Azərbaycan son illər bir sıra ölkələrlə yanaşı, Çinlə də əməkdaşlığı genişləndirməkdə, münasibətləri yeni müstəviyə yüksəltməkdədir.
Maraqlıdır, Çin kimi qlobal bir güclə əməkdaşlıq Azərbaycanın iqtisadi həyatı ilə yanaşı, həm də hərbi təhlükəsizliyinin, müdafiə qabiliyyətinin artırılmasına nə vəd edir?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Çinlə əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Azərbaycan dövlətinin siyasi prioritetləri bütün böyük dövlətlərlə əməkdaşlıq etmək, strateji münasibətlər yaratmaqdır. Müxtəluf qütbləri təmsil edən ölkələrin hər biri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və iqtisadi inkişafa əsaslanan bu siyasətin nəticəsidir ki, Azərbaycan bu qütblərin arasında uğurla manevr edə bilir. Onlar arasında ciddi ideoloji və siyasi ayrılıqlar olmasına baxmayaraq, bütün qütblərə eyni məsafədə dayanaraq bu siyasəti uğurla davam etdirir. Çin də bu ölkələr arasında ən əsas strateji tərəfdaş kimi çıxış edir.

Çinlə əməkdaşlıq Azərbaycanın iqtisadi sahədə güclənməsi deməkdirsə, son illərdə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi həm hərbi, həm də təhlükəsizlik sahəsində Azərbaycanın güclənməsi anlamına gəlir. Qlobal güclər arasında uğurlu yer tutmaq, yəni onlar arasında qızıl ortanı tapmaq hər dövlətə nəsib olmayan xüsusiyyətdir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib. Hansısa qütblə əməkdaşlıq qarşı qütb tərəfindən Azərbaycanın timsalında qısqanclıqla qarşılanmır. Çin dünyanın ən güclü ölkəsi kimi Azərbaycanın inkişafında maraqlıdır. Bu, Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat dəhlizlərinin keçdiyi unikal coğrafiyasının stabillik baxımından verdiyi inamın nəticəsidir.
Hesab edirəm ki, Çin və Azərbaycan dövlətlərinin əsas maraq dairəsinin ortaqlığı və qarşılıqlı əməkdaşlıq istəyi hər iki ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu amil də iki ölkənin əməkdaşlığını daha da irəli aparması reallığını yaradır”.
Seymur ƏLİYEV