Ekskluziv
3094
13:12, Bu gün

"Hesabınız bloklanacaq"! – Sosial şəbəkələrdə geniş yayılan dələduzluq növləri

Rəqəmsal mühitin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə sosial şəbəkələr təkcə ünsiyyət və informasiya platforması deyil, eyni zamanda yeni nəsil cinayətlərin də əsas meydanına çevrilib. Virtual məkanda baş verən dələduzluq halları artıq təsadüfi deyil, sistemli və peşəkar şəkildə qurulan mexanizmlərlə həyata keçirilir. Bu təhlükə nə yaş tanıyır, nə sosial status, nə də təhsil səviyyəsi. Məsələ təkcə texniki biliklərlə məhdudlaşmır – burada insan psixologiyası, etibar hissi və emosional zəifliklər hədəfə alınır.

 
Mövzu ilə bağlı Moderator.az -a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov sosial şəbəkələrdə ən çox istifadə olunan fırıldaq üsullarını və vətəndaşların necə aldadıldığını izah edib.
Mütəxəssis qeyd edib ki, sosial şəbəkələrdə fırıldaqçılıq ssenariləri əsasən insanların ehtiyacları və psixoloji zəiflikləri üzərində qurulur:
 
 "Ən geniş yayılmış üsullardan olan fişinq hücumları zamanı vətəndaşlara dövlət qurumları, banklar və ya kuryer xidmətləri adından saxta linklər göndərilərək kart məlumatları ələ keçirilir. Son dövrlərdə isə süni intellekt vasitəsilə hazırlanan saxta videolar (deepfake) və “yüksək qazanc” vəd edən investisiya tələləri ön plana çıxıb".
 
Elvin Abbasov bildirib ki, bu ssenarilərdə fırıldaqçılar məşhur şəxslərin nüfuzundan istifadə edərək insanları qısa müddətdə varlanacaqlarına inandırır və onları saxta platformalara pul yatırmağa sövq edirlər:
 
"Vətəndaşların aldadılma mexanizmi adətən “təcililik” və “qorxu” hissinin yaradılmasına söykənir. Dələduzlar “hesabınız bloklanacaq” və ya “hədiyyə qazanmaq üçün son 5 dəqiqə” kimi ifadələrlə şəxsi məntiqli düşünməkdən uzaqlaşdırıb sürətli səhv qərar verməyə məcbur edirlər. Bir çox hallarda isə sosial mühəndislik üsullarından istifadə olunur; dostun və ya qohumun profili ələ keçirilərək onun adından təcili maddi yardım istənilir. İnsanlar yaxınlarına kömək etmək istəyərkən diqqətsizlik nümayiş etdirir, gələn məlumatları yoxlamadan fırıldaqçıların hesabına vəsait köçürürlər".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər