"Moskva beynəlxalq xaos fonunda "Oreşnik" zərbəsini həm Ukraynaya, həm də Qərbə ünvanlanan açıq güc mesajı kimi təqdim edir..."
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya qarşı gecə endirilən "Oreşnik" raket zərbəsini kəskin ifadələrlə şərh edib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb. Məlumatı "news.mail.ru" nəşri yayıb.
Medvedevin sözlərinə görə, bu hücum beynəlxalq münasibətlərdə yaranmış "tam xaos" fonunda "xilasedici qaloperidol iynəsi" kimi qiymətləndirilməlidir. Medvedev bildirib ki, ilin əvvəlindən etibarən qlobal siyasi mühit nəzarətdən çıxıb və mövcud vəziyyətdə "çoxlu aqressiv oyunçular" peyda olub.
"Nəsihətlər yox, sərt tədbirlər" məntiqi
Medvedevin fikrincə, belə şəraitdə diplomatik çağırışlar və yumşaq ritorika artıq effekt vermir. O, vəziyyəti "təhlükəli psixoloji vəziyyətdə olan xəstələrlə" müqayisə edərək bildirib ki, bəzən "yalnız sanitarlar kömək edir".
Onun ifadəsində bu, ya "məcburi sakitləşdirmə", ya da "qaloperidol iynəsi" ilə simvollaşdırılır və məhz Ukraynanın qərbində gecə baş verənlər bu yanaşmanın nümunəsi kimi təqdim olunur.
Zərbələrin səbəbi və rəsmi izah
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 9 yanvar gecəsi Ukraynanın kritik obyektlərinə, o cümlədən "Oreşnik" kompleksindən istifadə edilməklə kombinə edilmiş yüksək dəqiqlikli zərbələr endirilib.
Rəsmi açıqlamada bildirilir ki, hədəflər pilotsuz uçuş aparatlarının istehsal olunduğu müəssisələr və Ukraynanın hərbi-sənaye kompleksini təmin edən enerji infrastrukturu olub. Bu addımın Kiyevin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına yönəlmiş guya hücum cəhdinə cavab olduğu vurğulanır.
Avropaya yönələn açıq xəbərdarlıq
Medvedev eyni zamanda sosial şəbəkələrdə "Oreşnik" zərbələrinin görüntülərini paylaşaraq Avropa liderlərinə də mesaj göndərib. O, bildirib ki, Rusiya Ukrayna ərazisində Avropa ölkələri və ya NATO-ya aid hər hansı hərbi kontingentin yerləşdirilməsini qəti şəkildə qəbul etmir.
"Gəlin, onda nəticə belə olacaq", - o, yazaraq paylaşıma raket zərbəsinin videosunu əlavə edib. Bu açıqlama, Moskvanın Qərbə ünvanladığı sərt xəbərdarlıq kimi qiymətləndirilir və regionda gərginliyin azalmadığını göstərir.