"Riyaziyyat bəşəriyyəti məhvə aparırdı, amma insan davranışı bu ssenarini alt-üst etdi..."
60 ildən çox əvvəl hazırlanmış və sonradan "Qiyamət günü tənliyi" kimi tanınan riyazi modelə görə, 2026-cı il bəşəriyyətin sonu olmalı idi.
Moderator.az xəbər verir ki, bu barədə "ladbible.com" nəşri yazıb.
13 noyabr, cümə günü...
Amerikalı alimlər - Haynts fon Förster, Patrisiya M. Mora və Lourens V. Amiot 1960-cı ildə "Science" jurnalında dərc olunan araşdırmalarında hətta konkret tarixi də göstərib: 13 noyabr 2026-cı il, cümə günü.
Alimlər son 2 min il ərzində Yer kürəsinin əhali artımını təhlil edib və narahatedici bir mənzərə ilə üzləşib. Müharibələrə və epidemiyalara baxmayaraq, əhali artımı getdikcə sürətlənib. Məsələn, 1900-cü ildə dünya əhalisi 1,6 milyard olduğu halda, 1960-cı ildə bu rəqəm artıq 3 milyarda çatıb.
Hazırlanan mürəkkəb düstur göstərib ki, bu temp dəyişməsə, 2026-cı ilin noyabrında əhali nəzəri olaraq "sonsuzluğa" çatacaq. Araşdırmanın ən bədbin nəticəsi isə belə ifadə olunub: "Bizim nəticələrimizə görə, nəticələrimiz aclıqdan ölməyəcək - onlar sıxlıqdan əzilib məhv olacaqlar".
Alimlər texnologiyaların istənilən sayda insanı qidalandıra biləcəyini düşünürdülər, amma fiziki məkanın kifayət etməyəcəyini və sistemin sonda öz-özünü məhv edəcəyini iddia edirdilər. Nəşr bu hesablamalara nəyin mane olduğunu yazıb.
Niyə biz hələ də yaşayırıq?
Xoşbəxtlikdən, bu riyazi model mühüm bir amili - sosial dəyişiklikləri nəzərə almayıb. Proqnozun baş tutmamasının əsas səbəbi qadınların bütün dünyada daha az uşaq dünyaya gətirməyə başlaması olub. Hazırda Yer kürəsində təxminən 8,2 milyard insan yaşayır, lakin artım tempi xeyli zəifləyib.
BMT-nin məlumatlarına görə, dünya əhalisi 2080-ci illərdə pik həddə - təxminən 10,3 milyard nəfərə çatacaq, daha sonra isə 2100-cü ilə doğru azalmağa başlayacaq. 1960-cı illərdə qorxulan eksponensial partlayış baş verməyib. Başqa sözlə, bəşəriyyət o vaxtkı "dəhşətli tənliyi" faktiki olaraq pozub.
Bəs dünyanın əsl sonu nə vaxtdır?
Əgər 2026-cı ili problemsiz geridə qoysaq, real "apokalipsis" nə vaxt baş verə bilər? Müasir alimlərin - Yaponiya Toho Universiteti və NASA mütəxəssislərinin kompüter simulyasiyaları daha uzaq bir tarix göstərir. Bu hesablamalara görə, Yer kürəsi təxminən bir milyard ildən bir qədər çox sonra yaşamaq üçün yararsız hala düşəcək.
Səbəb Günəşdir: o getdikcə daha da qızacaq, okeanlar buxarlanacaq, atmosfer isə oksigenini itirəcək. Yəni "dünyanın sonu" mövzusu hələ uzun müddət nəzəri müzakirə olaraq qalacaq. Bizim isə ən azı hələlik kifayət qədər vaxtımız var.