O, sübut etdi ki, gücü idarə etmək bacarığı gücə malik olmaq qədər önəmlidir!
Ekskluziv
2489
09 Jan 2026 | 20:24

O, sübut etdi ki, gücü idarə etmək bacarığı gücə malik olmaq qədər önəmlidir!

İlham Əliyevdən misli-bərabəri olmayan hərbi mədəniyyət nümunəsi...

Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsində 44 günlük Vətən müharibəsi ilə bağlı bir-birindən maraqlı faktlara diqqət çəkib. Dövlət başçısı Vətən müharibəsinin başa çatdırılması ilə bağlı məqama toxunarkən qeyd edib ki, müharibəni Azərbaycan tərəfi öz milli maraqlarını, zəfəri təmin etdikdən sonra dayandırıb və aşkar hərbi üstünlyə malik olmasına baxmayaraq, hərbi əməliyyatı Ermənistan ərazisinə keçirməyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan məhz güclü olduğu üçün müharibəni dayandırıb. Çünki istənilən müharibəni zəif deyil, yalnız güclü tərəf dayandıra bilər:

“Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək”.

İlham Əliyevin bu müsahibəsi Müzəffər Ali Baş Komandanın dünya hərb mədəniyyətinə gətirdiyi mühm yeniliklərdən biri, bənzərsiz bir örnək və qiymətli bir nümunədir. Bu nümunə özlüyündə bütün dünyaya belə bir mesaj verir: “Gücü idarə etmək bacarığı gücə malik olmaq qədər önəmlidir”.

Həqiqətən də, gücü idarə etmək böyük uzaqgörənlik və iradə tələb edir. Heç kimə sirr deyil ki, bugünə qədər dünyanın bir sıra güclü, qüdrətli dövlətləri məhz gücün diarə edə bilmədiyi, vaxtında dayanmadığı üçün fəlakətə düçar olub, ağır məğlubiyyətlərlə üzləşib. Buna nümunə olaraq Hitler Almaniyasını göstərmək olar. Eyni vaxtda üç müxtəlif qitədə müharibə aparan Berlinin uğur eyforiyasından ayıla bilməməsi ona vaxtında dayanmağa imkan vermədi. Nəticədə, Almaniya nəinki əldə etdiyi uğurları qoruyub saxlaya bilmədi, öz torpaqlarının da bir hissəsindən məhrum oldu, alçaldıcı sülhə məcbur edildi.

Azərbaycan isə 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini uğurla idarə etməklə sadəcə gücə deyil, onu yönəltməyə də qadir olduğunu isbatladı. Azərbaycanın bu bacarığı hər iki tərəfdən, xüsusilə də müdafiə oluna bilməyən, silah-sursatını döyüş meydanında atıb qaçan Ermənistanı yeni və çoxsaylı qurbanlar verməkdən xilas etdi. Ali Baş Komandan bununla sübut etdi ki, Azərbaycanın məqsədi müharibə qurbanlarının sayını artırmaq yox, haqqı, ədaləti, beynəlxalq hüququ təmin etməkdir.

Ümid edək ki, Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi bu nümunə hazırda yaşanan və gələcəkdə baş verəcək müharibələrdə də tətbiq ediləcək, güclü tərəf bu gücdən qarşı tərəfi tamamilə məhv etmək üçün deyil, sadəcə hüququ və ədaləti bərqərar etmək üçün istifadə edəcək.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər