DİQQƏT! Bu qidaların istifadəsi hormonları, qaraciyəri və böyrəkləri sıradan çıxara bilər
Ekskluziv
7077
08 Jan 2026 | 13:07

DİQQƏT! Bu qidaların istifadəsi hormonları, qaraciyəri və böyrəkləri sıradan çıxara bilər

Son dövrlər qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar xüsusilə ət və quş əti məhsulları ətrafında daha da aktuallaşıb. Bazarlarda və satış nöqtələrində “kənd toyuğu” adı ilə təqdim olunan məhsulların artması istehlakçılarda həm maraq, həm də ciddi suallar doğurur. Görünüşcə cazibədar, rəngi ilə diqqət çəkən bu məhsulların həqiqətən təbii olub-olmaması, hansı şəraitdə istehsal və satışa çıxarılması, eləcə də insan sağlamlığına mümkün təsirləri cəmiyyət üçün mühüm mövzulardandır. Məhz bu məqamda məsuliyyətli seçim, məlumatlı yanaşma və mütəxəssis rəyi xüsusi əhəmiyyət daşıyır.
 
Mövzu ilə bağlı Moderator.az suallarını Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovaya ünvanlayıb. 
 
Qida mütəxəssisi “kənd toyuğu” adı ilə satılan, lakin süni üsullarla rənglənmiş məhsulların təhlükələri, bu məhsulların necə tanınması və istehlakçıların hansı risklərdən qorunmalı olduqları barədə ətraflı açıqlama verib.
 
Məhsəti Hüseynova bildirir ki, ət və ət məhsulları, xüsusilə də quş əti yüksək risk qrupuna daxil olan qidalardandır. Bu məhsulların təhlükəsizliyi birbaşa olaraq onların haradan alınması, hansı şəraitdə saxlanılması, daşınması və satışa çıxarılması ilə bağlıdır:
 
"Quş əti məhsulları mütləq şəkildə soyuq qida zənciri qorunmaqla daşınmalı, temperatur rejiminə əməl olunmalı və yalnız dövlət qeydiyyatından keçmiş, baytar nəzarətindən keçən müəssisələrin məhsulları olmalıdır.
 
Nəzarətsiz, mənşəyi məlum olmayan məhsullar ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə “kənd toyuğu” adı altında satılan bəzi məhsullarda süni rəngləmə halları müşahidə olunur. Bir çox istehlakçı bunu sadəcə estetik məsələ kimi qəbul etsə də, əslində istifadə olunan boyaların böyük hissəsi kimyəvi və sintetik mənşəlidir, qida üçün yararlı deyil".
 
Mütəxəssis bildirir ki, bu məqsədlə tez-tez istifadə edilən maddələrdən biri tartrazin (E102) adlı sintetik qida boyasıdır. Bu maddə güclü allergik reaksiyalara, dəridə səpkilərə səbəb ola bilər:
"Xüsusilə astma, bronxial problemləri olan şəxslərdə vəziyyəti daha da ağırlaşdıra, tənəffüs yollarında ciddi fəsadlara yol aça bilər. Davamlı şəkildə bu cür məhsulların qəbulu isə hormonal balansın pozulmasına, qaraciyər və böyrək funksiyalarının zəifləməsinə gətirib çıxara bilər.
 
Xüsusi olaraq qeyd edim ki, inkişaf dövründə olan uşaqlar və gənclər üçün bu cür məhsullar daha təhlükəlidir. 0–20 yaş arası şəxslərdə süni boyalar hiperaktivliyə, toksik təsirlərə, sinir sistemi pozuntularına səbəb ola bilər. 
 
Buna görə də uşaqlar, azyaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan insanlar qida seçərkən daha diqqətli olmalı, yalnız keyfiyyətli və mənşəyi bəlli məhsullara üstünlük verməlidirlər".
 
Həmsöhbətimiz istehlakçıların təbii kənd toyuğu ilə süni rənglənmiş toyuğu necə ayırd edə bilərlər sualına isə, belə münasibət bildirib:
"İlk növbədə görünüş və rəngə diqqət yetirmək lazımdır. Təbii kənd toyuğunun dərisi adətən sarımtıl-ağ rəngdə olur, bəzən açıq çəhrayı çalara malik ola bilər. Lakin dərinin qeyri-adi dərəcədə parlaq, süni və bərabər sarı rəngdə olması şübhə doğurmalıdır. Əgər toyuğun boğazı, ayaqları və digər hissələri də eyni dərəcədə sapsarıdırsa, bu, çox vaxt süni boyalardan istifadə edildiyini göstərir.
 
Digər mühüm məqam qoxudur. Təbii məhsulun özünəməxsus, neytral qoxusu olur. Əgər kəskin, spesifik və ya kimyəvi maddəni xatırladan qoxu hiss edilirsə, bu, məhsulun rəngləndirildiyindən və ya kimyəvi maddələrlə təmasda olduğundan xəbər verə bilər".
 
Məhsəti Hüseynova etiket məlumatlarının da xüsusi əhəmiyyət daşıdığını qeyd edir:
 
"Məhsulun üzərində mütləq şəkildə mənşə ölkəsi, istehsal və kəsim tarixi, istifadə olunmuş hər hansı əlavə maddə açıq şəkildə göstərilməlidir. Saxlanma şəraiti, temperatur rejimi və son istifadə müddəti qeyd olunmalı, istehsalçı şirkətin adı, ünvanı və əlaqə məlumatları yer almalıdır. Bundan əlavə, baytarlıq nəzarətindən keçməsinə dair məlumat və keyfiyyət sertifikatlarının mövcudluğu istehlakçı üçün əsas göstəricilərdən biridir.
 
Sadalanan bu tələblərin hər hansı biri yoxdursa, məhsul artıq şübhəli hesab edilməlidir və belə qidalardan istifadə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
 
İstehlakçılar əsasən məlumatlı olmalı və ucuz qiymətə, cazibədar görünüşə aldanmamalıdır".
 
Pərvin Şakirqızı
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər