“Venesuelanın ələ keçirilməsi Tramp hakimiyyətinin Amerika qitəsini özününküləşdirmə istiqamətində atdığı ilk addımdır...”
“Sözsüz ki, ABŞ açıq şəkildə öz arxa bağçası hesab etdiyi bu zəngin ölkəni 16 min km uzaqlarda yerləşən Çinin və ya Rusiyanın ixtiyarına buraxa bilməzdi...”
ABŞ-ın ölkə prezidenti və xanımının oğurlanaraq Nyu-Yorka gətirilərək məhkəmə qarşısına çıxarılmasıyla nəticələnmiş Venesuala əməliyyatına necə dəyər verərdiniz? Bəlkə Putinin başını Ukraynada qatan Tramp narkotrafiki-filanı bəhanə edib əslində Amerikaya yaxın ərazilərdə Rusiya və Çinin təsir güclərini neytrallaşdırmaqla məşğuldur? Ən azı, son illər Rusiyanın Venesuela rejimini HHM sistemləri, qırıcı təyyarələrlə və s. təmin etdiyi, eyni zamanda orada Ukrayna savaşı üçün dron istehsalıyla məşğul olduğu bildirilir. Həmçinin ortada neft amili də var. Bundan sonra növbədə Moskvanın təsirinin daha güclü olduğu Kubanın da adı çəkilir...
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Venesuela əməliyyatının bir neçə vacib səbəbi var:
“Əvvəla, ABŞ əməliyyatla bütün rəqiblərini üstün gücünü nümayiş etdirdi, Vaşinqtonun üzünə ağ olan hökumətləri bir neçə saat ərzində və heç bir itki vermədən devirə biləcəyini göstərdi.
İkincisi, dünyanın ən böyük neft ehtiyatına malik olan ölkəsini nəzarət altına alaraq, həm də Çinin enerji təhlükəsizliyi üzərində söz haqqı qazandı. Məlumdur ki, Venesuela 300 milyard bareldən çox ehtiyatı ilə dünyanın ən böyük xam neft ölkəsidir. Bu göstərici qlobal neft ehtiyatının hardasa 20 faizini təşkil edir. Təbii ki, bu sərvətə yiyələnmək ABŞ-a dünya sənayesini idarə etmək şansı qazandıracaq. Venesuela neftinin ən böyük alıcısının Çin olduğunu nəzərə alsaq, ABŞ-ın bu ölkə üzərində hegemonluğu ələ almasının ən çox Pekini narahat etdiyi şübhəsizdir.
Maraqlıdır ki, ABŞ-ın Venesuela əməliyyatının əsas səbəbinin bu ölkənin təbii sərvətlərinə yiyələnmək olduğunu nə Vaşinqton, nə də Karakas rəsmiləri gizlədir. Əməliyyatdan az sonra rəsmi bəyanat yayan Venesuela hökuməti bildirmişdi ki, “bu hücumun əsl məqsədi Venesuelanın strateji ehtiyatlarını, xüsusilə neft və minerallarını ələ keçirməklə onun siyasi müstəqilliyinə son vermədir”. Prinsipcə, ABŞ prezidenti Donald Tramp da əməliyyatın məqsədlərinə aydınlıq gətirərkən bunları söyləmişdi: “Onlar bizim enerji haqlarımızı əlimizdən aldılar. Biz onu geri istəyirik". Trampın “enerji haqlarımızı əlimizdən aldılar” deyərkən nəzərdə tutduğu hadisə 2007-ci ildə Venesuelanın həyata keçirdiyi milliləşmə siyasətidir. Həmin siyasət nəticəsində Venesuelanın neft ehtiyatının milli sərvət olduğu vurğulanmış və bu ölkədə neft çıxaran xarici şirkətlərin hasilatın ən azı 60%-lik hissəsini milli şirkətlərin ixtiyarına verməsi nəzərdə tutulurdu. Karakasın bu siyasətinə ən çox qarşı çıxan isə “Standart Oil”a bağlı “Oxxon-Mobil” olmuşdu. “Standart Oil”in Rokfeller ailəsinə aid olduğunu və Respublikaçılar partiyasının adətən bu ailənin maraqlarından çıxış etdiyini xatırladaraq bir daha vurğulamaq istərdim ki, ABŞ-da son zamanlar baş verən bütün hadisələrin kökündə Rokfeller-Rotşild hesablaşması dayanır. Onu da diqqətdən qaçırmamalıyıq ki, Venesuela 1970-ci ilin ortalarında ABŞ-ın vitse-prezidenti kimi mühüm vəzifə daşıyan Nelson Rokfellerin ən çox üzərində dayandığı ölkələrdən biri idi. Hələ hakimiyyətə gəlməmişdən əvvəl Nelson Rokfeller Venesuelada təkcə neft çıxarmaqla məşğul olmur, həm də bu ölkədə kənd təsərrüfatının inkişafında da misilsiz rol oynamağa çalışırdı. Üstəlik, Venesuelada kənd təsərrüfatının inkişafına yatırdığı investisiyanın sırf xeyriyyə məqsədi daşıdığını, yəni ondan pul qazanmadığını, sırf “bu ölkənin insanları şad-xürrəm yaşasınlar deyə fədakarlıq etdiyini” bildirirdi. Məhz bu siyasətinə görə, Venesuelanı Rokfeller ailəsinin “ikinci vətəni” hesab edənlər də vardı. Ümumiyyətlə, bəzi müşahidəçilər Venesuelanın ABŞ sərmayəsi tərəfindən dövlətləşdiyini belə vurğulayırlar. Görünür, Tramp da bu tezisləri nəzərə alıb Venesuelanı ABŞ-ın xüsusi mülkiyyəti kimi görür və həmin ölkəyə öz oğurlanmış malı kimi davranır...
