5 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bütün dünyada böyük marağa səbəb olub. Dövlət başçısı müsahibəsində Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi nəhəng əməkdaşlıq layihələri ilə yanaşı, 44 günlük Vətən müharibəsi və bu müharibənin Azərbaycan tərəfindən hansı məntiq və şəraitdə dayandırılmasına da diqqət çəkin.
Dövlət başçısı bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı işğaldakı torpaqlarını azad etməklə yanaşı, Ermənistanın cəzalandırılması istiqamətində də ciddi addımlar ata, onların şəhərlərini “Ağdamın vəziyyətinə” qoya bilərdi. Lakin Azərbaycan bu məsələdə beynəlxalq hüquq və humanizm prinsipinə əsaslanan qərar verdi və müharibəni Ermənistan ərazisinə keçirmədi:
“Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq”.
İlham Əliyevin məlum müsahibəsində diqqət çəkən məqamlardan biri də müharibənin dayandırılması ilə bağlıdır. Ölkə başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan 44 günlük müharibədə aşkar və şəriksiz üstünlüyə malik olsa da, bu üstünlükdən sui-istifadə etmədi. Dövlətimiz bu gücdən müharibəni dayandırmaq, bölgədə sülh üçün əlverişli zəmin formalaşdırmaq, insanların əzablarına son qoymaq üçün istifadə etdi:
“Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək”.
Prezidentin müsahibəsində “ruhlar şəhəri” kimi xarakterizə edilən Ağdamı xatırlatması, ermənilərin işğaldakı torpaqlarımızda yaratdığı cəhənnəmə diqqət çəkməsi erməni faşizminin xalqımıza qarşı amansızlığını, beynəlxalq hüquqa olan hörmətsizliyini, təbiətindəki vəhşiliyi bir kəs daha gözlər önünə sərmiş oldu.
Prezident müsahibəsində Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə görülən işləri də yada saldı ki, bu da xalqımızın nə qədər müdrik və qurucu olduğunu göstərir. Müharibədən sonra ötən 5 il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi və qayğısı altında işğaldan azad edilən torpaqlarda görülən işlər, yaradılan cənnət hər xalqın öz ruhuna və təbiətinə uyğun şəkildə davrandığını, dünya sivilizasiyasına da məhz bu şəkildə töhfə verdiyini göstərir.
Bəli, bu gün işğaldan azad edilən ərazilərdə görülən işlər bütün dünyada böyük heyranlıqla qarşılanmaqda, təqdir edilməkdədir. Heç kim şübhə etmir ki, yaxın gələcəkdə bu torpaqlarda yaradılan cənnət öz gözəlliyini daha da artıracaq, bütün region üçün həm iqtisadi, həm də turizm baxımından mühüm mərkəz rolunu oynayacaq.
Seymur ƏLİYEV