Onları yenidən büdcəyə qaytarılmasına ehtiyac var
Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanda rüşvət və korrupsiyaya qarşı ciddi, sistemli və prinsipial mübarizənin aparıldığı kimsəyə sirr deyil. Məhz bu mübarizənin nəticəsidir ki, hər il ölkəmizdə bir neçə iri ranqlı məmur DTX və ya Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilməkdə, məsuliyyətə cəlb olunmaqdadır. Lakin bu da bir həqiqətdir ki, bəzi məmurlar hakimiyyətdə təmsil olunduqları dönəmdə neqativ əməllər hesabına əldə etdikləri böyük vəsaitlərin bir çoxunu xaricə çıxarmış, müxtəlif ölkələrdə dəyəri milyonlarla hesablanan əmlaklara sahib olmuşdular. Azərbaycan mediasında bu cür şəxslərlə bağlı kifayət qədər məlumat var ki, bu məlumatların səhihliyinin araşdırılması, məlum faktlara görə müqəssirlərin məsuliyyətə cəlb edilməsi hüquq-mühafizə orqanları tərəfindən təmin olunmalıdır.
Mediada yer alan informasiyalar göstərir ki, bəzi məmurlar xarici ölkələrdə sadəcə ev, villa kimi daşınmaz əmlak almaqla kifayətlənmir, bəzi hallarda tibb, nəqliyyat, ictimai iaşə kimi sektorlara da böyük pullar qoyurlar. Hansı ki, “sabiq” statusuna malik bu məmurların bəzisi haqqında artıq güc orqanları tərəfindən müəyyən addımlar atılmaqdadır. Bu məmurlardan biri Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevdir.
Təxminən bir həftə bundan öncə bəzi media orqanlarında Ramiz Mehdiyevin Türkiyədə 4 tankerə sahib olduğu ilə bağlı informasiyalar yer alıb. Məlumata görə, bu tankerlərdən ən böyüyü Mehdiyevin atasının şərəfinə “Enveroğlu” adlandırılıb.
Xatırladaq ki, dövlətə xəyanətdə təqsirləndirilən Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlardan biri də 193-1.3.2-ci maddədir ki, bu da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması deməkdir. Belə olan halda Ramiz Mehdiyevin ölkə daxilindəki əmlakları ilə yanaşı, xaricdəki əmlaklarının da qanuniliyinin araşdırılması mütləqdir.
Onu da qeyd edək ki, bundan öncə sabiq MTN rəhbəri Eldar Mahmudovun, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahnagir Hacıyevin və digər şəxslərin də xarici ölkələrdə çoxsaylı əmlaklara malik olması ilə bağlı məlumatlar yayılmışdır. Ramiz Mehdiyevlə yanaşı, bu şəxslərlə bağlı yayılan məlum informasiayların da araşdırılması, təhlil və təftiş edilməsi mili maraqlarımız baxımından mühüm əhəmiyyətə malikdir. Unutmaq olmaz ki, məmurlarımızıın xarici ölkələrdə aldıqları tankerlər, gəmilər, gəmi və qatarların əsl sahibi Azərbaycan xalqı, Azərbaycan dövlətidir. Çünki bu pulların hamısı xalqdan oğurlanıb və buna görə də həmin pullarla bağlı veriləcək ən ədalətli qərar onların dövlətin büdcəsinə qaytarılması ola bilər.
İnanırıq ki, DTX və Baş Prokurorluq yaxın gələcəkdə bu faktlara diqqət yetirəcək, məmurlarımızın yaxın-uzaq ölkələrdə “uçan”, “üzən” və “sürünən” pullarının büdcəyə qaytarılması istiqamətində konkret addımlar atacaq.
Seymur ƏLİYEV