəldiyini, bu qələbəyə mane olmaq üçün necə böyük güclərin ağlasığmaz oyunlar oynadığını bütün çılpaqlığı ilə göstərəcək. Və ortaya çıxan bütün bu faktlar bir daha sübut edəcək ki, Prezident İlham Əliyevin dediyi kimi, “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”.
Seymur ƏLİYEV