"Rəsmi pravoslavlıq və dövlət simfoniyası: dini kultdan siyasi alətə..."
Moskva və bütün Rusiyanın patriarxı Kirillin TASS agentliyinə verdiyi Milad müsahibəsi göstərir ki, rəsmi pravoslavlıq Rusiyada artıq dini kultdan çıxaraq siyasi təzyiq və dövlət təbliğatının alətinə çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşrində rusiyalı Konstantin Egert yazıb.
Düşüncəyə və qorxuya əsaslanan çağırış
Patriarx Kirillin TASS-in baş direktoru Andrey Kondraşova verdiyi müsahibədə əslində rejimə etiraz edənlərin həbsini dəstəkləməsi diqqət çəkir. O, bunu "Rusiya dövlətinin ruhani təhlükəsizliyi" anlayışına bağlayaraq, kilsə iyerarxiyasının standart ritorikasında təqdim edib:
"Elə anlayışlar var ki, dövlətin mövcudluğu və fəaliyyət qabiliyyəti ilə bağlıdır. Bu anlayışlar ətrafında ictimai konsensus olmalıdır. Kim bu konsensusdan kənara çıxarsa, ona qarşı "Vətənə xəyanətçi" kimi" hüquqi nəticələr tətbiq olunur", - patriarx bildirib.
Egert xatırladır ki, Stalin dövründə kleriklər xalqın atası üçün təriflər oxuyurdu, amma patriarx Sergey və ya Aleksey I kimi rəhbərlərin kimsəni həbs etməyi tələb etməsi ağlasığmaz idi. Kirill isə 2009-cu ildə taxta çıxandan sonra, kilsə təsisatını yalnız Kremlin xidmətçisi deyil, eyni zamanda dövlət təbliğatının fəal iştirakçısına çevirib.
Prokuror müsahibəsi təəssüratı
Patriarx Kirill 1946-cı ildə Leninqradda anadan olub, atası və babası da QULAQ-da həbsdə olub. Müsahibədə o, heç də onların 58-ci "Vətənə xəyanət" maddəsi üzrə cəzalandırıldıqlarını xatırlamır. Egert qeyd edir ki, paradoksal olaraq, məhz belə ailə tarixçəsi olan patriarx dövründə kilsə hüquqi təzyiqlərin tərəfdarı kimi çıxış edir.
1990-cı illərin əvvəllərində yeni cinayət məcəlləsi hazırlanarkən hakimiyyət nümayəndələri qürurla bildirirdilər ki, 58-ci maddə kimi siyasi maddələr artıq olmayacaq. Lakin patriarx "Vətənə xəyanətçilərə" hüquqi nəticələr tələb edir, sanki hələ 1951-ci və ya 1974-cü ildir. Əgər ekranı görməsən, yalnız müsahibəni dinləsən, sanki sual FTX direktoruna və ya baş prokurora verilir.
Putin ruhani rolunda
Vladimir Putinin Milad nitqi də az maraqlı olmayıb. O, dəqiq adı çəkilməyən "Moskva ətrafında Müqəddəs Qalib Georgi kilsəsi"ndə çıxış edib. Öz nitqində Putin sanki vaiz( xütbə söyləyən) kimi davranır: arxasını ikonostasaya, üzünü isə kilsə camaatına, əsasən isə formada olan insanlara tutub:
"Biz çox vaxt Rəbbimizi Xilaskar adlandırırıq, çünki O, bütün insanları xilas etmək üçün yer üzünə gəlib. Və Rusiyanın əsgərləri həmişə Rəbbin tapşırığı ilə Vətəni qorumaq və onun insanlarını xilas etmək missiyasını icra edir", - Putin bildirib.
Egert vurğulayır ki, xristianlıqda əsgər haqlı müdafiə müharibəsinə gedə bilər, amma bu zaman qan tökərək belə günah işlətmiş olur, çünki İsa Peyğənbər bütün insanlıq üçün qurban verilib. Publisist Mixail Krasulin "Facebook" səhifəsində istehza ilə qedir ki, patriarx və prezident rolları dəyişib: Putin indi kameralara vaizlik edə bilir, patriarx isə etiraz edənlər üçün məhkəmə və cəza tələb edir.
Bu "kilsə-dövlət simfoniyası" Stalin dövründə və sonrakı sovet rəhbərliyinin ağlına belə gəlməzdi. Rəsmi pravoslavlıq Rusiyada artıq (əgər hələ də çevrilməyibsə) ikonalarla silahlanmış hərbi ideologiyaya çevrilib.