Müharibə bitdi, sülh mətni paraflandı, mina terroru isə davam edir...
Ekskluziv
684
11 Jan 2026 | 22:48

Müharibə bitdi, sülh mətni paraflandı, mina terroru isə davam edir...

Həm də bütün şiddəti ilə...

Məlum olduğu kimi, 11 yanvar 2026-cı il tarixində işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib. Nəticədə, 1988-ci il təvəllüdlü şəxs (kişi) 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən bugünə qədər olan müddət ərzində yüzlərlə azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub. Onların bir qismi həyatını itirib, bir qismi isə ağır dərəcədə bədən xəsarəti alıb. Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verən hadisə Ermənistanın 35 ildir fasiləsiz şəkildə gerçəkləşdirdiyi mina terrorunun bu gün də davam etdiyini, öz qurbanlarının sayını artırdığını göstərir.

Bəli, müharibə bitib, sülh mətni paraflanıb, mina terroru isə davam edir və proseslərin gedişatı bu terrorun qeyri-müəyyən vaxta qədər davam edəcəyini göstərir. Bu isə yeni itkilər, yarıda nöqtələnən həyatlar, alt-üst edilən insan taleləri deməkdir. Bütün bunlara görə məsuliyyət isə heç şübhəsiz rəsmi İrəvanın üzərinə düşür.

Baş verənlər fonunda narahatlıq doğuran məqamlardan biri də davam edən bu mina terroruna görə Ermənistandakı keçmiş, yaxud indiki hərbi-siyasi rəhbərliyindən hər hansı bir şəxsin, yaxud şəxslərin cəzalandırılmamasıdır.

Hər kəsə məlum olduğu kimi, 8 avqust 2025-ci il tarixindən sonra Azərbaycan Ermənistanla siyasi-iqtisadi təmasları artırmaq yolunda addımlarını sürətləndirib, ötən ilin sonu, cari işin ilk günlərindən etibarən bu səylər feli xarakter alıb. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və bu prosesin yaxın gələcəkdə də davam etdirilməsi ilə bağlı alınan qərar, rəsmi Bakının sülh vədinə sadiq olduğunu, regionda uzunmüddətli və etibarlı sülhün formalaşması üçün ciddi prinsipiallıq sərgilədiyini göstərir. Lakin Ermənistan hakimiyyəti Azərbaycanın sülhpərvər siyasətindən sui-istifadə etməməli, davam edən mina terroruna görə günahkarların məsuliyyətə cəlb edilməsini təmin etməlidir. Yalnız bu halda rəsmi İrəvanın səmimiyyətinə inana, verdiyimiz və verəcəyimiz itkilərin qarşılığında az da olsa təsəlli tapa bilərik.  

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər