Prezident İlham Əliyev bugünlərdə yerli telekanallara müsahibəsində türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsinin önəmini bir daha qeyd etdi, Türk Dövlətləri Təşkilatının Qəbələ sammitindəki təkliflərini təkrarladı.
Maraqlıdır, türk dövlətləri arasında hərbi əməkdaşlığın güclənməsi ümumilikdə türk dünyasının təhlükəsizliyinin daha etibarlı şəkildə təmininə şərait yarada bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimaiyyəti maraqlandıran taleyüklü suallara aydınlıq gətirdi. Onların arasında, xüsusilə diqqət çəkən və bilavasitə milli təhlükəsizliyimizlə bağlı məsələlərdən biri, Türk Dövlətləri arasında hərbi əməkdaşlıq durur.
Müasir dünyada gedən proseslər, haqqın, ədalətin yox, gücün, ikili standartların üstünlük təşkil etdiyi qlobal çağırışlar, milli dövlətlərdən öz təhlükəsizlik kəmərinin qurulmasını tələb edir. 44 günlük müharibə ərəfəsində, cənab Prezidentin formalaşdırdığı Türkiyə və Pakistandan ibarət üçlük, Azərbaycana yönəlik qlobal güclərin neytrallaşdırılmasında əhəmiyyətli rol oynadı.
Yeni dünya nizamı qurulmaqdadır. Hadisələr ildırım sürəti ilə dəyişir. Yüz illərlə tarixi olan, oturuşmuş böyük dövlətlər belə anidən suverenliyini, müstəqilliyini itirir. İqtisadiyyatlar çökür. Dövlət başçılarının ən müqəddəs, əsas vəzifəsi ölkələrinin ərazi bütövlüyünün, təhlükəsizliyinin, suverenliyinin toxunulmazlığını təmin etməkdir. Bu da faktdır ki, ayrı-ayrılıqda bütün bu vəzifələrin öhdəsindən gəlmək olduqca çətin məsələdir. Çünki on illiklər ərzində milli, dini, tarixi, mədəni, coğrafi dəyərlər, iqtisadi və siyasi maraqlar üzərində formalaşmış bir sistem mövcuddur. Kiçikdən böyüyə bütün dövlətlər bir-birilə, bu və ya digər formada bağlıdırlar. Bu baxımdan, Türk Dövlətləri arasında hərbi əməkdaşlıq, zamanın tələbidir.

Türk Dünyası AvroAsiya coğrafiyasında böyük bir ərazini əhatə edir. Geniş təbii resurslara, insan kapitalına, nəqliyyat-kommunikasiya, logistik imkanlara malikdir. Təsadüfi deyil ki, son zamanlar Avropa İttifaqı+Mərkəzi Asiya, ABŞ+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya formatlarında sammitlər keçirilir.
Mərkəzi Asiyanın Avropaya çıxış əldə etməsində, Cənubi Qafqaz və Türkiyə ilə müntəzəm əlaqələrinin yaranmasında Azərbaycanın əhəmiyyəti danılmazdır. Türk Dövlətləri arasında hərbi əməkdaşlığın zəruriliyini şərtləndirən digər bir məsələ, bizim ortaq tariximizdir. Daha doğrusu, tariximizin acı nəticələridir. Türk milləti dövlətlər, imperiyalar qurmağı bacaran toplum kimi tarixə düşmüşdür. Təkcə Osmanlılar altı yüz ildən artıq dünyanın yarısını idarə etmişlər. Əfsuslar olsun ki, Teymurləngdən, Toxtamışdan tutmuş, Səfəvilər, Əfşarlar, Qacarlar və s. bir çox türk imperatorları öz aralarında müharibələr aparmış, bir-birlərini zəiflətmişlər. Düşmənlər də, təbii olaraq, süni şəkildə araya salınmış nifaqdan öz məqsədləri üçün istifadə etmişlər. Nəticədə, parçalanmış, bütün sərvətləri istismar olunmuş və dövlətçilikləri əlindən alınmışdır.
Türk milləti döyüşkəndir, mərddir, çalışqandır, istedadlıdır, ədalətlidir. Türk millətini yalnız parçalamaqla, aralarına düşmənçilik toxumları səpməklə məğlub etmək mümkündür. Düşmənlər bunu gözəl başa düşür. Ona görə də, hər birimizin tarixi həqiqətlərdən düzgün nəticə çıxarmağımız, yeganə çıxış yoludur.
Olduqca xoş haldır ki, müasir Türk Dövlətlərinin liderlərinin arasında dostluq, qardaşlıq, həmrəylik, qlobal çağırışlara vahid baxışlar var. Əfsuslar olsun ki, Sovetlər İttifaqı dağılandan sonra yaranmış, Türkdilli dövlətlərin əməkdaşlığı daha çox formal xarakter daşıyırdı. Əsasən humanitar layihələrə üstünlük verirdi. Ölkələr arasında qarşılıqlı etimad mühiti aşağı səviyyədə idi. Ancaq 44 günlük müharibə, Azərbaycanın yaratdığı reallıqlar, işğal altında olan torpaqlarını azad edilməsi, dünya erməniliyinə və onlara himayədarlıq edən geosiyasi güclərə qalib gəlməsi, şəxsən cənab Prezidentin böyük dövlətlərə qarşı dik duruşu, qardaş ölkələrin rəhbərlərində özünə inam hissini artırdı.
Artıq Türk Dövlətləri arasında gündəlik dəyişib. Siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, hərbi, hərbi-texniki, təhlükəsizlik sahələrində də əməkdaşlıq aparılır. Birgə döyüş təlimləri keçirilir. Hesab edirəm ki, Türk Dövlətləri, öz aralarında əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməlidirlər.Beynəlxalq Təşklilat olaraq, subyektivliklərini artırmalıdırlar. Beynəlxalq münasibətlər sistemində, ən azından Türk coğrafiyasında gündəliyi formalaşdıran, istisnasız olaraq, hər kəsin hesablaşmalı olduğu gücə çevrilməlidirlər. Bundan ötrü hər cür imkan və potensial var. Aramızda olan tarixi, dini, coğrafi və yaxud digər parçalayıcı elementləri unutmalı, birləşdirici amilləri qabartmalı, təbliğ etməliyik. Əks halda, tarix təkrarlana bilər”.
Seymur ƏLİYEV