Venesuelanın digər təbii sərvətləri də əslində onun sahib olduğu neftdən daha az dəyərli deyil. Bu ölkə dünyanın altıncı ən böyük təbii qaz ehtiyatlarına, Latın Amerikasının ən böyük qızıl yataqlarına, ciddi dəmir filizi, boksit və almaz ehtiyatlarına malikdir. Rəsmi statistik məlumata görə, Venesuelanın Orinoko bölgəsində 8000 tondan çox qızıl öz istismarçısını gözləyir və bu ehtiyat ölkəni dünyanın ən böyük qızıl yataqlarından birinə çevir. Venesuela 2007-ci ildə həyata keçirilən milliləşmə siyasətindən əvvəl alüminium və polad istehsalçısı kimi də tanınırdı.
O, xüsusilə müasir çağımızın əsas enerji mənbəyi sayılan nadir torpaq elementləri ilə də zəngindir. Venesueladan zəngin koltan və torium yaraqları var və bu maddələr cib telefonlarından tutmuş elektrik avtomobillərinə, müdafiə sənayesi və bərpa olunan enerji texnologiyalarına qədər bir çox sahədə istifadə edilir. Sözsüz ki, ABŞ açıq şəkildə öz arxa bağçası hesab etdiyi bu zəngin ölkəni 16 min km uzaqlarda yerləşən Çinin və ya Rusiyanın ixtiyarına buraxa bilməzdi”.
Heydər Oğuzun fikrincə, Venesuelanın ələ keçirilməsi Tramp hakimiyyətinin Amerika qitəsini özününküləşdirmə istiqamətində atdığı ilk addımdır:
“Bundan sonra yəqin ki, Kuba, Çili, Boliviya, Argentina, Panama, Qrenlandiya adası və Kanada kimi ölkələr onun əsas hədəfinə çevriləcək. Bu ölkələrdən xüsusilə Çili, Boliviya və Argentina dünyanın ən zəngin litium yataqlarına malik üçlüsüdür. Məlumata görə, dünyanın litium ehtiyatının 50-60 faizi bu 3 ölkədə yerləşir. Braziliya, Kanada, Qrenlandiya da nadir torpaq elementləri ilə zəngindir. Panama ABŞ-a Cənubi və Şimali Amerika arasında tranzit yollarının qısaldılması, Kuba isə özgələrin Amerika sahillərindən uzaq tutulması üçün lazımdır.
Bununla belə, ABŞ təkcə öz “arxa bağçasına” tam nəzarət etməklə kifayətlənmək istəmir. O, dünyanın digər nöqtələrində də xüsusi strateji əhəmiyyət daşıyan bölgələri də əldən çıxarmaq istəmir. Özəlliklə də Çinin zəiflədilməsi və inkişafının qarşısının alınması üçün bəzi bölgələri ya öz strateji tərəfdaşlarının nəzarətinə vermək, ya da oraları uzun illər toparlana bilməyəcəkləri qədər çökdürmək istəyir. İran da belə ölkələrdən biridir. Çinə yaxın məsafədə olan İranın təbii sərvətləri Pekini böyük güc mərkəzinə çevirə bilər. Bu isə gələcəkdə ABŞ-Çin rəqabətində ikincinin xeyrinə nəticələnər. Odur ki, İranı ya iqtisadi sanksiyalarla, ya da birbaşa hərbi müdaxilələrlə çökdürməyə çalışan ABŞ son zamanlar onu da hədəfə alıb. Amma İranın bəzi mühüm islahatlar həyata keçirərək ABŞ-ın hədəfindən yayınmaq şansı da yox deyil. Bunun üçün isə tədricən hakimiyyəti teokratik qüvvələrdən arındırmalı, sekulyar qüvvələrə verməli və Çinin himayəsindən uzaqlaşmalıdır. İran qarşısına qoyulan bu şərtləri yerinə yetirə biləcəkmi? Fikrimcə, İranın taleyini bu suala veriləcək cavab müəyyənləşdirəcək. ABŞ-ın digər hədəfi Rusiya və Avropanı isə daha ağır sınaqlar gözləyir. Onlar Ukrayna və Şərqi Avropanın digər ölkələrində, böyük ehtimalla, Baltikyanı və Balkanlarda qarşı-qarşıya gətirilərək döyüşdürüləcək, tamamilə gücdən düşmüş hala salınacaqlar. Çin isə Sakit okeanda yerləşən ada ölkələri və Hindistanla kəllə-kəlləyə gətiriləcək. Qısası, 2026-cı ildən başlayaraq, dünya yenidən çalxalanıb yeni dünya düzəninə hazırlanacaq”.
Təqdim etdi:
Sultan Laçın