İranda 2025-ci ilin sonlarında başlayan genişmiqyaslı hökumət əleyhinə etirazlar davam edir. Etirazlar Tehranda iqtisadi vəziyyətdən və milli valyutanın ABŞ dollarına nisbətən dəyərdən düşməsindən narazı olan iş adamları arasında başlayıb. 2025-ci ildə İran rialı dollara nisbətən dəyərinin demək olar ki, yarısını itirib və dekabr ayında inflyasiya 42,5%-ə çatıb. Dekabrın 30-da universitet tələbələri etirazlara qoşuldular və nümayişlər digər şəhərlərə də yayıldı. İştirakçılar İranın dini rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.
Beynəlxalq medianın məlumatına görə, bu etirazlar əxlaq polisi tərəfindən hicabı uyğunsuz geyinməkdə ittiham olunan gənc qadın Məhsa Əmininin ölümü ilə başlayan 2022-ci il iğtişaşlarından bəri ən böyük etirazlardır.
"Associated Press"-in məlumatına görə, 1 yanvar 2026-cı il tarixinə qədər İranın dörd fərqli şəhərində ən azı yeddi nəfərin öldüyü məlumdur. Ümumilikdə etirazlar onlarla şəhərə yayılıb.
ABŞ prezidenti Donald Tramp da öz növbəsində İran hakimiyyətinin həmin ölkədəki etirazları yatırmaq cəhdlərinə cavab verib.
"Əgər İran dinc etirazçılara atəş açsa və onları adi qaydada etdiyi kimi vəhşicəsinə qətlə yetirsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz hərəkətə keçməyə tam hazırıq", - Tramp sosial media hesabı olan "Truth Social"-da yazıb.
S.Laçın