Putinin ehtimal olunan qızı MDU-da mühüm posta gətirildi -
Ekskluziv
2087
10 Jan 2026 | 19:25

Putinin ehtimal olunan qızı MDU-da mühüm posta gətirildi - "QORDON"

 
Elmi karyera, ailə sirri və Kremlə yaxınlaşan institut...
 
Rusiya prezidenti Vladimir Putinin ehtimal olunan qızı Mariya Vorontsova Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Moskva Dövlət Universiteti Tibbi Elmi-Tədris İnstitutunun direktoru təyin olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Tibbi Elmi-Tədris İnstitutu 2023-cü ilin noyabrında Moskva Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarı ilə yaradılıb və fundamental tibb fakültəsini, regenerativ tibb mərkəzini, həmçinin universitet klinikasını birləşdirən inteqrasiya olunmuş elmi-tədris klasteridir. Klinika həm ambulator, həm də stasionar tibbi xidmət göstərir və 300 çarpayılıq imkanlara malikdir.
 
Yeni təyinatlarla yanaşı, institutda rəhbər heyət də yenilənib. Elmi işlər üzrə direktor müavini postuna Konstantin Kulebyakin, klinik fəaliyyət üzrə direktor müavini və universitet klinikasının rəhbəri vəzifəsinə isə Maksim Domaşenko gətirilib. Universitet bu kadr dəyişikliklərini "gənc nəslin mütəxəssislərinə dəstək" və idarəetmənin yenilənməsi ilə izah edir.
 
Tibbdən genetikaya: Vorontsovanın elmi yolu
 
Mariya Vorontsova fundamental tibb fakültəsini 2011-ci ildə bitirib, ixtisasca endokrinoloqdur. O, daha sonra Endokrinologiya üzrə Milli Tibb Araşdırma Mərkəzində ordinatura və aspirantura təhsili alıb, 2017-ci ildə hipofizar nanizmin müalicəsinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edib.
 
2019-cu ildə "Bloomberg" onun Putinin gen mühəndisliyi üzrə qeyri-rəsmi məsləhətçilərindən biri ola biləcəyini yazıb. Həmin materialda Vorontsovanın CRISPR texnologiyası üzərində araşdırmalar apardığı, bu metodun isə irsi xəstəliklərin qarşısının alınması ilə yanaşı, alimlər arasında "atom silahı ilə müqayisə edilən risklər" doğurduğu qeyd olunub.
 
O, həmçinin NOMEKO adlı özəl tibb şirkətinin təsisçilərindən biri olub və bu şirkət Rusiyada səhiyyə sahəsində ən iri investisiya layihələrindən birində iştirak edib. Araşdırmalara görə, Vorontsova bu fəaliyyətinə görə milyonlarla rubl həcmində ödənişlər alıb. 2022-ci ildən sonra, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra, Vorontsova bacısı Katerina Tixonova ilə birlikdə Avtopa İttifaqı, ABŞ və digər ölkələrin sanksiya siyahısına salınıb.
 
Gizlədilən ailə, açıq ambisiyalar
 
Kreml bütün bu məlumatlara baxmayaraq, Vorontsovanın Putinin qızı olduğunu rəsmi şəkildə heç vaxt təsdiqləməyib. Ümumiyyətlə, Putinin şəxsi həyatı uzun illərdir ciddi şəkildə gizli saxlanılır. Rəsmi bioqrafiyalarda yalnız iki qızının adı və doğum illəri qeyd olunur, yetkin yaşlarına aid heç bir foto yayımlanmayıb.
 
Qərb mətbuatı Putinin hakimiyyətdə mümkün qədər uzun müddət qalmaq istədiyini və hətta "bioloji ömrün uzadılması" ideyalarına xüsusi maraq göstərdiyini yazır. "Le Monde" nəşrinin məlumatına görə, son illər Rusiyada qocalma və hüceyrə yenilənməsi ilə bağlı elmi layihələrin maliyyələşdirilməsi dəfələrlə artırılıb. Bu proqramlardan birinə məhz Vorontsovanın rəhbərlik etdiyi bildirilir.
 
Beləliklə, Mariya Vorontsovanın MDU-da yüksək vəzifəyə gətirilməsi sadəcə akademik karyera addımı deyil, həm də Rusiya elmi, siyasi və ailəvi güc mexanizmlərinin necə bir-birinə keçdiyini göstərən simvolik hadisə kimi qiymətləndirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər